"Zəngəzur dəhlizinin açılması mütləqdir" - AÇIQLAMA

11:59 - 28 Aprel 2025

\"Zəngəzur dəhlizinin açılması mütləqdir\" - AÇIQLAMA

"Qarabağ məsələləri başlayanda əsas qarşıya qoyulan məqsəd Türk dövlətləri arasında quru sərhədinin olmaması idi. Bu məqsədə müxtəlif yollarla nail olundu və bu gün Azərbaycanda Naxçıvana getmək üçün ya Türkiyə ərazisindən, ya da İran ərazisindən keçmək lazımdır. Buna görə də biz bu məsələnin həllində bir mənalı şəkildə çalışırıq və 44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanata əsasən, bu məsələ öz həllini tapmalı idi".


Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev  deyib. 

O bildirib ki, ermənilər, onların havadarları və hətta İran da çalışırdılar ki, Zəngəzur dəhlizi açılmasın:

"Çünki, dediyim kimi, üçüncü bir dövlətin ərazisi vasitəsilə, xüsusən də İranın ərazisi ilə Naxçıvana keçmək məsələsi baş verirdi. Bu səbəbdən, baxmayaraq ki, bu gün Naxçıvana İran ərazisindən gediş-gəliş mövcuddur, bu yenə də üçüncü bir dövlətin ərazisidir.

Buna görə də düşünürəm ki, Zəngəzur dəhlizinin açılması mütləqdir və vacibdir. İranın prezidenti Pezeşkiyanın verdiyi açıqlamada qeyd etdiyi kimi, əgər üçüncü bir dövlətin ərazi bütövlüyünə hər hansı bir problem yaranmırsa, bu məsələni problem kimi görmək olmaz. Təbii ki, bu, heç bir problem yaratmaz. Bu dəhliz əvvəllər də mövcud olub və dəmir yolu da işləyirdi, buna görə də hər hansı ciddi maneə yoxdur".

Arzu Nağıyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması yalnız Ermənistanın və ya digər tərəflərin istəyi ilə deyil, beynəlxalq məsələdir:

"Çindən Avropaya gələn yüklərin və digər dövlətlərdən belə bir yolun işləməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizin açılması Avropadan Çinə və Çindən Avropaya daşımaların həyata keçirilməsi üçün vacibdir. Bu, mütləq şəkildə açılmalıdır.

Ermənilər əvvəllər Zəngəzur dəhlizini qorunması məsələsini gündəmə gətirirdilər. Lakin bu gün artıq belə ciddi bir problem mövcud deyil. Çünki belə bir nümunə mövcuddur. Məsələn, Rusiyanın Kaliningrad vilayətinə getmək üçün həm Avropa İttifaqı ərazisindən, həm də Belarusiya ərazisindən yollar mövcuddur. Burada da heç bir ciddi problem yoxdur. Həm dəmir yolu, həm də avtomobil yolu işləyir. Buna görə də Zəngəzur dəhlizinin qarşısını ala biləcək heç bir maneə yoxdur. Sadəcə olaraq, bütün prosedurlara riayət etmək və bu yolun bərpasını həyata keçirmək mütləq şəkildə lazımdır".


Seyranə Quliyeva 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv