Bu ərazilərdə 4 gün işıq verilməsində fasilə olacaq - XƏBƏRDARLIQ
24 Noyabr 2024
12:25 - 23 Yanvar 2024
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda, bu ilin payızında paytaxtımızda daha bir mötəbər tədbir- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bu da onu göstərir ki, Azərbaycan ekoloji çağırışlara qoşulur, həm də beynəlxalq ekoloji problemlərin müzakirə edildiyi bir məkana çevrilir.
Manset.az xəbər verir ki, Azərbaycanın son 30 ildə həyata keçirdiyi qlobal layihələr və müasir ekoloji çağırışlarla bağlı “SOCAR Waste Management Complex”-in Baş Direktoru, BMT-nin Qaz və Alternativ enerji üzrə ekspertlər qrupunun üzvü Ayaz Salmanov Bizim.Media-ya müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Ayaz müəllim, istərdik ki, söhbətimizə uzaq keçmişdən başlayaq. Bilirsiniz ki, keçmiş SSRİ-dən Azərbaycana kifayət qədər ekoloji problemlər miras qalıb. Bu “miras”ın ləğvi üçün ötən illərdə Azərbaycanda hansı tədbirlər görülüb?
- Bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir. Bəli, SSRİ dönəmində təbii sərvətlərdən qeyri-səmərəli istifadə edilirdi. Bu isə digər sahələrlə yanaşı ekoloji sahədə də çox ciddi problemlər yaradırdı.
Çox təəssüf ki, o zamanlar ekoloji problemlər prioritet deyildi. Ona görə də SSRİ-dən müstəqil Azərbaycana böyük ölçüdə ekoloji problemlər qalmışdı.
Xüsusən də, neft hasilatı zamanı böyük ərazilərdə torpaqlar neftlə çirklənirdi. Bakı ətrafındakı neft gölməçələri yəqin ki, xatirinizdədir. Hələ açıq dənizə buraxılan neft tullantılarını demirəm. Müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də yığılıb qalmış ekoloji problemlərin həlli idi.
Bu sahədə ilk böyük addım 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” bağlanarkən atıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müqavilə iştirakçıları qarşısında ekoloji tarazlığın pozulmamaması və qorunması əsas tələb kimi qoyuldu. Yada salaq ki, buna qədər Azərbaycan 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına qoşulmuşdu.
1997-ci ildə isə Kyoto protokolu imzalandı. Amma Azərbaycanda hələ “Əsrin müqaviləsi”ndən sonra ekoloji sahələrdə nəhəng layihələrin icrasına başlanılmışdı. Neftlə çirklənmiş minlərlə hektar ərazi müasir texnologiyalar vasitəsi ilə neft tullantılarından təmizləndi.
- 2010-cu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Ekologiya ili” elan edildi. Dövlət başçısının bu addımı ətrafın mühitin qorunmasında hansı yenilikləri gətirdi?
- 90-cı illərin əvvəllərindən başlanan ekolayihələr 1997-ci ilin Kyoto protokolundan sonra yeni müstəviyə çıxarıldı. Bu addımların sırf dövlət və cəmiyyət üçün prioritet olması üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il “Ekologiya ili” elan edildi. Bu faktın özü Azərbaycanın ekoloji problemlərə konseptual yanaşmasının göstəricisi idi. Məhz 2010-cu ildə ekoloji sahədə qlobal layihələrin icrası istiqamətində yeni səhifə açıldı. Həmin ildə çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıq zolaqlarını salınması və ətraf mühitin mühafizəsi sahəsində çox böyük işlər görüldü.
Ən əsası ənənəvi enerji istehsalı sahələri ilə parallel olaraq, alternativ enerji mənbələrinin yaradılmasına başlanıldı. Bundan başqa istehsal sahələrində formalaşan və istixana qazı effekti yaradan qazların azaldılması üçün Beynəlxlaq təşkilatlarla birlikdə müxtəlif layihələrin icrasına start verildi. “Ekologiya ili” çərçivəsində görülən işlər həm də növbəti illərdə bu sahədə görüləcək işlər üçün bir platforma oldu. 2010-cu ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı SOCAR da ekoloji sahədə böyük uğurlara imza atdı. Belə ki, neft-qaz sahəsində yaranmış tullantıların utilizasiyası və onların emalı kompleks şəkildə təşkil edildi.
- Siz ekoloji problemlər üzrə Beynəlxalq ekspertsiniz. Beynəlxalq prizmadan baxanda Azərbaycanın ekoloji mühiti necə görünür?
- Sualın cavabına keçməzdən əvvəl qeyd edim ki, ekoloji problemlərin həll edilməsi təkcə Azərbaycanın vəzifəsi deyil. Bu ümumbəşəri bir problemdir. Yəni dünya bizim evimizdir. Ona görə də Azərbaycan ekoloji problemlərin həllində qonşu dövlətlərlə və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərməlidir. Və kənardan baxanda bu məhz belə görünür.
Təqdir ediləsi haldır ki, Azərbaycan höküməti yeniliklərə hər zaman açıqdır. Məhz buna görə də dünyada ekologiya sahəsində uğurla sınaqdan keçən əksər layihələr ölkəmizdə də davamlı şəkildə tətbiq edilir. Məsələn, 2015-ci ildən Azərbaycanda BMT-nin İnkişaf Proqramı ilə birgə yeni layihənin icrasına başlanıldı. Bu “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasının təmin edilməsi istiqamətində Milli Fəaliyyət proqramı” idi. Bu layihə özündə 3 istiqaməti - nəqliyyat, enerji səmərəliliyi və səmt qazının yığılmasını birləşdirirdi.
Bu layihədə mən yerli mütəxəssis kimi yaxından iştirak etmişəm. Bu layihə 5 il müddətində icra olundu. İcra müddətində biz uğurlu nəticələrə nail olduq. Layihənin uğurlu olması bunun digər sahələrdə tətbiqinə də maraq yaratdı. Son 4-5 ildə buna bənzər bir sıra layihələr icra edilib. Bu gün Azərbaycan hökümətinin qarşıya qoyduğu hədəf enerji itkisinin qarşısının alınmasıdır. Çünki enerji itkisinin qarşısının alınması enerji ehtiyatlarına qənaət deməkdir. Əldə olunan digər bir uğur isə səmt qazının idarə olunmasıdır. Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq səmt qazından bu gün çox səmərəli istifadə edir.
- Siz 2015-ci il Paris İqlim sazişində (COP 21) və digər COP tədbirlərində iştirak etmisiniz. Son illərin ekologiya sahəsində qlobal çağırışları hansılardır?
- 90-cı illərdən başlayaraq aparıcı dünya ölkələri iqlim dəyişikliklərinin qarşısını almaq üçün müxtəlif ideyalar irəli sürür, çağırışlar edirlər. Bu sahədə ən əlamətdar hadisə 2015-ci ildə imzalanmış Paris İqlim sazişidir (COP 21). 2016-cı ildə aparıcı dünya dövlətləri ilə yanaşı Azərbaycan da bu Sazişi ratifikasiya etdi. Bununla da Azərbaycan üzərinə bir sıra öhdəliklər götürdü. Həm ölkəmizdə ekoloji tarazlığın bərpası, həm də İqlim Sazişinin tələblərini yerinə yetirmək üçün Azərbaycanda Milli Fəaliyyət Planı qəbul edildi.
Azərbaycan ekoloji problemlərlə bağlı və yeni çağırışlara cavab olaraq Beynəlxalq əməkdaşlığa hər zaman üstünlük verib. Bu məsələdə hədəf təkcə mövcud problemlərin həlli deyil, həm də gözlənilən problemləri qabaqlamaqdır.
- Yeri gəlmişkən bu ilin noyabrında Azərbaycan “COP29”- a ev sahibliyi edəcək. Bu mötəbər tədbirlə bağlı nə düşünürsünüz?
- Azərbaycanın “COP29”-a ev sahibliyi etməsi böyük hadisədir. Bu ilk öncə onu göstərir ki, Azərbaycan müasir çağırışların öncüllərindən biri və qlobal problemlərə həssaslıqla yanaşan bir ölkədir. Bu tədbir həm də yaxşı mənada Azərbaycanın üzərinə bir məsuliyyət qoyur ki, ekoloji sahədə əldə etdiyimiz uğurlarımızla digər ölkələrə bir nümunə olaq. COP tədbirlərində təkcə mövcud problemlər müzakirə edilmir, həm də gözlənilən problemlərə diqqət yönəldilir. Ona görə də bu payız təkcə bizi yox, bütövlükdə sivilizasiyanı maraqlı Bakı müzakirələri gözləyir.
- Nəzərə alaq ki, “COP29” Azərbaycanın ev sahibliyi edəcəyo ilk beynəlxalq ekotədbir deyil. Buna qədər bir sıra beynəlxalq tədbirlərə, ən nəhayət 2016-cı il BMT-nin 7-ci Enerji Forumuna Bakı ev sahibliyi edib. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan digər sahələrdə olduğu kimi ekotədbirləri və ekolayihələri həyata keçirən beynəlxalq oyunçudur. 2016-cı ildə Bakıda keçirilən 7-ci Beynəlxalq Enerji Forumu bu mənada yadda qalan mühüm tədbirlərdən biridir. Bakı Forumunda davamlı inkişafın təmin olunması üçün “yaşıl enerji”, alternativ enerji və digər sahələrdə Azərbaycan öz imkanlarını və təcrübəsini dünyaya göstərdi. Məlum oldu ki, dünya ölkələrinin anoloji məsələdə Azərbaycandan öyrənəcəyi çox şey var. Nəzərə alaq ki, 7-ci Foruma həm BMT-nin, həm də dünya ölkələrinin yüksək çinli məmurları və ekologiya sahəsində dünyaca məşhur ekspertlər iştirak edirdi. Forum çərçivəsində iqlim dəyişikliklərinin vacib seqmentləri - karbon emissiyalarının azaldılması, “yaşıl enerji”yə keçid, “yaşıl enerji”dən istifadə olunmanın təmin edilməsi və digər məsələlər müzakirə edildi.
Bu və digər tədbirlərə ev sahibliyi etməklə Azərbaycan sübut edib ki, “yaşıl iqtisadiyyat”ın formalaşmasında çox maraqlıdır. Bu istiqamətdə Azərbaycan bu gün də uğurlu addımlar atır.
- Sizcə, tullantıların emalı iqlim dəyişikliyinə necə təsir edir?
- İstər neft-qaz, istərsə də digər sahələrdə “0” tullantı prinsipinin təmin olunması iqlim dəyişikliyinə təsir edən amillərdən biridir. Bu gün biz istehsalat prosesində formalaşan hər hansı bir növ tullantını emal və yaxud utilizasiya etmiriksə və birbaşa təbiətə atırıqsa, bu birbaşa ətraf mühitin çirklənməsinə və iqlim dəyişməsinə səbəb olur.
Unutmayaq ki, iqlim dəyişikliyi antopegen təsirlərdən qaynaqlanır. Bu gün emal sənayesi qurularkən tullantıların düzgün idarə olunması iqlim dəyişikliyinə çox müsbət təsir edir. Əgər biz tullantıların doğru çeşidlənməsini təmin ediriksə və daha sonra bunu doğru istiqamətdə utilizasiya və emal prosesindən keçiririksə, deməli iqlim dəyişikliyinə qarşı mübarizədə böyük ölçüdə müsbət töhfə vermiş oluruq.
Yada salaq ki, bu gün trendlər də dəyişib. Bu gün bir sahədə tullantı sayılan məhsul digər sahə üçün unikal xam maldır. Bu da o deməkdir ki, tullantıları emal etməklə əlavə əmtəə yaratmış oluruq. Məsələn, SOCAR uzun illərdir ki, çox gözəl və anoloqsuz bir layihə həyata keçirir. Bu da ondan ibarətdir ki, neft gölməçələrindən toplanan tullantılar əmtəə nefti səviyyəsində bərpa olunur. Bu layihənin daha bir uğuru ondan ibarətdir ki, özü-özünü maliyyələşdirir. Yəni bu işə heç bir əlavə vəsait xərclənmir. Beləcə, bu tip layihələr həm iqtisadi dəyər yaradır, həm də ekoloji tarazlığın bərpasına xüsusi töhfə verilir.
- Bu gün Azərbaycanda ekoloji problemlərdən biri plastik və polietilen qabların səmərəsiz istifadəsidir. Sizcə, bu problemin həlli üçün nə etməliyik?
- Əvvəllər dünyanı qorumaq üçün kağızdan imtina etdik və polietilen materiallardan istifadəyə başladıq. Amma bu gün görürük ki, yeni seçimin fəsadları daha böyükdür.Bu gün dənizlərin və okeanların dibində plastiklər tapılır ki, bu da bütünlükdə ekosistemin zəhərlənməsinə gətirib çıxarıb. Son vaxtlar Azərbaycanda polietilen qablardan istifadənin azaldılması üçün müəyyən tədbirlər görülür.
Ötən ilin əvvəllərindən hətta polietilen torbaların bir qismi pullu oldu. Bu da polietilen torbalardan istifadəni bir qədər azaltdı. Amma problemin tam qarşısını almadı. Bu da ona görədir ki, problemin köklü həlli üçün alternativlər təklif olunmur. Polietilen torbalardan imtina edək, bəs əşyalarımızı nəylə daşıyaq?! Bu gün marketlərdə polietilen torbalardan başqa alıcılara heç bir alternativ torba təklif olunmur. Halbuki, alternativlər var. Ekotorbalar təklif edilə bilər. Amma edilmir.
- Deməli ekoloji savadlılığımız yetərincə deyil…
- Yəqin ki… Ekoloji məsələlər bizi bir vətəndaş olaraq düşündürməlidir. Bunun üçün də ekoloji maarifləndirməyə məktəblərdən başlamalıyıq. Bəlkə də bağçalarda biz körpələrin ekoloji savada yiyələnməsinə çalışmalıyıq. Amma biz təbliğatı və qadağanı istehlakçılar arasında tətbiq edirik. İstehlakçılarsa əsasən 18 yaşdan yuxarı insanlarır. Onlarda bu yaşa qədər müəyyən vərdişlər formalaşıb. Formalaşmış stereotipləri isə dağıtmaq çox çətindir.
Müqayisə etsək görərik ki, ekoloji savadlılıq baxımından biz bəzi ölkələrdən geri qalırıq. Ona görə də gecikmədən konseptual işlərə başlamalıyıq. Evdə, təhsil obyektində, işdə və hətta istirahət yerlərində məişət tullantılarına münasibətimizi dəyişməliyik. Məsələn, Bakı küçələrində müxtəlif növ məişət tullantıları qabları qoyulub. Amma çox zaman zibil atanda o qablara fikir vermirik. İlk rastımıza çıxan qaba zibili atırıq. Bu tip vərdişlərdən qurtulmasaq ekoloji fəlakətlərdən də sığortalana bilməyəcəyik.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin