"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
16:55 - 22 Noyabr 2023
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının (MR) Səhiyyə Nazirliyi jurnalistlər üçün media tur təşkil edib. Media tur çərçivəsində Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov media nümayəndələri ilə görüşərək müsahibə verib, onların suallarını cavablandırıb.
Manset.az Samiq Sadıxovun Musavat.com-a müsahibəsini təqdim edir:
- İstərdik Naxçıvan Muxtar Respublikasının (MR) Səhiyyə Nazirliyində aparılan son islahatlardan, görülən işlərdən, yeniliklərdən danışasınız...
- Ölkə Prezidenti tərəfindən köklü islahatlar aparılır. Bu islahatlar bütün sistemi əhatə edir və insanların sosial müdafiəsinin gücləndirilməsinə, iqtisadiyyatın inkişafına hesablanır. Atılan addımların davamı olaraq Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair dövlət proqramı təsdiq olunub. Bu proqramın icrası ilə əlaqədar muxtar respublikada çox ciddi işlər həyata keçirilir. Bu proqram çərçivəsində səhiyyə sistemi də əhəmiyyət kəsb edir. Ötən 7 ay ərzində səhiyyə sistemində insanların tibbi xidmətə əlçatanlığının artırılması, tibbi xidmətin keyfiyyətinin yüksədilməsi, tibbi kadrların hazırlanması, həkim əməyinin ödəniş qaydasının müasir tələblərə uyğun yenidən təşkil olunması ilə bağlı ciddi tədbirlər görülür.
Öncə səhiyyə sisteminin strukturuna yenidən baxılmasını həyata keçirdik və müasir dövrdə yeni tələblərə uyğun olaraq yeni bir səhiyyə modelinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə ciddi əməkdaşlıq etdik, bununla da Naxçıvanda yeni səhiyyə modelinin formlaşdırılmasına və Naxçıvan səhiyyəsinin inkişafına töhfə verilməsinə nail olmağa çalışdıq.
Naxçıvanda Ailə Sağlamlıq Mərkəzləri yaradılıb və bu mərkəzlər rayon xəstəxanalarının tabeliyindən çıxarılıb. Bununla da məsuliyyətləri özünə verməklə, tibbi xidmətin keyfiyyətinin artırılmasına nail olmağı hədəfləmişik.
Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında Muxtar Respublikanın (MR) Səhiyyə Nazirliyinin tabeliyində təcili tibbi yardım xidməti yaradılıb. Bununla da 12 cür geolokasiyanın sayının 40-a qədər artırılması nəzərdə tutulub. Proqram təminatı ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Növbəti ilin əvvəlində bu proqram təminatı istifadəyə veriləcək və mərkəzləşmiş qaydada idarə ediləcək.
Eləcə də təcili tibbi yardım maşınlarının qarajının yenilənməsi ilə bağlı ciddi işlər görülür. Bugünkü təcili tibbi yardım avtomobilləri müəyyən mənada ehtiyaclarımızı qarşılayır. Amma növbəti illərdə bu avtomobillərin yenilənməsi, ehtiyac olan yeni avtomobillərin alınması ilə bağlı işlər görülür.
Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında İctimai Səhiyyə Xidməti, Qan bankı və Qan köçürmə Mərkəzi, Ağız-Diş Sağlamlığı Mərkəzi yaradılıb, Peyvənd Mərkəzi formalaşdırılıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası ərazisində antibiotiklərin yalnız reseptlə satışına, əczaxanalarda yalnız əczaçı ixtisasına yiyələnmiş insanların fəaliyyət göstərməsinə nail olmuşuq.
Naxçıvanda həmçinin Dializ Mərkəzi yaratmışıq. Xəstəxana daxili yoluxmalar və digər faktorlardan uzaq olması üçün onun ayrıca mərkəz olması daha məqsədəuyğundur. Muxtar respublikada ilk dəfə olaraq “Onlayn həkim qeydiyyatı” sistemini tətbiq etmişik, uşaq xəstəxanasında milli peyvənd tətbiqinə uyğun SMS bildiriş sisteminin tətbiqinə başlamışıq. Bu proseslər bir müddət davam etməlidir, daha sonra muxtar respublikanın bütün əhalisinə tətbiq etməyi nəzərdə tuturuq.
- Kadr islahatları ilə bağlı nə deyərdiniz? Naxçıvan Muxtar Respublikasında həkim çatışmazlığı yaşanırmı və bu problemi aradan qaldırmaq üçün hansı işlər görülür?
- Bu sahədə ciddi addımlar atmışıq. Son 7 ayda 30-a yaxın həkim işə cəlb olunub və onların çoxu naxçıvanlı deyil. Həmin həkimlərin bir çoxu məhz Türkiyədə çalışan kadrlarımız və ölkəmizin digər ərazilərində fəaliyyət göstərən mütəxəssislər olub. Bu da Naxçıvanda səhiyyə sisteminin, tibbi xidmətin keyfiyyətinə, inkişafına təsir edən amillərdir.
Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar. Hazırda Naxçıvanda 400-ə yaxın vakant həkim yeri var. Ən çox ailə həkimlərinə ehtiyac var. Hazırda bu vakant yerlərin doldurulması üçün iş aparılır.
Bu il Bakıda rezidentura təhsilini bitirəcək həkimlərimizlə görüşlərimiz olub. Noyabrın sonunda onlar imtahan verəcəklər. Düşünürük ki, kifayət qədər böyük həkim kollektivi Naxçıvanın səhiyyə müəssisələrində işlə təmin olunacaq.
- 400-ə yaxın vakant həkim yeri dedikdə, burada sırf həkimlər nəzərdə tutulur, ya bura tibb bacıları da daxildir?
- Bəli, 400-ə yaxın həkimə ehtiyacımız var. Tibb bacılarına gəldikdə isə, Muxtar Respublikada həkimlərdən fərqli olaraq ehtiyacdan artıq tibb bacısı var.
- Qarşıda hansı yeni layihələr olacaq?
- Naxçıvanda 3-cü mikrorayon ərazisində, Babək məhəlləsində 30 min insana xidmət edəcək Ailə Sağlamlıq Mərkəzi tikiləcək. Mərkəzin layihəsi artıq hazırdır və təxminən 2 il müddətində tikintinin başa çatması planlaşdırılır. Tibbi xidmətin əlçatanlığı əsas prinsipimizdir.
Bu səbəblə də biz Babək məhəlləsində 30 min insana xidmət göstərəcək yeni Ailə Sağlamlıq Mərkəzinin layihələndirmə işlərinə başlamışıq. Növbəti ildə bu layihənin tikintisi ilə bağlı işlər həyata keçiriləcək. Bu layihələr Naxçıvan Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramında qeyd olunub.
Həmçinin Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzində yaxın gələcək üçün kinoteatr, kiçik konfrans zalı, uşaq oyun parkı, duzun içərisində restoran, meditasiya ərazisinin, spa salonunun, gözəllik mərkəzinin, mağaza və duz muzeyinin yaradılması nəzərdə tutulur.
Eyni zamanda duzun üstündə ayaqla yerimək üçün cığırların yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Növbəti ilin əvvəlində bu prosesin həyata keçirilməsi ilə əlaqəli tender elan olunacaq. İlin ortasında bu həyata keçiriləcək. Bundan başqa, Duzdağın beynəlxalq səviyyədə dünya arenasında tanıdılması üçün iki beynəlxalq quruma sertifikat almaq məqsədilə müraciət edilib. Birindən sertifikat alınıb, digəri isə birillik prosesdir. Yəni ildə 4 dəfə - 3 aydan bir yoxlamalarla proses tam şəkildə həyata keçiriləcək. Bundan sonra Naxçıvanda beynəlxalq əhəmiyyətli pulmonoloq və allerqoloqların konfransını keçirməklə Duzdağın dünyada təbliğinə çalışırıq.
- Hazırda Naxçıvanda epidemioloji vəziyyət necədir?
- Xəstəxanalardan daxil olan gündəlik rəqəmlərə istinadən demək olar ki, Naxçıvanda epidemioloji durumda mövsüm normalarından kənar yoluxma halı qeydə alınmayıb. Burada insanlar arasında hər il qeydə alınan rəqəmlərə uyğun xəstəliklər müşahidə olunur.
Xəstəliklər üzrə tibb müəssisələrinə müraciət növlərinə gəlincə, hazırda endemik xəstəlik halı mövcud deyil. Sadəcə Naxçıvanda iqlimlə əlaqəli müraciət sayında müəyyən artım ola bilər. Bu da müəyyən olunan normadan kənara çıxmır.
- Maraqlıdır, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində bu qədər işlər görülür, tibbi xidmətin yaxşılaşdırılması yönündə islahatlar aparılır, bəs əhalinin səhiyyəyə inamı nə dərəcədədir?
- Təkcə noyabrın 19-na olan rəsmi statistikanı deyə bilərəm ki, həmin gün respublika xəstəxanasına 879 nəfər müraciət edib. Hansı ki, bu rəqəm 6 ay bundan əvvəl 300-350 idi. Əlbəttə ki, Naxçıvanda xəstəlik artmayıb, sadəcə səhiyyə sisteminə inam artıb. İnsanlar artıq kənara, yəni Bakıya, İrana, Türkiyəyə deyil, öz xəstəxanalarımıza müraciət edir. Beləliklə, hər ötən gün insanların inamını qazanmaq üçün əlimizdən gələn bütün tədbirləri həyata keçiririk.
- Siz ixtisasca oftalmoloq-həkimsiniz. Gözümüzü qorumaq üçün bir həkim kimi hansı tövsiyələriniz var?
- Günəş şüalarının düşmə bucağına görə Azərbaycan ərazisində yaşayan insanlar daim eynək taxmalıdır. İkincisi, əgər daim kompüterlə işləyirsinizsə, yaxına baxdığınız qədər uzağa da baxmalısınız. Yəni arada fasilə verib, uzaq bir nöqtə seçib, ora baxmaq lazımdır ki, göz ona uyğun adaptasiya olunsun.
Musavat.com
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin