<

Eldar Quliyev Türkiyədə QDİƏT PM-in iclasında

18:00 - 31 Oktyabr 2023

Eldar Quliyev Türkiyədə QDİƏT PM-in iclasında

Xəbər verdiyimiz kimi, 30 oktyabr tarixində Azərbaycan Ağsaqqallar Şurasının sədri,  Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

 

Manset.az xəbər verir ki, səfər çərçivəsində Eldar Quliyevin başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitə iclaslarına qatılıb.

QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin iclasında çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının regionda iqtisadi münasibətlərin inkişaf etdirilməsi, sülh və sabitliyin bərqərar olunması sahəsindəki 30 illik səmərəli fəaliyyətindən bəhs edib. Vurğulayıb ki, Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsi, habelə regional resurslardan səmərəli istifadə və qlobal təchizat zəncirlərinə inteqrasiya davamlı inkişaf və rifahın açarıdır. 

Eldar Quliyev çıxışında tədbir iştirakçılarının diqqətini ölkəmiz və bütün region üçün böyük əhəmiyyət kəsb edən mühüm tarixi hadisəyə - Qarabağın işğalının başa çatmasına və torpaqlarımızın geri qaytarılmasına yönəldib. O bildirib ki, 30 il ərzində Qarabağın və ona bitişik yeddi rayonun işğalından əziyyət çəkən, bir milyondan artıq vətəndaşının öz ölkəsində qaçqın vəziyyətinə düşən, yurd-yuvasından, torpağından və ən əsas hüququndan - dinc və təhlükəsiz yaşamaq hüququndan məhrum edilən Azərbaycan 2020-ci ildə nəhayət ki, bu əziyyətə, bu ədalətsizliyə son qoya bildi. Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazilərimizi işğal azad edərək öz doğma torpaqlarımıza nəzarəti bərpa etdi və bu, sülhün, ədalətin qələbəsi oldu. Çünki biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, haqlı olaraq bizə məxsus olan torpaqlarımızı qaytarmışıq. Azərbaycan Ağsaqqallar Şurasının sədri,  Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev onu da bildirib ki, biz bu qələbəni qeyd etməklə yanaşı, qaçqın və köçkünlərin öz doğma yurdlarına qayıtmasının nəhəng humanitar nəticələrini də etiraf edirik. Bir milyondan çox insanın həyatlını yenidən qurmaq və sıfırdan başlamaq üçün dəstəyə və köməyə ehtiyacı var. Onların layiqli şəraitlə təmin olunması, cəmiyyətə qaytarılması üçün əlimizdən gələni edirik.
 

O, həmçinin vurğulayıb ki, Azərbaycan işğal olunan torpaqlarımızda nəzarəti bərpa etdikdən sonra həmin ərazilərdə, Qarabağda yaşayan erməni əsilli sakinlərə ölkəmizin vətəndaşlığını almaq, tam təhlükəsiz şəraitdə yaşayaraq cəmiyyətimizə  inteqrasiya etmək imkanı təklif edib və bunun üçün hər cür şərait yaradıb. “Biz müxtəlif etnik və dini qrupların dinc yanaşı yaşamasına inanırıq və bizim təklifimiz sülhpərvərliyimizin,  əmin-amanlıq içərisində mütərəqqi cəmiyyət yaratmaq istəyimizin təzahürüdür. Biz çalışırıq ki, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız özlərini təhlükəsiz və bərabər hüquqlu hiss etsinlər, inkişaf və rifah içində yaşasınlar. Gəlin hamımız  dinc və firavan gələcək qurmaq üçün birlikdə çalışaq” - deyə Eldar Quliyev bir daha Azərbaycanın humanist, tolerant və multikultural dəyərlərə söykənən ədalətli mövqeyini yüksək tribunadan beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin