<

XİN başçıları Yevlax görüşündən danışdılar

21:00 - 21 Sentyabr 2023

XİN başçıları Yevlax görüşündən danışdılar

Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Hanke Braun Slot ilə görüşüb, həmkarını Yevlaxdakı görüş barədə məlumatlandırıb.

 

Bu barədə Manset.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov həmkarını Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalı, 44 günlük Vətən müharibəsindən sonra Emənistanın Azərbaycanın Qarabağ bölgəsində qurduğu rejimin qanunsuz mövcudluğundan irəli gələn regional risklər və təhdidlər, Ermənistanın sülh prosesinə xələl gətirən addımları barədə ətraflı məlumat verib.

C.Bayramov bölgədə lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillərdən söz açaraq qondarma rejimin son təxribatları, terror hücumları barədə həmkarını ətraflı məlumatlandırıb, ölkəmizin suveren ərazisi daxilində növbəti hərbi təxribatların və terror aktlarının qarşısının alınması məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən tədbirlərin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına tam uyğun olduğunu vurğulayıb.

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin öhdəliklərə zidd olaraq bölgədə qanunsuz mövcudluğunu davam etdirməsinin davamlı sülhə ciddi əngəl olması səbəbindən onların Azərbaycan ərazisindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının labüd olduğu, hərbi təxribatların və törətdilmiş terror aktlarının qətiyyətlə pislənməsinin, Ermənistan daxilində separatist və revanşist qüvvələrin cəsarətləndirilməsinə yönəlik bəyanatların verilməməsinin zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Görüşdə, həmçinin 20 sentyabr tarixində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəticəsində lokal xarakterli antiterror tədbirlərinin dayandırıldığı, 21 sentyabr tarixində Azərbaycanın Yevlax şəhərində reinteqrasiya məsələlərini müzakirəsi məqsədilə görüş keçirildiyi diqqətə çatdırılıb, bu addımların Azərbaycan Ermənistan arasında normallaşma gündəliyi üzrə maneənin aradan qalxmasına töhfə verəcəyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycanla Niderland arasında qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadilələri aparılıb.


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin