İranın məhkəmə orqanları keçmiş Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsi ilə bağlı başda ABŞ-ın keçmiş prezidenti Donald Tramp olmaqla 73 amerikalıya qarşı ittihamnamə hazırlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şiraz şəhərində keçirilən tədbirdə çıxış edən İran Ədliyyə Sistemi sədrinin birinci müavini Məhəmməd Müsaddiq Süleymaninin öldürüldüyü hücumla bağlı Tehranın həyata keçirdiyi məhkəmə prosesi haqqında məlumat verib.
Süleymaninin İraq hökumətinin rəsmi dəvəti ilə Bağdadda olarkən öldürüldüyünü deyən Müsaddiq bunun “İranın milli təhlükəsizliyinə qarşı açıq-aşkar terror aktı” olduğunu bildirib.
Musaddiq hücumun səbəbkarlarının müəyyən edilərək mühakimə olunması üçün lazımi işlərin aparıldığını və mövzu ilə bağlı 60 cild hüquqi sənədin toplandığını bildirib.
Sui-qəsdə qarışan 97 nəfər müəyyən edilib. İndiyə qədər isə 73 amerikalıya qarşı ittiham aktı hazırlanıb. Onların arasında açıq-aşkar terror aktını sifariş edən ABŞ-ın keçmiş prezident Tramp da var.
Aygün
Manşet.az