Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (VİDEO)
3 Dekabr 2024
16:47 - 22 Dekabr 2023
Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi. Müstəqillikdən sonra qısa zaman kəsiyində vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında deputat Kamal Cəfərov bildirib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycanda Cənab Prezidentin tövsiyyələri ilə mübahisələrin alternativ həlli institutlarının yaradılması və inkişaf etdirilməsinə xüsusi diqqət ayrılmışdır.
Kamal Cəfərov qeyd edib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı Azərbaycanın ədalət mühakiməsi sisteminin keyfiyyətcə yeni mərhələyə inkişaf etməsi üçün növbəti mühüm faktor olmuşdur:
“Azərbaycanda yeni ixtisaslaşmış məhkəmələr yaradılmış, hakim korpusu gəncləşmiş, prosessual qanunvericiliyə çoxsaylı təkmilləşdirici dəyişikliklər qəbul edilmiş, məhkəmə icraatının keyfiyyətinin artırılması, şəffaflığın təmin edilməsi məqsədilə elektron məhkəmə sistemi yaradılmış və təkmilləşdirilmişdir, bir sıra məhkəmə mübahisələri üzrə yazılı icraat növü tətbiq edilmişdir. “Mediasiya haqqında” Qanun qəbul edilmiş, mediasiya institutu yaradılmışdır, elə bu gün Milli Məclis tərəfindən “Arbitraj haqqında” Qanun üçüncü oxunuşda qəbul edilmişdir. Hazırda özəl məhkəmə ekspertizası və özəl məhkəmə icraçıları sisteminin yaradılması üzrə fəaliyyət davam etdirilir. Yuxarıda göstərilənlər Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə aparılan islahatların sadəcə bir hissəsidir. Beynəlxalq təcrübənin dərin araşdırılması, aparılan kadr islahatları, bu sahədə cənab Prezident İlham Əliyevin Fərmanlarında göstərilən tövsiyyələrin icrası ədalət mühakiməsi sistemində öz töhfəsini verməkdədir”.
YAP-ın ərazi təşkilatının rəhbəri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov Manset.az-a açıqlamasında vurğulayıb ki, hüquqi dövlət hər şeydən əvvəl dövlət və vətəndaşın qarşılıqlı məsuliyyətinə əsaslanan, cəmiyyət miqyasında tam razılaşmanın əldə olunduğu ideal dövlət mexanizmidir:
“Müasir dövrdə hüquqi dövlətin nəzəri anlamı praktiki olaraq müasir Azərbaycan dövlətçiliyinin Konstitusiya ilə təsbitlənmiş xarakteristikası ilə tam şəkildə üst-üstə düşür. Yəni hüquqi dövlət ilk növbədə hüququn hökmranlığının, qanunun aliliyinin, hamının qanun və müstəqil məhkəmə qarşısında bərabərliyinin, insan hüquq və azadlıqlarının tam təmin olunduğu, dövlət hakimiyyətinin təşkilinin əsasında hakimiyyətlərin bölgüsü prinsipinin durduğu demokratik dövlət kimi səciyyələnir. Bu, siyasi hakimiyyətin elə bir təşkilini nəzərdə tutur ki, burada özbaşınalıqlara yol verilməməsi məqsədilə dövlət hakimiyyəti hüquqla sıx bağlantıya, insan hüquq və azadlıqlarının tam təminatına imkan verən şəraitə malikdir. Azərbaycan da daxil olmaqla, dünyanın müasir dövlətləri hüquqi dövlətin qurulması istiqamətində gərgin fəaliyyət göstərsələr də və bununla bağlı mühüm siyasi-hüquqi islahatlar həyata keçirsələr də, hələlik bu ideal mexanizmi tam olaraq qurub başa çatdırmaq heç kəsə müyəssər olmamışdır. Çünki bunun üçün ilk növbədə idarə edənlərin və idarə olunanların baxışlarında və şürunda kəskin bir dönüş olmalıdır. Ona görə ki, hüquqi dövlətin mövcudluğu yüksək mənəviyyatın, ümumi mədəniyyətin, o cümlədən də yüksək hüquq mədəniyyətinin və hüquqi düşüncəsinin varlığı ilə bağlıdır. İndiki dövrdə Azərbaycan hüquqi demokratik dövlət quruculuğu istiqamətində inamla irəliləyir və hüquqi dövlətçilik, qanunların hüquqa uyğunluğu, dövlət hakimiyyəti sisteminin hüquqi təşkili, qanunun nüfuzunun artırılması və hər kəs tərəfindən onun ciddi şəkildə gözlənilməsi, insan hüquq və azadlıqlarının maksimum dərəcədə təmini və s. kimi prinsiplərin təminat vasitələrinin axtarışı prosesini sürətli şəkildə yekunlaşdırmaqdadır. Bir sıra vəzifələrin həlli istiqamətində nailiyyətlər əldə olunmuşdur. Nümunə olaraq bir çox dövlət orqanlarında struktur islahatlarının aparılması, antiinhisar mexanizminin işə salınması, sosial ünsiyyətin bütün subektlərinin hüquqi müdafiəliliyinin təmin olunması, məhkəmə islahatlarının dərinləşdirilməsi, məhkəmələrin rolunun artılırılması və hakimlərin müstəqilliyinin təmin olunması və s. göstərmək olar. Lakin bu sahədə işlər yekunlaşmamışdır və müsbət istiqamətdə davam etdirilməkdədir”.
Zahid Cəfərovun sözlərinə görə, vətəndaş cəmiyyətinə gəldikdə isə o, hüquqi dövlətlə sıx bağlı olsa da, onun mühüm əlamətlərindən biri qismində çıxış etsə də, tam müstəqil bir institut olaraq çıxış edir və bu, onların strukturunda spesifik funksiyalarında özünün biruzə verir:
“Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafı istiqamətində məhz dövlətin iştirakı ilə xeyli işlər görülmüşdür. Hüquqi dövlətin vətəndaş cəmiyyətindən fərqi onun qanunlar və digər normativ hüquqi aktlar qəbul etmək iqtidarına və dövlət-məcburiyyət tədbirlərini tətbiq etmək imkanlarına malik olmasındadır. Hüquqi dövlətin özü vətəndaş cəmiyyətinin inkişafı və onun gələcəkdə daha da təkmilləşdirilməsi şəraitində mövcud ola bilir. Həm vətəndaş cəmiyyəti, həm də hüquqi dövlət ümumi məqsədi güdürlər: insana xidmət etmək, onun hüquqlarını, maraqlarını qorumaq və təmin etmək; insanın azadlığı və özünü sərbəst şəkildə ifadə etməsi, onun təşəbbüskarlığı üçün, həmçinin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün şərait yaratmaq, sosial həyatda mühüm amil olan orta sinfin mövcudluğunu təmin etmək və onun sıralarının genişləndirilməsinə nail olmaq və s.. Əlbəttə ki, hər bir dövlətin, o cümlədən Azərbaycan dövlətinin və onun vətəndaş cəmiyyəti institutlarının nail olmağa çalışdığı ümumi dəyərlər mövcuddur ki, onların da sırasında şəxsiyyət azadlığı, sosial ədalət, insan hüquqları, xalqın rifahı, sülh və təhlükəsizlik, qanunçuluq, demokratiya və digərləri önəmli yer tuturlar”.
Zahid Cəfərov bildirib ki, hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətində bütün fəaliyyət sferalarının hüquqi tənzimlənməsinin tam təmin olunması olduqca mürəkkəb işdir və bu sferada təbii ki, bəzi çatışmazlıqlar və nöqsanlara da rast gəlinir. Bu baxımdan hüquqyaratma fəaliyyəti dövlətin hüquq siyasətinin əsas realizə formalarından biri kimi zaman-zaman təkmilləşdirməyə məruz qalır:
“Aparılan hüquqi islahatlar çərçivəsində ədalət mühakiməsi sferasında baş verən dəyişikliklər mühüm əhəmiyyətə malikdir. Belə ki, konstitusion normalar əsasında qəbul edilmiş «Məhkəmələr və hakimlər haqqında», «Konstitusiya Məhkəməsi haqqında», «Məhkəmə hüquq Şurası haqqında», «Mediasiya haqqında» və digər qanunvericilik aktlarında, eləcə də məhkəmə sisteminində islahatların dərinləşdirilməsi ilə əlaqədar qəbul edilən Prezident fərmanlarında üç pilləli məhkəmə sisteminin özəllikləri, məhkəmələrin təşkili və fəaliyyətinin yaxşılaşdırılması, yeni məhkəmə təsisatlarının, xüsusilə də kommersiya məhkəmələrinin formalaşdırılması, barışıq prosedurlarının tətbiqi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, ədalət mühakiməsinin həyata keçirilməsində qanunçuluq, qərəzsizlik, aşkarlıq və digər prinsiplərin gözlənilməsinin vacibliyi və s. kimi mühüm məsələlər öz təsbitini tapmışdır. Bununla bərabər, qeyd etmək lazımdır ki, bu sahədə islahatlar davam etməkdədir və həmin islahatlar kontekstində «Elektron məhkəmə» informasiya sisteminin bir qədər də təkmilləşdirilməsi, peşəkarlığın artırılması üçün hakim korpusunun formalaşdırılması işinin mütərəqqi üsullar üzərində yenidən qurulması, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, ədalət mühakiməsinin mühüm institutlarından olan andlı iclasçıları institutunun tətbiqinin mümkünlüyünün yenidən nəzərdən keçirilməsi və s. bu kimi həlli vacib məsələlərə diqqətin yönəldilməsi ədalət mühakiməsinin effektiv şəkildə həyata keçirilməsinə, əhalinin hüquqi şüurunun və hüquq mədəniyyətinin yüksəlməsinə gətirib çıxara bilər”.
Əfsanə Rəcəb
6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin