İlham Əliyevin Çin səfəri - Strateji tərəfdaşlıq yeni mərhələyə keçir

15:10 - 23 Aprel 2025

İlham Əliyevin Çin səfəri - Strateji tərəfdaşlıq yeni mərhələyə keçir

"Öncəliklə, xüsusi olaraq vurğulamaq lazımdır ki, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Eyni zamanda, Çin iqtisadi baxımdan dünyanın ikinci ən güclü dövləti kimi tanınır. Bu səbəbdən Çin həm qlobal siyasətə, həm də dünya iqtisadiyyatına ciddi təsir imkanlarına malikdir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən etibarən Çin ilə diplomatik münasibətlər qurulmuş və Çin Azərbaycanda səfirlik açaraq fəaliyyətə başlamışdır. Bu illər ərzində Azərbaycan və Çin arasında münasibətlər, xüsusilə iqtisadi sahədə, artan dinamika ilə inkişaf etmişdir. Artıq 33 ildir ki, Azərbaycan–Çin münasibətləri davamlı şəkildə inkişaf edir".


Manset.az xəbər verir ki, bu sözləri deputat Arzuxan Əlizadə İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib. 

O bildirib ki, bu dövr ərzində qarşılıqlı investisiyalar həyata keçirilib:

"Belə ki, 1995-ci ildən başlayaraq Çin Azərbaycan iqtisadiyyatına təxminən 1 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Paralel olaraq, Azərbaycan da Çin iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub. "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində bu əməkdaşlıq daha da genişlənib.

Xüsusilə 2019-cu ildə Pekində keçirilmiş Beynəlxalq Forum zamanı Azərbaycan və Çin arasında imzalanmış 10 sənəd iqtisadiyyat, sənaye və investisiya sahəsində əlaqələrin dərinləşməsinə yönəlib. Nəticə olaraq, son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq 3,5 milyard ABŞ dollarını keçib. Bu göstəricilər Çin-i Azərbaycanın dördüncü əsas ticarət tərəfdaşı mövqeyinə yüksəltmişdir.

Azərbaycan–Çin münasibətlərinin kulminasiya nöqtələrindən biri isə 2024-cü ilin üçüncü rübündə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamədir. Bu sənəd bütün sahələrdə əməkdaşlığın dərinləşməsini və gələcəkdə daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Bu illər ərzində Azərbaycanın dövlət başçısı, xarici işlər naziri və digər hökumət rəsmiləri Çinə səfərlər etmiş, eyni zamanda Çin nümayəndələri də Azərbaycana müxtəlif formatlarda səfərlər reallaşdırmışdır. Hər bir səfər əlaqələrin daha da möhkəmlənməsinə xidmət etmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə etdiyi son səfər isə xüsusi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına mühüm töhfə verəcək".

Deputat qeyd edib ki, Çin öz siyasi və iqtisadi gücü ilə dünyanın aparıcı ölkələrindən biridir:

"Azərbaycanın yerləşdiyi geostrateji mövqe isə ölkəmizə Avropa və Asiya arasında körpü rolunu oynamağa imkan verir. Bu səbəbdən Azərbaycanın Asiya–Avropa arasında yük daşımalarında oynadığı rol Çinin də maraqlarına cavab verir.

İqtisadi və siyasi münasibətlərin inkişafı təkcə hər iki ölkənin maraqlarına xidmət etmir, həm də regional sabitlik və davamlı sülh üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qarabağ torpaqlarının işğaldan azad olunmasından sonra Çin şirkətləri həmin ərazilərdə şəhərsalma və kənd təsərrüfatı layihələrində fəal iştirak etməyə başlayıb.

Bundan əlavə, Azərbaycan neft və qazla yanaşı, bərpa olunan enerji və yaşıl enerji sahəsində də böyük potensiala malikdir. Bu sahədə də Çin şirkətləri ilə əməkdaşlığın genişlənəcəyi gözlənilir.

Nəticə olaraq, Prezident İlham Əliyevin son səfəri də daxil olmaqla, iki ölkə arasında aparılan uğurlu siyasət Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dividendlər gətirəcək, regionda sabitliyə və tərəfdaşlığa töhfə verəcəkdir".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv