Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş xoşməramlı səfiri, amerikalı aktrisa Ancelina Coli İsrailin Qəzzadakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücumuna reaksiya verib və atəşkəs çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Coli qaçqın düşərgəsinin hücumdan sonrakı görüntülərini şəxsi İnstaqram hesabında paylaşaraq, “Bu, qaçmağa yeri olmayan tələyə düşmüş icmaya qəsdən edilən hücumdur” deyib.
Aktrisa Qəzzanın son 20 ildə açıq həbsxana olduğunu və bu gün sürətlə kütləvi məzarlığa çevrildiyini vurğulayıb:
“Dünya baş verənləri seyr edərkən və bir çox dövlətin aktiv dəstəyi ilə milyonlarla Fələstinli mülki vətəndaş beynəlxalq hüquqa zidd olaraq qida, dərman və humanitar yardımdan məhrum edilərkən kütləvi halda cəzalandırılır və insanlıqdan çıxarılır. Humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərə şərik olurlar".
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyi dünən İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə hücum etdiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada, hücumda ilkin təsbitlərə görə 100 nəfərin həyatını itirdiyi, düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 Blok məhəlləsinin tamamilə dağıdıldığı bildirilib.
Əfsanə
Manşet.az