Azərbaycan millisi öz meydanında İrlandiyaya böyük hesabla uduzdu

22:01 - 9 Oktyabr 2021

Azərbaycan millisi öz meydanında İrlandiyaya böyük hesabla uduzdu

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Manset.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılan və norveçli FIFA referisi Espen Eskasın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

De Byazi əvvəlki oyunlarla müqayisədə bu dəfə meydana daha hücumameylli heyət buraxıb. Qapını Şahruddin Məhəmmədəliyev qoruyub. Müdafiənin mərkəzində kapitan Maksim Medvedevlə Höccət Haqverdi, cinahlarında isə Abbas Hüseynov və Anton Krivotsyuk yer alıb. Yarımmüdafiə xəttini Qara Qarayev, Emin Mahmudov, Toral Bayramov və Filip Ozobiçdən ibarət "dördlük” təşkil edib. İtaliyalı mütəxəssis hücumda isə ilk dəqiqələrdə Mahir Emreli ilə Namik Ələskərova şans verib.

 

Oyunda hesab erkən qolla açılıb. 7-ci dəqiqədə Kallum Robinson uzaq məsafədən baxımlı qolla komandasını önə çıxarıb. Buraxılan qoldan sonra irəli atılan Azərbaycan millisi 11-ci dəqiqədə yaxşı əks-hücum təşkil etsə də, sol cinahdan Emrelinin yerlə ötürməsini müdafiəçilər meydandan çıxarıblar. Hücumun davamında yerinə yetirilən künc zərbəsi zamanı Haqverdinin başla vurduğu top qapının üstündən keçib. 6 dəqiqə sonra cənubi azərbaycanlı müdafiəçi növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə də zərbəsində dəqiqlik çatmayıb. Az sonra Ozobiç uzaq məsafədən qapını nişan alsa da, hədəfdən yayınıb. İrlandiyalılar 31-ci dəqiqədə 2-ci qola yaxın olsalar da, Robinsonun saxlamadan birbaşa qapıya göndərdiyi top az fərqlə tirin üstündən keçib. Lakin 26 yaşlı hücumçu 8 dəqiqə sonra istəyinə çatıb və hesab arasındakı fərqi artırıb. İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra daha yaxşı oyun sərgiləyən qonaqlar ardıcıl 2 epizodda təhlükə yaradıblar. Əvvəlcə Adam İdahın zərbəsinin qarşısını Haqverdi kəsib. Ardınca isə Robinsonun het-trik etməsinə qolkiper imkan verməyib. 70-ci dəqiqədə matçda VAR sistemindən istifadə olunub. Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib. Epizodun təkrarını izləyən referi görüşü davam etdirib. Azərbaycan millisi oyun ərzindəki ən real qol epizodunu 80-ci dəqiqədə yaxalayıb. Qara Qarayevin uzaq məsafədən qüvvətli zərbəsindən sonra rəqib qapıçı inamlı seyvlə yaddsa qalıb. Ardınca isə top qapı tirinə tuş gəlib. 85-ci dəqiqədə Məhəmmədəliyev komandasını 3-cü qoldan xilas edib. O, Robinsonun başla vurduğu topu çətinliklə zərərsizləşdirib. Matçın sonlarında Emrelinin uzaq məsafədən zərbəsi təhlükəli alınsa da, top qapıdan keçməyib. Az sonra 24 yaşlı forvardla Con İqan arasında mübahisə düşüb. Emreli özünə qarşı kobudluqdan sonra ondan üzr istəyən futbolçunun əlini sıxmaqdan imtina edib. O, daha sonra qonaqların digər oyunçusu ilə də gərginlik yaşayıb. Görüşdə son nöqtəni isə 90-cı dəqiqədə Çidozi Oqbene qoyub. O, başla topu tora qovuşdurub.

Bu qələbədən sonra xallarını 5-ə çatdıran İrlandiya yığması 4-cü pillədəki mövqeyini qoruyub. Azərbaycan isə 1 xalla qrupda sonuncudur.

Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya seçməsi Lüksemburqun qonağı olacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin