YAP Yasamal rayon təşkilatında “Azərbaycan Respublikasının Dövlət bayrağı günü” münasibətilə gənclərlə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və Yasamal rayonunun ali təhsil müəssisələrində təhsil alan gənc tələbələr iştirak edib.
Görüşdə ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev ilk öncə qarşıdan gələn “8 Noyabr-Zəfər günü”, “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günü” və “12 Noyabr-Azərbaycan Respublikası Konstitusiya günü” münasibətilə görüş iştirakçılarını təbrik edib.
Qeyd olunub ki, bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur. Bu baxımdan, bütün xalqların və millətlərin timsalında bayraq müstəqilliyin və milli dövlətçiliyin əsası kimi səciyyələndirilir.
Üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu.
Prezident cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bildirilib ki, dövlətimizin müstəqilliyini təcəssüm etdirən rəmzlərin daim gənclərə aşılanması onların vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir. Buna görə də son 30 ildə yetişən gənclərimiz torpaqlarımız erməni işğalına məruz qalsa da, bununla heç vaxt barışmayıb, onun azadlığı uğrunda qan tökməyə hazır olublar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun şücayətilə İkinci Qarabağ müharibəsində qazanılan qələbə bunu bir daha sübut etdi. Torpaqlarımızın düşməndən təmizlənməsində qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək düşməni darmadağın etdi. Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır.