Qızılca ilə bağlı bunları etmək olmaz! - 21 gün...

17:42 - 10 Yanvar 2024

Qızılca ilə bağlı bunları etmək olmaz! - 21 gün...

“Qızılca üçün xüsusi müalicə yoxdur. Valideynlər tərəfindən uşaqlara evdə həkim təyinatı olmadan hər hansı bir dərman preparatının verilməsi doğru deyil”.  

 

Manset.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.

O qeyd edib ki, həkim simptomlara, xəstəliyin ağırlığına və mümkün ağırlaşmalara görə simptomatik terapiya təyin edir: “Qızılcanın tipik gedişi zamanı həkimin təyin edə biləcəyi dərmanlar, antipiretiklər - qızdırma 38 dərəcədən yuxarı olduqda, vitamin A - (qızılca zamanı A vitamini ehtiyatı tükənir, bu da xəstəliyə və ikinci dərəcəli infeksiyalara qarşı müqavimətin azalmasına səbəb olur) öskürək əleyhinə preparatlar, burun axması və burun tutulması zamanı qısa müddətə burun damcılarıdır”.

S.Mehdiyeva əlavə edib ki, xəstəliyin törədicisi virusdur, buna görə də qızılca üçün antibakterial preparatlar təsirsizdir:

“Həkim antibiotikləri yalnız ikinci dərəcəli bakterial ağırlaşmalar inkişaf etdikdə və ya onların qarşısını almaq üçün təyin edə bilər”.

Həkim deyir ki, qızılca zamanı karantin 21 gün davam edir, lakin çox vaxt valideynlər tələsir və karantin dövrü bitmədən uşaqları məktəbə və məktəbəqədər təhsil müəssisələrinə göndərməyə çalışırlar. Onun sözlərinə görə, bir çox valideynlər bədən hərarəti normallaşıbsa, yeni səpgi elementləri qeyd olunmursa, artıq uşağı təcrid etməyin lazım olmadığını düşünürlər: “Qeyd edim ki, bu çox yanlış fikirdir. Belə hallar xəstəliyin böyüklər və uşaqlar arasında daha çox yayılmasına və ciddi fəsadlara yol aça bilər. 21 gün tamam olduqdan sonra heç bir ağırlaşma qeyd olunmursa, uşaq artıq aktiv həyata qayıda bilər.”

 

Pediatr əlavə edib ki, piqmentli səpgisi olan xəstə artıq yoluxucu deyil, lakin bu onun sağalması demək deyil: “Bərpa və reabilitasiya müddəti 2-3 həftə, bəzən isə daha çox davam edir. Xəstəlik keçirdikdən sonra uşağın iştahası kəsilir, tez yorulur və orqanizm zəifləyir. Onun immun sistemi ən azı iki ay istənilən infeksiyaya son dərəcə həssas ola bilər. Bu baxımdan həmin şəxsləri lazımsız təmasdan, yüklənmədən, stresdən, hipotermiyadan və s.-dən qorumaq lazımdır”.

Həkim vurğulayır ki, sosial şəbəkələrdə eləcə də əhali arasında həkim olmayan bir çox qeyri professional şəxslər tərəfindən qızılca zamanı müxtəlif müalicə metodları, qulluq vasitələri haqqında məlumatlara rast gəlinir.

Onun sözlərinə görə, valideynlər də bu məlumatlara əsaslanaraq həkim nəzarəti olmadan özbaşına müxtəlif müalicə üsullarından istifadə edirlər: “Xəstəlik zamanı dəriyə qulluq vasitələri, müxtəlif məlhəm və kremlərin əsassız istifadəsi səpgilərin daha da dərinləşməsinə səbəb olar və dəri səthində xoşagəlməz izlər buraxa bilər. Dəridəki qaşınmanı aradan qaldırmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Bədənin tibbi məhlulla (sintetik tanin) yuyulması tövsiyə olunur. Yataq dəsti və geyimlər təmiz olmalıdır. Konyunktivit zamanı həkim təyinatına əsasən müxtəlif damcılar məsləhət görülür”. 

S.Mehdiyeva bildirib ki, xəstələr ağız və göz gigiyenasına riayət etməli və parlaq işıqdan qaçmalıdırlar:

“Qeyd edilənlərə düzgün riayət olunarsa, xəstəlik heç bir iz buraxmadan və fəsadsız keçib gedir”.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin