Niyaməddin Əhmədov 13 il müddətinə həbs edildi

13:51 - 8 Oktyabr 2021

Niyaməddin Əhmədov 13 il müddətinə həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin terroru maliyyələşdirməkdə təqsirləndirilən mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N.Əhmədov 13 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Rəsmi məlumatda bildirilir ki, istintaqla törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə Niyaməddin Əhmədov 2017-ci il mayın 22-də Azərbaycanı tərk edib Almaniyada istintaqdan gizlənən tanışı Qabil Məmmədovla birlikdə "YouTube" videopaylaşma sistemində qeyri-məhdud sayda şəxslər dairəsinə yönəlməklə ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlar törədilməsi ilə bağlı açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla Niyaməddin Əhmədovun qeyd olunan materialları internet resursları vasitəsilə təkrarən yayılması üçün mobil tətbiq vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə törədiləcək cinayətlərin detalları ilə bağlı razılığa gəlmələrinə, ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq Almaniyada toplanmış xeyli miqdarda pulu açıq çağırışlar edəcək və materialları yayacaq şəxslərə tamamilə paylamaqla terrorçuluğu maliyyələşdirməsinə, lakin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunduğundan cinayətkar əməlini başa çatdıra bilməməsinə əsaslı şübhələr də müəyyən olunub.

Bundan başqa, istintaqla Niyaməddin Əhmədovun ölkə ərazisində öz şəxsi maraqları naminə icra etmək istədikləri hərəkətləri gizli olaraq qeydə almaq məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qanunla mülki dövriyyədə olmasına yol verilməyən xüsusi ləvazimat olan eynək üzərinə uyğunlaşdırılaraq komfulyaj olunmuş gizli vizual müşahidə vasitəsini qanunsuz olaraq əldə edib özündə saxlamasına şübhələr üçün əsaslar müəyyən edilib.

Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin