Azərbaycan mövqeyini 4 pillə yaxşılaşdırıb

19:38 - 28 Sentyabr 2023

Azərbaycan mövqeyini 4 pillə yaxşılaşdırıb

Azərbaycan 2023-ci il Qlobal İnnovasiya İndeksində (Qİİ) 89-cü pillədə qərarlaşıb.

 

Manset.az  İqtisadiyyat Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatına istinadən xəbər verir ki, bu il Azərbaycan mövqeyini 2022-ci illə müqayisədə 4 pillə yaxşılaşdırıb.

Ötən il Azərbaycan 90-cı yerdən başlayan müqayisəli göstəricilərə malik dövlətlər qrupunda qərarlaşmışdısa, 2023-cü ildə 85-ci yerdən başlayan dövlətlər qrupundadır.

Bu il Azərbaycanın “innovasiya resursları” alt indeksi 3 pillə yaxşılaşaraq 76-cı yerdədir. "İnnovativ resurslar" alt indeksi üzrə Azərbaycan reytinqdə postsovet dövlətləri məkanında Ukraynanı (78), Moldovanı (81), Ermənistanı (83), Belarusu (88), Qırğızıstanı (94), Tacikistanı (109) qabaqlayır. Bununla belə, ölkənin “innovasiya nəticələri” alt indeksi “innovasiya resursları” alt indeksindən 28 bənd geridədir.

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçıları dövlət idarəetmə orqanlarının rolunu əks etdirən İnstitutlar bloku qeyd edilir. İnstitutlar bloku bu siyahıda - yüksək 42-ci yeri tutur.

İnstitutlar blokunda Azərbaycan postsovet məkanında Özbəkistanı (55), Qazaxıstanı (61), Ermənistanı (69), Tacikistanı (90), Moldovanı (96), Ukraynanı (100), Rusiyanı (110), Qırğızıstanı (122), Belarusu (128) qabaqlayır. Bu blokda “institusional mühit” istiqamətini - 54-cü yer, eləcə də ötən illə müqayisədə 23 pillə yaxşılaşan “hökumətin səmərəliliyi” göstəricisini - 58-ci yeri qeyd etmək lazımdır. Bu blokda “biznes mühiti” (17-ci) və "biznesin aparılması siyasəti" (22-ci) indikatorları yüksək yerlər tuturlar.

Azərbaycan “insan kapitalı və elm bloku” üzrə MDB ölkələri Özbəkistanı (89), Ermənistanı (92) və Tacikistanı (99) qabaqlayaraq, reytinqdə 87-ci yeri tutub. Bu il Azərbaycan təhsil inteqral göstəricisi üzrə 76-cı yerdə qərarlaşıb ki, bu da ötən illə müqayisədə 16 pillə yaxşıdır. Bu sahədə Azərbaycan MDB daxilində Özbəkistanı (78), Tacikistanı (90), Ermənistanı (93) qabaqlayır. Bu blokda yüksək yerləri “tələbə-müəllim nisbəti” - 17-ci, “tələbələrə dövlət sərmayəsi” - 28-ci, “tədqiqatçılar” 44-cü yer, “elm və texnologiya sahəsi üzrə məzunlar” 47-ci yer indikatorları tutur. “Tədqiqat və inkişaf” üzrə inteqral göstərici 2022-ci ildəki 76-cı yerdən 2023-cü ildə 73-cü yerə yüksələrək öz mövqeyini yaxşılaşdırıb.

“İnfrastruktur” blokunda ötən illə (71) müqayisədə “elektrik enerjisinin istehsalı” göstəricisi 4 pillə yaxşılaşıb - 67-ci yer.

Daxili Bazarın İnkişafı bloku üçün göstəricilərin əhəmiyyətli hissəsi üzrə məlumat reytinqdə əksini tapmayıb.

Azərbaycan “Biznesin inkişafı” bloku üzrə aşağıdakı postsovet ölkələrini qabaqlayaraq, reytinqdə 64-cü yeri tutub: Belarus (74), Qazaxıstan (75), Özbəkistan (78), Ermənistan (94), Moldova (101), Tacikistan (110), Qırğızıstan (114).

“Biznesin İnkişafı” blokunda “Universitetlər və sənaye sahəsi arasında elmi-tədqiqat və təcrübi-konstruktor işləri sahəsində əməkdaşlıq”- 25-ci yer, “klaster inkişafı” - 28-ci yer- indikatorları yüksək yerləri tuturlar.

“Elmi dərəcəsi olan məşğul qadınlar” 55-ci yer, (əvvəlki göstərici -57), “biznes tədqiqat və araşdırmaların maliyyələşdirilməsi” 57-ci yer, “əqli fəaliyyət işçiləri” indikatoru 62-ci yerə (65) yüksəlib. Bu blokda Azərbaycan “innovasiya əlaqələri” üzrə 48-ci yeri tutub və ötən illə müqayisədə (56-cı yer) reytinqini 8 pillə yaxşılaşdırıb.

“İnnovasiya nəticələri” alt indeksi mühüm nəticəvi indeksdir. Əgər “innovasiya resursları” alt indeksi innovasiya üçün əlverişlilik səviyyəsini əks etdirirsə, “innovasiya nəticələri” alt indeksi bu sahədə nailiyyətləri əks etdirir. Bu alt indeks nə qədər yüksək olarsa, bir o qədər innovativ imkanlardan tam və rasional istifadə olunur.

Biliklər və texnologiyaların nəticələri blokunda ixtiralar - 63-cü yer (ötən il 71-ci yer), PCT patentləri - 87-ci yer (ötən il 91-ci yer) və faydalı modellər - 49-cu yer tutmaqla, əqli mülkiyyət indikatorları siyahıda mövqelərini nisbətən yaxşılaşdırıb. “Biliyin təsiri” istiqaməti üzrə “əmək məhsuldarlığının artımı” indikatoru 20 pillə yaxşılaşaraq - 62-ci yerə (ötən il 82-ci yer), “startapların dəyərləndirilməsi” indikatoru isə 48-ci yerə çıxıb.

“Kreativ fəaliyyətin nəticələri” blokunun “qeyri-maddi aktivlər” istiqamətində “əmtəə nişanları” əqli mülkiyyət indikatoru 66-cı yeri tutaraq, ötən illə müqayisədə tutduğu yeri 14 pillə yaxşılaşdırıb. Qeyd etmək lazımdır ki, Azərbaycan üzrə “əmtəə nişanları” indikatoru MDB çərçivəsində Qazaxıstanı (85), Belarusu (88), Tacikistanı (104), Qırğızıstanı (102) qabaqlayıb.

“Azərbaycan bu sahədə mühüm nəticələr əldə etmək üçün müasir institutlar yaradıb, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirir, səmərəli biznes modellərini tətbiq edir, İKT sektorunu fəal şəkildə inkişaf etdirir, ölkənin inkişafına mühüm resurslar yatırır. Bu isə Qİİ-nin yaxşılaşdırılması üçün ehtiyatdır. Qİİ-nin tərtibatçı-ekspertlərinin qeyd etdiyi kimi, “Azərbaycan innovasiyalara investisiya qoyuluşu ilə müqayisədə onların nəticələrindən daha yüksək göstəricilər nümayiş etdirir”.- o qeyd edib.

Xatırladaq ki, “Qlobal İnnovasiya İndeksi - 2023” 132 ölkəni əhatə edib. İndeks Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) sayca 16-cı birgə nəşridir. Bu il Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib edilib.

Qİİ-2023 reytinqi innovasiya fəaliyyətinin iki əsas - "innovasiya resursları" və "innovasiya nəticələri" alt indeksinlərinə daxil olan 7 qrup indikatordan ibarətdir.

"İnnovativ resurslar" alt indeksi: 1- təsisatlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı olmaqla beş qrupa bölünməklə, ölkələrin iqtisadiyyatının elementlərini dəyərləndirməyə imkan verir.

"İnnovativ nəticələr" alt indeksi: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri adlı iki qrupa bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin