İctimai və dövlət maraqlarının müdafiəsi

16:29 - 2 Fevral 2024

İctimai və dövlət maraqlarının müdafiəsi

İctimai və dövlət maraqlarının müdafiəsi bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Müasir cəmiyyətlərdə bu məfhum daha geniş anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir edir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşların maariflənməsi ən önəmli şərtlərdəndir. Dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. 

 

Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, xalqın milli maraqlarının qorunması dövlət institutları ilə yanaşı, həmçinin, bir o qədər də onun ictimai institutlarından asılıdır.

Deputat DTX ilə bağlı maraqlı faktlardan danışdı: “Ən kritik mərhələlərdən  biri bu idi” - GlobalInfo.az

Hikmət Babaoğlunun sözlərinə görə, hazırda beynəlxalq münasibətlər sistemində çox gərgin mübarizə gedir və bu baxımdan hər bir azərbaycanlı öz ölkəsində vətəndaş olmaqla bərabər xaricdə də Vətənini təmsil edən səlahiyyətli bir nümayəndə kimi hər zaman Azərbaycanı müdafiə etməlidir:

“Beynəlxalq münasibətlər sistemində milli dövlətlər məhz ictimai və milli maraqların təmsilçisi qismində çıxış edir. Beynəlxalq münasibətlər sistemində yeni qloballaşma meyilləri bu maraqların qorunmasını hər gün bir qədər də aktuallaşdırır. Ona görə də xalqın milli maraqlarının qorunması hər nə qədər dövlət institutlarından asılıdırsa, onun ictimai institutları da o qədər bu prosesdə fəal olmalıdırlar. Məsələn, bəzən rəsmi beynəlxalq təşkilatlar, bəzən də beynəlxalq status əldə etmiş daha çox insan hüquqları müdafiəçiləri, demokratik azadlıqların qorunması ilə bağlı ixtisaslaşmış ayrı-ayrı ictimai institutların mövqeyini görürük. Azərbaycan bu cür təzyiqlərlə çox tez-tez qarşılaşır. Bunlar daha çox Qərbin qeyri-dövlət institutlarıdır. Hazırkı münasibətlər sistemində milli dövlətlərə təzyiq üçün bu institutlardan bir vasitə kimi istifadə edilir. Məsələn, Avropa və ABŞ-də olan bir sıra qeyri dövlət istitutları ayrı-ayrı məsələlər üzrə insan hüquqları və azadlıqları, söz və mətbuat azadlığı, Qərb dəyərləri adı altında illik hesabatlar hazırlayırlar. Diqqət edəndə görürük ki, bu hesabatlar hamısı qərəzli olur. Yəni bu hər şeydən öncə həmin institutlarda olan islamofob dünyagörüşü və Qərbin siyasi institutlarının təzyiqi ilə bağlıdır. Ona gör də hər bir cəmiyyət həm öz fərdlərini, həm də özünün ictimai dövlət institutlarını milli maraqlar üçün inkişaf etdirməyi bacarmalıdır. Ona görə də xaricdə olan vətəndaşlarımız mütləq Vətəninin milli maraqlarını müdafiə etməlidirlər. İkinci məsələ hazırkı qloballaşan dünyada milli sərhədlər təkcə dövlətlərin sərhədləri deyil, həm də onun informasiya sərhədləridir. Diqqət etsək görərik ki, qlobal informasiya məkanında, müxtəlif internet resurslarında daima bizə qarşı hücumlar təşkil olunur. Bu proseslərdə təəssüf ki, bəzən özümüzə qarşı Azərbaycan vətəndaşlarından da istifadə olunur. Bu da hazırkı yeni dünya nizamının eybəcərliklərindən biridir. Bu istiqamətdə Azərbaycan vətəndaşları çox ayıq olmalıdırlar”. 

Deputat qeyd edib ki, informasiya məkanında media institutlarımızın çox geniş imkanları var və buna görə də ilk növbədə biz Azərbaycan ictimai rəyinin manipulyasiya edilməsinin qarşısını almağı bacarmalıyıq:

İnsanlar sosial varlıqdırlar. Onların düşüncəsini bu və ya digər şəkildə manipulyasiya etmək olur. Bu isə dediyimiz sindromlara, yəni maymaqcasına Qərbin aldadıcı demokratiyasına alüdə olmağa, Qərb institutlarının hüquqlarının carçısı olduğuna inanmağa gətirib çıxarır. Nəticə etibarilə bunun altındakı həqiqəti bəzi vətəndaşlarımız görmür. Nəticə etibarilə biz tarix qarşısında çox mühüm bir imtahan vermişik. 30 illik bir münaqişə dövrü yaşamışıq. Azərbaycan xalqından daha yaxşı beynəlxalq münasibətlər sistemində nəyin baş verdiyini anlayan olmaz. Çünki biz o xarici vətəndaş cəmiyyəti instutlarının dırnaqlarası guya insan hüquqları adı ilə hər cür iki üzlülüyünü görmüşük. Ona görə də hər bir azərbaycanlı bu gün həm informasiya vətənimizin, həm inzibati-siyasi vətənimizin keçiyində durmağı bacarmalıdırlar. Ona görə mən düşünürəm ki, media resurslarının bu istiqamətdə üzərinə düşən vəzifə medianın ən klassik vəzifəsidir. Bu istiqamətdə maarifləndirmə layihələir həyata keçirilməlidir. Nəticə etibarı ilə bu gün insanlar sapiens mərhələsini arxada qoymaqdadırlar. Yeni qlobalaşan dünya yeni insan tipi yaradır. Mən “İnfoimperializm və media” adlı kitabımda yeni bir termin işlətmişəm. Yeni insan tipini “homoinformatikus” adlandırmışam. Yəni informasiya ilə idarə olunan insan. Homosapiens ağıl ilə, idrak ilə idarə olunan insan idi. Somoinformatikus isə informasiya ilə idarə olunan insandır. Bu mənada görün informasiya necə böyük bir alətə çevrilibdir. Bu istiqamətdə ilk növdə maarifləndirici, izahedici və daha sonra İxtisaslaşmış vətəndaş cəmiyyətləri institutları və media vasitəsilə hüquqi-siyasi psixoloji maarifləndirmə kimi çoxsaylı paralel layihələr həyata keçirilməlidir. Çalışmalıyıq ki, xalqların mübarizə tarixindən əldə etdiyimiz qələbəni əldən verməyək və yeni nəsil üçün sağlam bir gələcək quraq”.

Əfsanə Rəcəb

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi; 

 

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin