"9 illik fasilədən sonra Avropa İttifaqının nümayəndəsinin məhz Azərbaycana səfəri çox müsbət bir hadisə kimi qiymətləndirilməlidir. Çünki uzun müddət idi ki, Avropa İttifaqının ali nümayəndəsi Bakıya səfər etmirdi. Lakin bu gün artıq Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti, xanım Kaya Kallasın Azərbaycana səfəri çox mühüm bir hadisə olaraq qiymətləndirilir və gələcəkdəki perspektivlərə işarə edir".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Avropa Komissiyasının vitse-prezidenti, xanım Kaya Kallasın Azərbaycana səfərini şərh edərkən deyib.
O bildirib ki, Cənab İlham Əliyev tərəfindən Kaya Kallasın qəbul edilməsi də xüsusi əhəmiyyət kəsb edən bir mesajdır:
"Burada Kaya Kallasın özünün də qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycanla münasibətlərinin gələcək inkişafını müsbət qiymətləndirir.
Bir digər mühüm məqam isə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün böyük əhəmiyyət daşımasıdır. Bu əməkdaşlıq, eyni zamanda, nəqliyyat və logistika məsələləri ilə də sıx bağlıdır. Azərbaycanın geosiyasi mövqeyi, bu əlaqələrin Avropa üçün geniş perspektivlər açmasına səbəb olur. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi və Avropanın qazla təmin edilməsi məsələsi bir daha göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün həm ümidverici, həm də etibarlı tərəfdaşdır. Bu gün Azərbaycanın Avropanın 10 dövlətinə qaz göndərməsi, onlardan 8-nin Avropa İttifaqının üzvü olması, çox mühüm bir addımdır və gələcəkdə bu coğrafiyanın daha da genişlənməsi ehtimalı yüksəkdir.
Bundan əlavə, Azərbaycan bir sıra Mərkəzi Asiya və Transxəzər dövlətləri ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirir, Transxəzər Dəhlizinin yenidən gündəmə gəlməsi, həmçinin Gürcüstan, Macarıstan, Rumıniya və Bolqarıstanın bu təşəbbüslərə qoşulması da çox vacibdir. Regionda, xüsusilə Qafqazda stabilliyin qorunması və sülhün bərqərar olması məsələsi də diqqət mərkəzindədir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün atılan addımlar və razılaşdırılan müddəalar Avropa İttifaqı və Kaya Kalas tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan bu istiqamətdə ciddi işlər görməkdədir".
Arzu Nağıyev qeyd edib ki, 2024-cü ilin yekunlarına görə, Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dollarına çatacaq ki, bu da enerji sahəsindəki əməkdaşlığın ən mühüm istiqamət olduğunu göstərir.
"Bölgədəki digər məsələlər, o cümlədən Ermənistanın Konstitusiyasında yer alan müddəalar və Ermənistanın silahlandırılması, həmçinin Avropa İttifaqının regiona göndərdiyi vizual keşfiyyatçılar kimi məsələlər də müzakirə mövzusu olub. Bu addımlar dünya mediası tərəfindən müsbət qarşılanır.
Bununla belə, Avropa Parlamentinin bəzi ermənipərəst deputatları və Yunanistan da daxil olmaqla bəzi ölkələrin nümayəndələri bu görüşü başqa cür şərh etməyə çalışsalar da, onların cəhdləri uğursuz oldu. Kaya Kallas, cənab Prezident İlham Əliyev və Xarici İşlər Naziri Ceyhun Bayramov ilə görüşdü və mətbuat üçün verilən açıqlamalarda bir daha Avropa İttifaqının Azərbaycana olan müsbət münasibətini vurğuladı".
Seyranə Quliyeva