Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

16:52 - 12 Yanvar 2024

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən başlıca xüsusiyyətlərdən biri böyük tarixə, zəngin mədəniyyətə, milli və mənəvi dəyərlərə sahib olmasıdır. Bu müstəvidə Azərbaycan dünyada şanlı tarixə, təkraredilməz adət və ənənələrə, yüksək mənəvi dəyərlərə sahibdir. Azərbaycan tarixinin inkişafı mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Bütün bunlar millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bağlar yaradır. Bu bağlar təkcə milli varlığımızı yox, həm də siyasi varlığımızı təmin edir. Xalqının tarixi keçmişini, mədəni irsini və mənəvi dəyərlər sistemini bilən, sahib çıxan, ona hörmət ilə yanaşan gənclik vətən və cəmiyyət üçün xeyirli işlər görür, dövlətinin daha da güclənməsi üçün çalışır. 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılar hansı mədəniyyətin, hansı tarixin, hansı irsin, hansı dövlətçilik ənənələrinin varisi olduqlarını bilməlidirlər.

Sabir Rüstəmxanlının sözlərinə görə, əsrlərlə xalqı öz tarixindən qoparmaq üçün uydurulan tarix yenidən, olduğu kimi yazılmalı, uydurma və dolaşıq tarix aradan qaldırılmalıdır:

“Azərbaycan bir millət olaraq bir neçə dəfə parçalanmağa məcbur olub. Bir hissəsi İranda, bir hissəsi əvvəl çar Rusiyasının, daha sonra isə SSRİ-nin tərkibində qalıb. Tərkibində olduğumuz hər dövlət Azərbaycan xalqının tarixini öz bildiyi kimi təhrif edib və bizim əvəzimizə yeni tarix uydurmağa çalışıb. İranda, ümumiyyətlə, o tarixi etiraf etmək istəmirlər. Nəzərə almırlar ki, İran əslində türklərin İranıdır və son 1000 ildə yenə hakimiyyətdə türklər olub. İranı tədricən farsın İranına çevirmək istəyirlər. Burada isə sovet ideologiyası tamam başqa bir Azərbaycan təqdim edirdi. Müxtəlif yollarla bizim tariximiz təhrif olunur, tarixi düzgün yazanlar isə təqib olunurdu. Bu mənada 3 dəfə əlifba dəyişikliyi milləti kökündən qopartmaq üçün aparılan siyasət idi. Burada təbliğ edirdilər ki, türklər bu torpaqlara 10-11-ci əsrdə gəlib. Halbuki türklərin bu torpaqlarda 6-7 min illik izi öyrənilib. M.T.Zəhtabinin “İran türklərinin qədim tarixi” kitabı var. Bütün bunları nəzərə alaraq Azərbaycan tarixi yenidən və olduğu kimi yazılmalıdır. Azərbaycan tarixi türk tarixindən ayrı öyrənilə bilməz. Tariximiz Şumerdən üzü bəri böyük bir yol keçib. Dilimizin, folklor motivlərinin bağlılığı bunu sübut edir. Azərbaycan dövlətçiliyinin tarixi əslində bununla bağlıdır. Miladdan öncə ən azı 2000 illik dövrdə Azərbaycan dövlətlərinin tarixini izləmək mümkündür. Miladdan sonra burda Sasanilər, Əhəmənilər dövləti, Azərbaycan ərazisində Manna Midiya ondan əvvəl Kutilər, Lullubilər və s. olub. Qafqaz Albaniyasının da ən böyük xalqı Azərbaycan türkləri olub. Dədə Qorqud motivləri eradan əvvələ gedib çıxır. Azərbaycan qədim türk vətənidir. Bəzən deyirdilər bizim dövlətimiz 18-20 ci ildə Milli Azərbaycan Xalq Cümhuriyyəti ilə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti sadəcə dövlətçiliyimizin bir mərhələsidir. Demokratik Cümhuriyyət dövrüdür. Amma ondan əvvəl Səfəvilər, Avşarlar, Qacarlar, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular hamısı Azərbaycanın tarixidir. Nadir şahdan sonra yaranan xanlıqlar hər biri balaca bir dövlət idi. Yəni bizim dövlətçiliyimizin tarixi çox qədimdir. Son dövr Azərbaycan tarixi, Qarabağ savaşı, ermənilərin Moskvaya söykənərək Bolşevik hərəkatından faydalanıb Azərbaycana qarşı törətdiyi faciələr, bu faciələrin son nöqtəsi olan 88-ci ildən başlanan Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması və nəhayət Azərbaycanın torpaqlarını azad etməsi bu, xüsusi qürur verən bir dövrdür. Bu dövr hökmən uşaqlara, gənclərə öyrədilməli və təbliğ olunmalıdır. Bu bizim hər bizimizin borcudur. Mən də bir şair olaraq “Qarabağa dönüş” adlı bir dastan-poema yazmışam. Çox istərdim onun müəyyən parçaları Şuşanın fəthi, əsgərlərimizin igidliyi orta məktəblərdə uşaqlara ədəbiyyat olaraq keçirilsin, 30-40-ci illərin Sovet ideologiyasını təbliğ edən yazılar yox”. 

Deputatqeyd edib ki, biz müstəqil dövlətik. Qarabağdakı böyük qələbədən sonra qürur duymalı və inkişafa addım atmalıyıq. Mədəniyyətimizin, tariximizin, televiziyamızın, təhsilimizin, səhiyyəmizin də o qələbəyə layiq bir şəkildə qurulmasına çalışmalıyıq: 

“Əsl Azərbaycan mədəniyyəti min illərlə dağıdılsa da, oğurlansa da amma izi tamam itməyib. Biz böyük bir mədəniyyətin sahibiyik. Məsələn, Cənubi Azəərbaycanda Həsənli mədəniyyəti var. Onun qızıl əşyaları dünyanın hər yerinə yayılıb. Azərbaycan xalçaları, əlyazmalarımız dünyanın bütün muzeylərində var. Azərbaycan öz mədəniyyətinin sərhədlərini müəyyənləşdirməli, mədəniyyətinin izlərini dünya muzeylərində axtarıb tapmalıdır. Onların ən azı kataloqunu tutub tədricən toplamaq lazımdır. Mədəniyyətimizin və elmimizin təbliğatının yaxşı təşkil olunduğunu deyə bilmərəm. Diaspora ilə iş yenidən qurulmalıdır. Amma təəssüf ki, televiziyalarımız bu işləri layiqincə yerinə yetirə bilmirlər. Bu tarixi, mədəniyyəti təbliğ edən, aşılayan peşəkarların iştirakı ilə ciddi, intelektual, yüksək səviyyəli verilişlər təşkil olunmur. Bəzən mədəniyyət, musiqi adına televiziyada konsertlər olur. Elə bil ortalığa ancaq təlxəkləri, oyunbazları çıxarmısan. Bu bilmirəm necə və nə şəkildə baş verir amma, kim kimi istəyir televiziyaya dəvət edir. Baxırsan geyim Azərbaycan əxlaqına uyğun deyil, ləhcə bir yana, danışığı jarqon, rus dilindən alınma sözlərdən istifadə edir. Ekrana, tamaşaçı qarşısına çıxırsansa sənin danışığın, geyimin, saç düzümün normal olmalıdır. Sənin dodağın, qaşın gözün sanki boyaxana küpünə salınıb, bədəninin yarısı açıqdı. Bu millətə həqarətdir. Xüsusi hallar və xüsusi verilişlər, konsertlər ola bilər. Amma hər gün bunları Azərbaycan ekranına çıxarmaq olmaz. Uşaqdan böyüyə bütün camaat baxır. Əgər bizim mədəniyyətimiz budursa bizim axrımız necə olacaq? Ona görə rəqsimizdən tutmuş, ifa sənətinə qədər hamısına diqqət edilməlidir. Mahnılılara qulaq asırsan sözü söz deyil, ifası ifa deyil. Bunlar təhlil olunmalıdır. Gənclərimizi əsl vətəndaş kimi böyütməliyik. Mən bu barədə fikirlərimi “Vətəndaşlığın əlifbası” adlı kitabımda əhatəli şəkildə yazmışam. Orda tarixdən tutmuş milli ideologiya və tərbiyə məsələlərinə toxunmuşam”. 

Əfsanə Rəcəb


6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

 

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin