Son aylarda dünyada qızılın qiyməti əhəmiyyətli dərəcədə artıb və bu artım qlobal bazarlarda geniş müzakirə olunub. Azərbaycanın daxili bazarında da bu artım özünü göstərib və nəticədə alıcılıq qabiliyyətində ciddi azalma müşahidə olunmaqdadır. Zərgərlər isə qiymət artımının işlərinə təsir etdiyini və bu vəziyyətin onlar üçün ciddi çətinliklər yaratdığını bildirirlər.
Mövzu ilə bağlı Manset.az-a danışan zərgər Fərxan Şirinov bildirib ki, son 1 ayda qızılın qiymətinin artması alıcı sayını nəzərəçarpacaq dərəcədə azaldıb:
“Demək olar ki, son 1 ayda alıcı sayı 60-70% azalıb. Bu, həm zərgərlərin, həm də satıcıların işinə təsir edir. Toy sezonu yaxınlaşır və bu zaman alıcılıq qabiliyyətinin artacağına ümid edirik. Çünki toyu olacaq cütlüklər məcbur olaraq qızıl alacaqlar.”
Bəs, qızılın qiymətinin yaxın vaxtlarda daha da artması ehtimalı varmı?
İqtisadçı ekspert Natiq Cəfərli bu barədə fikirlərini bölüşüb və bildirib ki, qızılın qiymətinin bahalaşmasının əsas səbəbi qlobal iqtisadi vəziyyətin qeyri-müəyyənliyidir:
“Hazırda dünya miqyasında tarif müharibələri və iqtisadi daralma təhlükələri mövcuddur. Belə şəraitdə investorlar qızılı etibarlı bir liman kimi görür və ona üz tuturlar. Bu dövrdə qızıla maraq artdığı üçün qiymətlərin sürətlə yüksəlməsi qaçılmazdır. Qızılın qiyməti bir müddət daha artmağa davam edə bilər.”
Eyni zamanda, ekspert qeyd edib ki, qızıl qiymətindəki dalğalanmalar təbii bir haldır və bu, dünya iqtisadiyyatı tarixində dəfələrlə müşahidə olunub:
“Qiymətlər yüksəldikdən sonra müəyyən geri çəkilmələr də baş verə bilər. Əgər dünya iqtisadiyyatı müəyyən bir normallaşma mərhələsinə daxil olsa, tarif müharibələri sona çatsa və investorların risk iştahı artsa, onlar daha çox qiymətli kağızlara və real sektora investisiya yönəldəcəklər. Bu halda qızılın qiyməti ucuzlaşa bilər. Lakin yaxın 1-2 ay ərzində qızılın qiymətlərində yenidən artım müşahidə oluna bilər”.
Seyranə Quliyeva