“Beyin köçü”nün qarşısı necə alına bilər? - MÜSAHİBƏ

12:16 - 10 Oktyabr 2021

“Beyin köçü”nün qarşısı necə alına bilər? - MÜSAHİBƏ

Son zamanlar Azərbaycanı tərk edən İT ( Information Technology) mütəxəssislərinin sayı durmadan artır.

Manset.az xəbər verir ki, buna bəzən "beyin köçü"də deyilir. “CROX GROUP” rəhbəri, veb proqramçı Sadiq Mirzəyev bu məsələ ilə bağlı Buta.ws-in suallarını cavablandırıb:

- Son zamanlar İT mütəxəssisləri başqa ölkələrdə özlərinə iş taparaq ora köçürlər. Bunun səbəbi nədir?

- İlk olaraq onu qeyd etmək istəyirəm ki, indiki zamanda ən aktual və tələbatlı sahə İT sayılır. Güclü İT mütəxəssisə dünyanın hər yerində ehtiyac duyulur. Bizim İT mütəxəssislərin başqa ölkələrdə işləməsinə üstünlük verməsini isə bir çox amillərlə bağlamaq olar. Bunlara əlverişli mühit, özünü daha da inkişaf etdirmək şansı, işçiyə verilən dəyər və ən əsası işinin müqabilində ona təklif edilən maaşı göstərmək olar.

- Azərbaycanda bu sahədə vəziyyət necədir?

- Ümumiyyətlə bizdə "beyin fırtınası" edə biləcək gənc İT mütəxəssislər çoxdur. Misal olaraq, siz beyninizi sürət maşını sayılan "Ferrari"yə bənzədin. Mənim “Ferrari”m var amma onu sürmək üçün gərək normal yol olsun. Əgər bu cür yol yoxdursa, o maşın mənim qarajımda yatıb qalacaq. Beyin də eynən belədir. Əgər inkişaf üçün şərait, bu şəraiti stimullaşdıran amil yoxdursa, beyin də paslanaraq inkişafdan qalacaq. Nəticədə itirən yenə biz oluruq. İT mütəxəssislərimiz də sırf bu amillərə görə xaricdə yerləşən şirkətlərdə özlərinə iş axtarmaq məcburiyyətində qalırlar. Nəticədə “beyin köçü” baş verir. Biz CROX GROUP olaraq əsas xidmət istiqamətimiz programların,veb saytların,mobil tətbiqlərin hazırlanmasıdır. Bizim şirkətdə çalışan programçıları analiz edərkən bu fikirlərimdə doğru olduğuma əmin olmuşam

- Siz “Ferrari”nizi burda sürə bilmirsiz ki?

- Mən sadəcə sürətlə çalışan beyin ilə sürət maşını arasında bənzətmə etdim. Maşını da insan beyni icad edib. Mənim “Ferrari”m yoxdur. Olsa sürərdim. Yollarımız da Ferrari sürmək üçün çox rahatdır. (Gülür)

- Sizcə İT mütəxəssislərin başqa ölkələrdə özlərinə iş taparaq getməsinin qarşısını necə almaq olar?

- Güclü İT mütəxəssislərin ölkəni tərk etməməsi üçün onlara imkan və şəraitin yaradılması vacibdir. Bəlkə də bu gün bu cür mütəxəssislərə tələbat azdır, ancaq sabah mütləq çox olacaq. Sonra gec ola bilər, indidən onları dinləyib, beyinlərindən maksimum şəkildə istifadə edərək ölkə adına böyük uğurlar əldə etmək mümkündür. Niyə bu beyinlərdən başqa ölkələr istifadə etməlidir ki? Onlara burda bu şərait yaradılmalıdır. Məsələn bir çox onlayn ödəmə terminallarında "backend" (arxa) tərəfdə çalışan proqram xarici ölkələrdən alınır və xidmət haqqına görə də hər ay böyük məbləğdə xarici şirkətlərə ödənişlər edilir. Əgər bizim İT mütəxəssislərə lazımi şərait yaradılsa, onlar həmin proqramı özləri yaza bilər və lazımi xidməti də göstərə bilərlər. Nəticədə xarici şirkətlərə böyük məbləğdə ödənişlərə ehtiyac yaranmaz, üstəlik öz mütəxəssislərimiz normal məvacib alaraq, xaricə üz tutmazlar, heç buna istəkləri də yaranmaz.

- Sizcə, bu cür mütəxəssislərin xaricə üz tutmalarının nə kimi fəsadları ola bilər?

- Artıq bunun fəsadlarını görmək mümkündür. Belə ki, ölkədə fəaliyyət göstərən bəzi böyük şirkətlər yaxşı İT mütəxəssis tapa bilmirlər. Hətta yüksək maaş müqabilində də bu, mümkünsüz olub. Mütəxəssis tapılsa belə, onların savadı heç də istənilən səviyyədə olmur.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin