Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

15:14 - 19 Yanvar 2024

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Keçən əsrin 90-cı illərinin ortalarından başlanmış genişmiqyaslı islahatlar nəticəsində regionların iqtisadi cəhətdən inkişafı üçün xeyli işlər görülmüşdür. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. Aparılan işlər biznes və investisiya mühitinin, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılması və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılması üçün Dövlət Proqramları tərtib olunmuşdur. 

 

Manset.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi mühüm yer tutur. 

Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir - Aydın Hüseynov -  "İki sahil"
Deputatın sözlərinə görə, Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrdə kommunal xidmət və sosial infrastruktur təminatı yaxşılaşdırılıb, yeni iş yerləri və müəssisələr açılıb, sənaye istehsalının inkişafı məqsədilə sənaye məhəllələri, iri şəhərlərdə sənaye parkları yaradılıb, bu proseslər əhalinin məşğulluq səviyyəsi və həyat səviyyəsinin yüksəlməsinə səbəb olub:

“2004-2008-ci, 2008-2014-cü və 2014-2018-ci illər və 2019-2023-cü illərdə icra olunmuş dövlət proqramları həm də ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayıb. Dövlət proqramlarının icrası sayəsində ümumi daxili məhsul 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 3,5 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Dövlət proqramları çərçivəsində son 2 milyondan çox iş yeri yaradılıb ki, onun da yarısı regionların payına düşür. Sənaye məhsullarının illik dəyəri 21,6 dəfə artaraq 4 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 87,6 % təşkil edib. Qeyri-neft sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,3 dəfə real artımdan xəbər verir. Dövlət Proqramları çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması kimi tədbirlər bu sahənin inkişafına təkan verib. Bunun nəticəsidir ki, ötən dövrdə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşıb”. 

Aydın Hüseynov qeyd edib ki, Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycanda mahiyyət etibarilə yeni inkişaf mərhələsi başlanıb. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq üçün işlər görülür:

“2004-2023-ci illər ərzində 2,5 milyondan artıq yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı salınıb. 2004-cü ildən icrasına başlanılan bu strategiya Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm tərkib hissəsi kimi azad biznesin və özəl sektorun inkişafında mühüm rol oynamışdır. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur, eyni zamanda, regionlarda, həmçinin, iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. Son illərdə regionlardan paytaxta insan axını kifayət qədər azalıb, hətta əks proses də müşahidə edilir, paytaxtdan rayonlara qayıdış özünü göstərir və  insanlar kənd təsərrüfatı, heyvandarlıq, arıçılıqla məşğul olmağa üstünlük verirlər. Çünki kənd təsərrüfatında bir çox sahələrə subsidiyalar verilir və həmin vəsaitərin həcmi artmaqdadır. Eləcə də pambıqçılığa böyük maraq var və on minlərlə insan bu sahədə əmək fəaliyyəti ilə məşğuldur. Regionlarda kifayət qədər zəruri infrastrukturlar yaradıb ki, bu da istehsal, emal və xidmət sahələrini inkişaf etdirməyə yaxşı fürsət verir. Eləcə də iş fəallığı üçün maliyyə-bank-kredit  resurslarına çıxış yaradılıb ki, bu da rayonlarda sahibkarlığa başlamaq imkanları deməkdir. Yəni, bölgədə də kifayət qədər iş qurmaq, zəngin iqtisadi potensialı hərəkətə gətirmək üçün imkanlar vardır. İşğaldan azad edilmiş ərazilərin güclü iqtisadi resursları və potensialı var, bu ərazilərimizdəki iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialını nəzərə alsaq, yaxın 4-5 ildə bu bölgənin iqtisadi artıma töhfələri olacaqdır. Yaxın perspektivdə bu bölgədə yüz mindən çox iş yerinin yaradılması gözlənilir. Eləcə də Azərbaycanda qeyri-neft iqtisadiyyatının potensiallarının güclənməsində işğaldan azad edilmiş rayonların töhfəverici rolunun möhkəm bazalardan biri olacağına dərin zəmin yaradır”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə bildirib ki, regionlarda maliyyə əlçatanlığının təmin olunması üçün daha çevik və optimal bir mexanizmin yaradılmasına ehtiyac var:

“Regionların sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmiş və bəzi istisnalar olmaq şərtilə, ümumilikdə bu proqramlar uğurla icra olunmuşdur. Nəticə etibari ilə biz bunu makroiqtisadi göstəricilərdə də müşahidə edə bilərik. Ümumiyyətlə, ölkədə işsizlik səviyyəsi real statistika üzrə də yuxarı səviyyədə deyil. Məşğul əhalinin böyük hissəsi paytaxtda və digər böyük şəhərlərdə cəmləşmişdir. Bu məşğulluq göstəriciləri ilə uyğun gələn digər bir göstərici bilavasitə kreditləşmə göstəriciləridir. Yəni regionların kreditləşmə üzrə olan göstəricisi, regionların məşğulluq üzrə olan göstəricisi ilə düz mütənasibdir. Bu iki göstərici arasında olan düz mütənasib isə onu deməyə əsas verir ki, regionlarda məşğulluğun paytaxta nisbətən aşağı olmasının əsas səbəbi məhz regionlarda maliyyə əlçatanlığının qənaətbəxş səviyyədə olmamasıdır. Burada konversiya banklarının regionlara kredit verməkdə maraqlı olmaması, verdiyi halda girov problemi, eyni zamanda kredit faizlərinin yuxarı olması dolasıyı yolla gəlib bir başa məşğulluğa ciddi təsir göstərir. Düşünürəm ki, regionlarda maliyyə əlçatanlığının təmin olunması üçün daha çevik və optimal bir mexanizmin yaradılmasına ehtiyac var”.

Əfsanə Rəcəb

6.3.11. "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" 

 

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin