Canni De Byazi: "Sabah Mahir Emrelidən qol gözləyirəm"

20:25 - 8 Oktyabr 2021

Canni De Byazi:

"Komandada vəziyyət yaxşıdır. Bəzi oyunçular sabah olmayacaq. Zədəli futbolçularımız var. Çox istəkliyik, yaxşı hazırlaşmışıq. Komandamdan razıyam. Sabah yaxşı nəticə qazanmaq istəyirik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik".

Manşet.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis uzun fasilədən sonra yenidən yığmaya dəvət olunan Araz Abdullayevlə Renat Dadaşovun durumunun yaxşı olduğunu bildirib:
 
"Araz Abdullayev daha da böyüyüb. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Dadaşov uzun zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur".

65 yaşlı baş məşqçi qarşıdakı iki matçın onun millidəki taleyinə təsir edib-etməyəcəyi ilə bağlı suala da cavab verib. De Byazi təzyiq hiss etmədiyini söyləyib:
 
"30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Federasiya 14 ay ərzindəki işimə baxacaq. 16 oyundan 13-nü evdən kənarda oynamışıq. Bu, bir az qeyri-adi vəziyyətdir. İnkişaf hiss olunur. FIFA-nın reytinqində 50-ci olsaq da, İrlandiyada yaxşı çıxış etdik".

Təcrübəli mütəxəssis rəqibin yaxşı komanda olduğunu deyib:
 
"Əksəriyyəti İngiltərə Premyer Liqasında oynayır. İlk dəqiqələrdən yaxşı oynamalı, topa nəzarət etməliyik. Bunun üçün lazımi keyfiyyətlərimiz var. Digər tərəfdən, standart vəziyyətlər zamanı diqqətli olmalıyıq".

De Byazi Türkiyə "Beşiktaş"ın çıxış edən Berkay Vardarın gələcəkdə milliyə dəvət alacağını istisna etməyib:
 
"O futbolçunu tanıyıram, izləmişəm. "Beşiktaş"da məcburiyyətdən oynayıb. Sol ayaqlı mərkəz müdafiəçisidir. Bizdə bu cür klublarda oynayan çox futbolçu yoxdur. Vaxtı çatanda onu da çağıracağıq".

Baş məşqçi sabahkı oyunda Mahir Emrelidən qol gözlədiyini əlavə edib:
 
"Bizim oyunçular bu ildən ölkə xaricinə getməyə başlayıblar. Bu, Azərbaycan futbolu üçün müsbət məqamdır. Amma cəmi 2-3 aydır orada oynayırlar. Bir ildən sonra ümumi vəziyyətə baxarıq. Sabah Mahir Emrelidən qol gözləyirəm. Çünki mənim rəhbərliyim altında fərqlənə bilməyib".

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin