Saatlıda sakinlərlə İcra Hakimiyyəti arasında nə baş verib? - ŞOK VİDEO

16:34 - 29 Sentyabr 2021

Saatlıda sakinlərlə İcra Hakimiyyəti arasında nə baş verib? - ŞOK VİDEO

Sosial şəbəkələrdə bir qrup Saatlı sakininin rayonun kəndlərində su probleminə etiraz etməsi ilə bağlı videogörüntülər yayılıb. Bildirilir ki, vətəndaşlar bir neçə ildir ki, susuzluqdan əziyyət çəkirlər. Sakinlər yolu bağlamağa cəhd edən zaman hadisə yerinə polislə bərabər, rayon İcra Hakimiyyətinin başçısı da gəlib. 

 

Manset.az xəbər verir ki, Qafqazinfo.az görüntülərlə bağlı Saatlı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Ruhid Əzizov saytımıza bildirib ki, su probleminin həlli üçün Kürdən beton kanalla rayona su çəkilməlidir: “Bununla bağlı Prezident layihə hazırlanması üçün göstəriş verib. Bildiyiniz kimi, Saatlı rayonunun su mənbəyi Araz çayındandır. Araz çayında su o qədər aşağı düşüb ki, su ilə təminatda çox çətinlik var. Susuzluq problemi yaşayan kəndlər də Saatlının axırında yerləşir. Belə ki, 7 kənd susuzluqdan həmişə əziyyət çəkir. Bunlar Çolpu, Nabatkənd, Orta Muğam, Soltanabad, Mircəlalkənd, Nəsimikənd və Smadakəndləridir.

Onlar sudan həm içmək, həm də suvarma məqsədilə istifadə edirlər. Biz kəndlilərin su çətinliklərini nəzərə alıb kəndlərə su maşınları cəlb etmişik. Gündəlik olaraq vətəndaşlara pulsuz su paylanılır. Hər kəndə 1 ton su paylanılır. Həmin kəndlərdə kanalda su olmadığı üçün su maşınları daha uzaq məsafədən suyu daşıyırlar”.

R. Əzizov qeyd edib ki, rayonda hava 5-6 aydır ki, quraq keçir, yağış yağmır: “Artıq payız gəldiyinə görə yağışlar mövsümü başlaya bilər. Bu zaman Arazda su olacaq. Susuzluq problemi həmişə yay aylarında müşahidə edilir. Bu, bizim rayonda qlobal problemdir. Layihə təsdiq olunub maliyyə ayrıldıqdan sonra onun yekunlaşması bir müddət çəkə bilər. Çünki beton kanalın uzunluğu 17,3 kilometrdir. Ümid edirik ki, yaxın zamanlarda məsələ öz həllini tapacaq”.

 

 


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin