"Qarabağ" "Molde"yə qalib gəldi- YENİLƏNDİ

22:40 - 21 Sentyabr 2023

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.

 

Manset.az-ın məlumatına görə, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.

Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.

***21:57

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

 

Manset.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub.

***21:46

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.

 

Manset.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra hesab 0:0-dır.

***21:31

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda birinci hissə başa çatıb.

 

Manset.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıb.

***20:45

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.

 

Manset.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.

Start fitindən əvvəl Liviyada baş vermiş daşqın və Mərakeşdə yaşanmış zəlzələ nəticəsində həlak olanların xatirəsi dəqiqəlik sükutla yad edilib.

Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.

***19:38

UEFA Avropa Liqasının l turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Molde” matçında iştirak edəcək heyət bəlli olub.

 

Manset.az xəbər verir ki, “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov - 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir və 18. Juninyoya şan verib.

Baş məşqçisi Erlinq Moenin komandasının ilk “11-liyi”ndə isə 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k) yer alıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin