Ordumuz Qarabağda “şeytan yuvasını” DAĞITDI – Separatizmin ayağı kəsilir

09:07 - 23 Sentyabr 2023

Ordumuz Qarabağda “şeytan yuvasını” DAĞITDI – Separatizmin ayağı kəsilir

Moskva-İrəvan gərginliyi fonunda Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında separatçılara qarşı apardığı lokal antiterror tədbirlər yenidən öz effektini verdi.

Bu əməliyyatlar məhz sentyabrın 18-dən 19-na keçən gecə Qarabağ iqtisadi rayonunda Azərbaycan polisinin Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı silahlı birləşmələri tərəfindən hazırlanan mina terrorunun qurbanı olması hadisəsinə cavab olaraq başladı. 

Azərbaycanın Qarabağdakı əməliyyatları Paşinyanı devirmək məqsədində olan Rusiya kimi, Paşinyanın özünə də sərf edirdi. Qərbə meyillənən, son aylar anti-Rusiya siyasəti geniş vüsət alan rəsmi İrəvan çalışdı ki, növbəti dəfə Rusiyanı erməniləri öz maraqları uğrunda istismar edən dövlət, etibarsız müttəfiq kimi həm daxili, həm də xarici auditoriyasına təqdim etsin. 

Paşinyanın son açıqlaması bir daha bu fikirlərin reallığı özündə nə qədər əks etdirdiyini təsdiqləyir. Belə ki, Nİkol Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Rusiyadan başqa alternativlərə yönəlməli olduqlarını, Rusiyanın bunu təmin etmək gücündə olmadığını son açıqlamalarında aydın şəkildə qeyd etdi. 

Nə qədər qəribə səslənsə də, Azərbaycanın ərazisi olan Qarabağ iqtisadi rayonunun dağlıq hissəsində başlatdığı lokal antiterror tədbirlərinə Rusiya qədər İrəvan da seyirci mövqeyində dayanmağı seçdi. Paşinyan açıq şəkildə bəyan etdi ki, biz Azərbaycanla yeni bir müharibəyə girməyəcəyik. Görünür, Ermənistan baş naziri iki ölkə arasında hərbi güclərin paralelliyini apararkən qüvvətlər nisbətinin Azərbaycanın böyük üstünlüklə xeyrinə olduğunu bildiyi üçün, eskalasiya məqsədi ilə atacaqları istənilən addımın Ermənistana çox baha gələcəyini anlamışdı.

Elə Qarabağdakı hərbi əməliyyatların Ermənistan ərazisinə sıçramaması üçün rəsmi İrəvan Azərbaycanın Qarabağda başlatdığı antiterror tədbirlərinə seyirci qalmağı ən doğru variant biliblər. Rusiya Qərbi tutub, forpostu olan ölkənin indi ona qarşı itaətsizliyini qəbul edə bilmədiyindən Ermənistana və qondarma rejim qalıqlarına dərs vermək məqsədi ilə Ermənistan Silahlı Qüvvələrinin qanunsuz silahlı birləşmələrini Azərbaycan Ordusu ilə təkbətək buraxmaq qərarı verdi. 

Bakıya da növbəti dəfə belə bir fürsət lazım idi. Azərbaycan Ordusu ələ düşən bu imkandan yararlanaraq gözləniləndən də tez bir müddətə - cəmi 23 saat 43 dəqiqədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı radikal separatçıları ağ bayraq qaldırmağa məcbur qoydu. Qarşı tərəfin 90-dan çox döyüş mövqeyi və xeyli sayda hərbi texnikası Ordumuzun nəzarətinə keçdi ki, bu da qondarma rejim qalıqlarının Azərbaycan ərazisindəki varlığının sonu demək idi.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərksilah olunma prosesinə başlanıldı. Artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnikanın Ordumuza təhvil verilməsi prosesi də icra edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirildi ki, bu da rəsmi Bakının növbəti tarixi zəfəri rəsmiləşdirməsi deməkdir. 

Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəməklə dolayısı ilə Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyasına başlanılması üçün fürsətin ayağına gəldiyini göstərmiş oldu. Bu görüşün artıq tək və əvəzolunmaz Azərbaycan bayrağı altında təşkil olunması bölgədə yeni geosiyasi dönəmin başlandığına önəmli mesaj oldu. 

Artıq ötən gün səhər radələrində Azərbaycan Ağdam-Xankəndi yolu ilə humanitar yardımını məhz öz sürücüləri, öz avtomobilləri ilə Xankəndiyə yola saldı. Bu da Azərbaycanın legitim, əzəli və tarixi ərazisində suveren hüquqlarının təmini üçün blokadaları əhəmiyyətli şəkildə yarmağı bacardığını göstərdi. Proseslərin bu cür cərəyan etməsi Qarabağ ermənilərinin daha qısa müddətdə Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmasına, bu cəmiyyətin bir üzvü olmalarına ciddi şəkildə öz müsbət nəticələrini göstərəcək.

Atabəy Türkel


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin