Xəbər verdiyimiz kimi, rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallının səhhətində problem yaranıb. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı feysbuk hesabında paylaşım edib. Məlumata görə, Ə.Zeynallıya xərçəng diaqnozu qoyulub. Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs, bu halda Əvəz Zeynallı azad oluna bilərmi?
Mövzu ilə bağlı Manset.az-a danışan hüquqşünas Ramil Qocayev bildirib ki, bununla bağlı Cinayət Məcəlləsində konkret bir norma mövcuddur:
"Bu, Cinayət Məcəlləsinin 78-ci maddəsidir. Əgər şəxs cəza çəkdiyi müddətdə xəstəliyə tutulursa, onun vaxtından əvvəl cəza çəkməkdən azad olunmaq imkanı yaranır. Lakin burada xəstəliklərin növlərinə görə fərqlilik mövcuddur.
Xəstəliklər əsasən iki yerə ayrılır. Birinci növə psixi xəstəliklər daxildir. Əgər şəxs cəza çəkdiyi müəssisədə olarkən psixi xəstəliyə tutulursa, bu halda qanun onun azad olunmasını nəzərdə tutur. Bu zaman həmin şəxs barəsində xüsusi tibbi tədbirlər həyata keçirilir və azad olunma məcburi xarakter daşıyır.
Digər hallarda isə, yəni psixi xəstəlikdən fərqli olaraq başqa xəstəliklər zamanı, Cinayət Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən, şəxsin azad olunması yalnız məhkəmənin qərarı ilə mümkündür. Bu, məcburi deyil və məhkəmə vəziyyəti qiymətləndirərək qərar verir. Elə hallar ola bilər ki, şəxsin sağlamlıq vəziyyətində problemlər olsa belə, məhkəmə onun cəzadan azad olunmasına əsas görməyə bilər. Lakin xəstəlik ağır forma alarsa, məhkəmə şəxsi azad edə bilər".
Seyranə Quliyeva