"Dünyanın ən bəxtsiz məşqçisiyəm" - Adrian Mutu

18:43 - 26 Noyabr 2023

"Komandamın oyunundan razı qaldım. Bu, futboldur. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu".

 

Manset.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 14-cü turunda bu gün "Araz-Naxçıvan"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis 1:1 hesablı heç-heçə belə şərh edib: "Bəzən futbol səni cəzalandırır. Belə davam etməliyik, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 olacaq oyunu, bir xalla bitirdik. Yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə "Araz-Naxçıvan"ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı. Məni bu gün məyus edən yalnız hesabdır. Bu, adamı içəridən "yandırır", adama toxunur. Hamınız oyuna baxdınız. Siz də qəbul edərsiz ki, komanda yaxşı oynadı. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi".

O, komandada müəyyən dəyişikliklər olacağını bildirib: "İdman direktorumuzla bu barədə söhbətimiz olub. Komandanı necə yaxşılaşdıra biləcəyimizi düşünürük. Dekabrda bəzi dəyişikliklər olacaq".

Mutu komandanın ikinci hissədə həvəssiz oynaması fikri ilə razılaşmayıb: "Razı deyiləm. İkinci yarıda daha çox qol epizodu yaratdıq. Necə deyə bilərsiz ki, komanda motivasiyasız idi? Futbolçular çox yaxşı oynadılar. Onlara deyiləsi sözüm yoxdur".

Baş məşqçi Rumıniya mətbuatının ÇFR-in onunla maraqlanması haqda yazdığı xəbərlərə də münasibət bildirib: "Dünyanın ən bəxtsiz məşqçisiyəm, iki oyundur ki, son saniyələrdə qol buraxırıq. Burada bir işə başlamışam və bitirmək istəyirəm. Bu, heç də asan deyil. Çalışacam ki, buna dözüm və istəyirəm mövsümü "Neftçi"də bitirim".


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin