Paytaxtda nəqliyyat sıxlığını azaltmaq və tıxacların qarşısını almaq məqsədilə alternativ avtomobil yollarının inşası davam edir. Hazırda Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metrostansiyasınadək uzanan avtomobil yolunun tikintisi sürətlə aparılır. Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel şəkildə layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunur.
Bu yolun inşasının nə zaman tamamlanacağı isə sakinləri maraqlandıran əsas suallardan biridir.
Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti işləri “2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq aparılır:
“Yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olacaq. Yolun ümumi uzunluğu 3,9 kilometr təşkil edir. Bundan əlavə, 2,6 kilometr uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir”.
Onun sözlərinə görə, layihəyə 3 yeraltı piyada keçidi və müxtəlif istiqamətlərdə bir neçə tunelin inşası da daxildir.
Tikinti işləri səbəbindən sözügedən ərazidə nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranır və bu da bəzən tıxaclara səbəb olur. AAYDA sürücülərə əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi və tikinti zonalarında yerləşdirilən müvəqqəti yol nişanlarına əməl etməyi tövsiyə edir.
“Layihənin 2026-cı il ərzində tamamlanması nəzərdə tutulur” – deyə qurumun rəsmisi əlavə edib.
Seyranə Quliyeva