Azərbaycanı Qarabağda pusquya salmaq istəyənlərin ACI AQİBƏTİ

08:56 - 04 Noyabr 2023

Azərbaycanı Qarabağda pusquya salmaq istəyənlərin ACI AQİBƏTİ

Azərbaycan tarixinin pik həddindədir. Doğru zamanlama, düzgün strategiya və hadisələrin səhvsiz analizi bu gün dünyanın qarışdığı bir vaxtda Azərbaycana hədəflərinə çatmaqda əsas vasitə oldu. 

Bunun nəticəsidir ki, Qərbin ikili standartlarına baxmayaraq, tarixi faktların ortada olmasını görməzdən gəlməklərinə rəğmən Azərbaycan 30 illik işğal faktoruna məhz öz Ordusunun gücü, əsgərinin canı-qanı bahasına son qoymağı bacardı. Rəsmi Bakı bütün təzyiqlərə və haqsız münasibətlərə baxmayaraq yolundan, qarşıya qoyulan məqsədindən bir addım da geri atmaq barədə düşünmür. Məhz bu amil hər ötən gün Azərbaycanın gücünə daha çox güc qatır. 

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatından bu yana Ermənistanla sərhəddə sakitliyin hökm sürməsi bu fikirlərin nə qədər həqiqətə uyğun olduğunu təsdiqləyir. Nəzər saldıqda görə bilərik ki, 19 sentyabr tarixindən bu yana iki ölkə arasındakı sərhəddə ciddi insidentə rast gəlinmir.

Lakin biz nəyin şahidiyik?! Vəziyyətin bu yerdə olmasına rəğmən Qərbin ermənipərəst dairələri və erməni lobbisinin pullarının danışdırdığı bəzi siyasətçilər qaşınmayan yerdən qan çıxartmaq üçün dəridən-qabıqdan çıxırlar. Avropa İttifaqının Ermənistanda müşahidəçi missiyasının sayını atırmağa qərar verməsinin başqa adı yoxdur.

Sərhəddə sakitlik bərqərar olmasına baxmayaraq, Avropa "mülki missiyasının" Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə müşahidə missiyasını gücləndirilməsini başqa cür şərh etmək reallıqdan qaçmaqdır. Bunun çox sadə açması var: Aydın olur ki, missiyanın gücləndirilməsinin sərhəddəki durumla heç bir əlaqəsi yoxdur, çünki Azərbaycan ordusunun Ermənistana hücum etmək planı yoxdur.

Azərbaycana strateji yüksəkliklərə nəzarət etməsi sərhəddəki prosesləri kontrolda saxlamaq üçün kifayətdir. Demək ki, indiki halda Avropa İttifaqının əsas iki səbəbi gündəmdədir:

1. Ermənistanı Rusiyadan uzaqlaşdırmaq... Bunun üçün bölgədəki missiyasını gücləndirməyin vacibliyini düşünürlər.

2. Cənubi Qafqaz regionuna daxil olub, burada Rusiyanın zəifləyən mövqeyindən istifadə edərək möhkəmlənmək məqsədi ilə erməni kartından yararlanmaq. 

Lakin Rusiya da bu məsələdə Qərbin sözügedən dairələrinə ən böyük maneənin məhz Azərbaycanın ola biləcəyini çox yaxşı anlayır. Sülhməramlı kontingentin hərbi texnikalarının planlı təmir üçün Rusiyaya göndərilməsi də məhz Moskvanın Bakı faktorunun indiki vəziyyətdə ona nə qədər gərəkli olduğundan xəbər verir. Rusiya sülhməramlı kontingenti Qarabağ iqtisadi rayonu ərazisində rotasiyasını başa çatdırır. Bu, məhz Azərbaycanın istəyi, tələbidir. 

Rusiya üçün Ermənistanı itirməmək və üstəlik regiondakı mövqelərində Qərbin möhkəmlənməməsi məqsədi ilə bundan əlverişli variant ola bilməzdi. Bu tarixi fürsəti düzgün dəyərləndirən rəsmi Bakının Moskva qarşısında qaldırdığı tələb-istək çox açıq görünür ki, Kremldə razılıqla qarşılanıb. 

Son 3 ildə bir çox məsələlərdə Bakı bu cür çevik və mat gedişi etməklə ona lazımı olanları əldə etdi. Amma gedişat hər şeyin bununla yekunlaşmayacağını göstərir. Təkcə 2020-ci ildəki 44 günlük Qarabağ savaşı və 2023-cü ildəki 1 günlük antiterror əməliyyatlarını göstərmək kifayətdir ki, Azərbaycan təkbaşına bütün dünyaya işğalçı, separatçı və terrorçuyla necə mübarizə aparmağın, savaş əxlaqının və ləyaqətli müharibənin nə olduğunun örnəyini nümayiş etdirdi. 

Bir çox qarayaxma kampaniyaları və dezinformasiyalara rəğmən Azərbaycan haqlı bildiyi yoldan geri çəkilmədi və sona qədər həqiqətin kim, nə olduğunu göstərdi. Bu gün bu savaş davam edir. Ancaq bu dəfə "itirənin" təkcə Ermənistan olmayacağı da istisna deyil. Çünkü Azərbaycan hərb meydanında olduğu kimi diplomatik masada da güclü tərəf kimi təkcə İrəvana deyil, eyni zamanda onun havadarlarına, hamilərinə də gərəkli cavabı verir. 

Bu gün ətrafımızda gedən savaşlara baxdıqda Azərbaycanın mümkünsüzü bacardığına böyük hərflərlə əmin olduğumuzu görə bilərik. Azərbaycan xərclənmədi, Azərbaycan imkan vermədi ki, onun maraqları üzərindən çirkab oyunlar geniş vüsət alsın. 44 günlük müharibə ilə Azərbaycan bütün dünyaya müharibə aparmağın dərsini keçdi.

İstər Rusiya-Ukrayna, istərsə də İsrail-Fələstin müharibəsinə baxsaq görərik ki, hər iki müharibənin tətikçisi, qızışdırıcısı və silah təchizatçısı rolunda çıxış edən qüvvələr var və bu müharibələr məhz onların ssenarisi əsasında davam edir. Elə bu faktı nəzərə almaq rəsmi Bakının kənar qüvvələrin regionu və maraqlarını alət etməyə imkan verməmək üçün nə qədər ağıllı qərarlar verdiyini düşünməyə kifayət edir. 

Atabəy Türkel


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az