Azərbaycanın Zəfər Günü ilə bağlı Türkiyənin bir sıra dövlət rəsmisi paylaşım edib.
Manset.az xəbər verir ki, təbrik mesajları X sosial şəbəkə hesabı vasitəsilə paylaşılıb.
Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan paylaşımında “Can Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək. Qarabağ Azərbaycandır, əbədi olaraq da Azərbaycanın qalacaq” ifadələrini işlədib.
“Bu, qəhrəmanlıq və qürur gününü ən səmimi arzularımla təbrik edirəm. Qəlbimizin digər bir hissəsi Can Azərbaycandır. Türkiyə 100 ilində qardaşlığımız daimi olsun”- bu fikirlər qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun paylaşımında yer alıb.
İstanbul valisi Davut Gül paylaşımında “Nə dərin bir kədərdir Boraltan faciəsi, nə böyük bir dirilişdir Qarabağ Zəfəri. Qardaş Azərbaycan xalqının Zəfər Günü mübarək”, - deyə bildirib.
Mesajının əvvəlində “Qarabağ Azərbaycandır!” deyə vurğulayan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş paylaşımında deyib: “Qarabağı azadlığına, Azərbaycana qovuşduran Zəfərin ildönümü mübarək. Azərbaycanın Zəfər Günündə əziz şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla yad edirəm”.
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş mesajında: “Can Azərbaycan, Zəfər Günün mübarək, varlığın daimi olsun” sözlərinə yer verib.
Qardaş ölkənin ticarət naziri Ömer Bolat paylaşımında bildirib: “Qarabağ Azərbaycandır. Qarabağın bir qəhrəmanlıq dastanı ilə işğaldan azad edilməsinin ildönümü mübarək. Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr - Zəfər Gününü səmimi qəlbdən təbrik edirəm. Bütün şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirik”.
“Can Azərbaycanın doğma torpağı Qarabağı böyük bir Zəfərlə işğaldan azad etməsinin üçüncü ildönümünü təbrik edir, şəhidlərimizi rəhmətlə anırıq” - bu fikirlər Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Ömer Çelikin təbrik mesajında yer alıb.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Azərbaycanı əlamətdar gün münasibətilə təbrik edib: “Qarabağın hər qarışının Can Azərbaycana qovuşduğu Zəfər Gününü ürəkdən təbrik edir, qardaşlarımızı könüldən salamlayıram. Bu tarixi Zəfərin qazanılması uğrunda mübarizə edən şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm”.
“Dosta və qardaş ölkə Azərbaycanın 8 Noyabr - Zəfər Gününü təbrik edirəm. Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq Zəfər qazanan qardaşlarımızı xoş hisslərlə yad edirəm. Şəhidlərimizin ruhu şad olsun” - bu fikirlər isə Türkiyənin enerji və təbii qaynaqlar naziri Alparslan Bayraktarın təbrik mesajında yer alıb.
Paylaşımlar #Azerbaycan #TekMilletİkiDevlet #TürkiyeYüzyılı həştəqləri ilə edilib. Qeyd edilən həştəqlərlə Türkiyənin bir sıra dövlət rəsmiləri, müxalifət nümayəndələri və sadə vətəndaşlar saysız paylaşımlar ediblər.