Bakı metrosu gecə saat 1-ə qədər işləyəcək

11:30 - 13 Dekabr 2023

Bakı metrosu gecə saat 1-ə qədər işləyəcək

Bakı metropoliteninin iş rejimində dəyişiklik edilir.

 

Bu barədə Manset.az-a Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, dəyişiklik UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” Futbol Klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədardır:

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq. Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Metropolitenin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“28 May” və “Nərimanov” stansiyalarında da ehtiyat tədbriləri görüləcək”.

“Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Oyundan sonra “Gənclik” stansiyasına daxil olacaq sərnişinlərin hərəkət istiqamətlərinə uyğun qatarların hərəkəti tənzimlənəcək və ehtiyat qatarlardan istifadə olunacaq”, - məlumatda qeyd edilib.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin