Dahilər heç vaxt işi yarımçıq görmürlər... - Akif Təvəkküloğlu yazır

09:32 - 29 Noyabr 2023

Dahilər heç vaxt işi yarımçıq görmürlər... - Akif Təvəkküloğlu yazır

İbn Sinanın belə bir müdrik kəlamı var, o deyir ki, “Kainatın ruhu həqiqətdir”. Onda belə qənaətə gəlmək olar ki, kainatı məhv olmağa, dağılmağa qoymayan onun dayandığı sütunların həqiqətdən ibarət olması, yalan, şər və böhtandan uzaq olub canına, qanına həqiqəti hopdurmasıdır. Azərbaycan 30 il idi ki, öz həqiqətlərini dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə edirdi. Təəssüf ki, həqiqəti, haqqı və ədaləti görməyənlər və ya görmək istəməyənlər şərin və cinayətkarın daha geniş əl-qol açmasına imkanlar yaradırdı. Bunu dünyanın ikili standartlar adlandırılan – ikiüzlü siyasətində gördük. Haqqın, həqiqətin tərəfdarı olan Azərbaycana, şəri, yalanı özünün həyat amalı edən Ermənistana münasibətdə gördük. Amma nə yaxşı ki, dünya hələ tam qara rəngə bürünməyib. Onun işıqlı tərəfləri də az deyil.

Azərbaycan başa düşməyənlərə haqqın və ədaların nə olduğunu anlada bildi. Ermənistan 30 il ərzində “arxalı köpək qurd basar” xəyalları ilə yaşadı. Ona havadar duranların gücünə arxalanıb haqqı tanımadı, işğalçılıq siyasətindən əl çəkmədi. Başa düşmədi ki, o qazdığı quyuya gün gələcək özü düşəcək. Ermənistan başa düşmədi ki, “Gücün kimin tərəfində olması vacib deyil, vacib olan haqqın kimin tərəfində olmasıdır” (Viktor Hüqo). Haqq da kimin tərəfindədirsə, gec-tez güc də haqqın yanında olacaq. Necə ki, daim haqqın yanında olan Azərbaycan Ali Baş komandan, prezident İlham Əliyevin ağıllı, müdrik daxili və xarici siyasəti nəticəsində o gücü əldə etdi, düşməni torpaqlarımızdan qovdu, xalqın 30 illik həsrətinə son qoydu və ədaləti bərpa etdi.

Təbii ki, bu məqama gəlib çatmaq heç də asan olmadı. Amma bir həqiqət var ki, prezident İlham Əliyevin siyasi , iqtisadi , diplomatik gedişləri ən incə məqamlaradək dəqiqliklə ölçüb-biçməsi və ölkəni hərtərəfli inkişaf etdirərək güc sahibinə çevirməsi qələbələrimizi şərtləndirən ən mühüm amillərdən oldu. İlham Əliyev siyasəti müdriklik, inam, cəsarət və xalqa sonsuz məhəbbətə söykənir. Gördüyü işləri inamla həyata keçirir və hər bir işi axıra çatdırır. Bir kəlamda deyildiyi kimi “Dahilər heç vaxt işi yarımçıq görmürlər.”  ( Henrix Viland)

Bunun təsdiqini biz hər addımda görürük. İstər ölkəmizin sürətli və hərtərəfli inkişafında , istərsədə 44 günlük müharibə və torpaqlarımızın düşmən işğalından azad edilərək suverenliyimizin tam bərpasında. Bu həm də hər kəsə nəsib olmayan fitri istedaddır.

Alman filosofu Artur Şopenhauerin belə bir müdrik kəlamı var: “İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələlər qoyur.”

İlham Əliyev istedadı , bacarığı, biliyi və qabiliyyəti ilə mümkünsüzü mümkün edən dahi liderdir. Bunu bütün dünya da görür. Dövlətimizin başçısı dahiyanə addımları ilə dövlətimizin və xalqımızın qarşısında duran müşkül, ağla gəlməyən məsələlərin həllini reallığa çevirdi. Bu özünü iqtisadi sahədə iri həcmli layihələrin həyata keçirilməsində, mədəni inkişafımızda, idman sahəsində, insanların rifah halının yaxşılaşmasında və digər bütün istiqamətlərdə göstərir. Torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını təmin edən 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı isə tariximizin indiyədək görmədiyi qəhrəmanlıq səlnaməsinə çevrildi. Bu İlham Əliyev cəsarətinin, müdrikliyinin, qəhrəmanlığının təntənəsi idi. Bu təntənə Azərbaycan xalqının ən uca qələbə zirvəsi oldu. Rəhbərin xalqına olan sevgisi, həyatını xalqın millətin talehinə bağlaması, xalqın da öz rəhbərinə inamı bütün güclərin fövqündə dayanan gücdür və özünə əbədi yaşarlıq qazanır. Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü millətin ömrü qədər olur. Azərbaycanın haqq işini, həqiqətlərini hər gün, hər saat, hər dəqiqə bütün dünyaya çatdıran həm də bu həqiqətlərin qəbul edilməsi üçün bütün siyasi, diplomatik mexanizmlərdən ustalıqla istifadə edən dövlətimizin başçısı Azərbaycanı ən qüdrətli dövlətlərdən birinə çevirdi. Həqiqət isə almaz kimidir. O qaranlıqda daha çox parlayır. Bu gün Azərbaycan daha parlaq gələcəyi olan bir dövlət kimi dünyada öz rəngarəng parlaqlığı ilə seçilir.

Xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü, süverenliyini tam bərpa etməklə yanaşı inamını özünə qaytardı, hüquqlarını bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır, onları qoruya bilirsə o zaman ən kiçik dövlət belə ən böyük məmləkətlər qədər güclü olar.” Bunu Azərbaycanın timsalında bütün dünya gördü. Aparılan ağıllı və müdrik siyasət ölkəmizi gündən-günə gücləndirir, qüdrətləndirir beynəlxalq aləmdə sözünü daha kəsərli edir. İqtisadi, sosial, mədəni və həyatımızın bütün sahələrində göstəricilərimiz yüksələn xətlə gedir. Azərbaycan nəinki regional bir çox beynəlxalq layihələrin təşəbbüskarıdır. Bu layihələrin həyata keçirilməsinə böyük töhfələr verir. Gələcək ölkəmiz və xalqımız üçün daha böyük qələbələr, sevinc və firavan həyat vəd edir.

Akif Təvəkküloğlu

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin

İdarə Heyəti Sədrinin müşaviri, 

Əməkdar jurnalist      


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv