<

Nikahın pozulması ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır - ARAŞDIRMA

18:49 - 21 Sentyabr 2023

Nikahın pozulması ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır - ARAŞDIRMA

Azərbaycanda nikahların pozulması ilə bağlı statistik rəqəmlər narahatedici səviyyədədir. Nikahın pozulması ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır. İnsanlar ailə qurarkən ömür boyu bir-birini sevəcəklərinə, dəstək olacaqlarına inansalar da, zaman keçdikdə bir çox səbəblərdən izdivaclar boşanma ilə nəticələnə bilər. Statistik göstəricilərə görə, son illər Azərbaycanda boşanan cütlüklərin sayı artıb. Sosial həyatdakı dəyişikliklər, boşanma nisbətlərinin artmasının mühüm səbəbidir.

 

Manset.az xəbər verir ki, AZƏRTAC ölkədə boşanmaların artması, uzunmüddətli və sağlam ailələrin təməlləri ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil-mediator Rəşad Əliyev Azərbaycanda nikahların pozulması ilə bağlı statistik rəqəmlərin həqiqətən narahatedici həddə olduğunu vurğulayıb: "Vəkil və mediator olaraq icraatımda olan işlərdə ailə mübahisələrinin ən müxtəlif səbəbləri ilə rastlaşmaq mümkündür. Qeyd edim ki, nikahın pozulması ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır. Bəzən kişilərdə məişət zorakılığı, narkotik, alkoqol, qumar və digər zərərli vərdişlərin olması səbəbindən qadınların daha çox boşanma üçün müraciət etmələri müşahidə olunur. Boşanmaya səbəb kimi ən çox gətirilən məsələlərə qısqanclıq, maddi imkanla bağlı ailədə yaranan narazılıqlar, kənar təsirlər - qaynana, baldız və qohumların ailə məsələlərinə müdaxiləsi və digər nüansları qeyd etmək olar. Qısqanclıq zəminində yaranan konfliktlər, adətən, sosial şəbəkələr səbəbindən olur. Ancaq bəzən məsələlərin kökünü araşdırdıqda tərəflər arasındakı nikahın pozulması üçün çox da ciddi səbəblər olmadığını və qarşılıqlı müzakirənin anlaşılmazlıqları aradan qaldıra biləcəyini görürük. Hətta məlum olur ki, əslində tərəflərin heç biri boşanmaq istəmir. Sadəcə xırda bir məsələdən yaranan konflikt münasibətləri daha da pisləşməyə doğru aparır. Halbuki vaxtında həmin xırda problemi həll etməklə ailəni dağıtmamaq mümkündür".

Tərəflərdən birinin münaqişə halında "boşanmaq istəyirəm" deməsi problemi dərinləşdirə bilər

"Bəzən tərəflərdən birinin sadəcə münaqişə halında olduqları vaxtda "boşanmaq istəyirəm" deməsi belə problemi daha da dərinləşdirə bilir. Bu mənada, mediasiya institutunun ailə mübahisələrinin həllində rolu danılmazdır. Təbii ki, ad çəkmədən bunu misallarla çatdırmağa çalışacağam. İcraatımda olan işlərdə dəfələrlə olub ki, sırf nikahın pozulması iddiası ilə məhkəməyə müraciət etmək məqsədilə mediasiyaya gələn tərəflərlə birlikdə və ayrı-ayrılıqda söhbət zamanı əslində ciddi bir problem olmadığı ortaya çıxıb. Belə halda tərəflər özləri buna görə ailəni dağıtmamaq qənaətinə gələrək boşanmaqdan imtina ediblər. Boşanmalarda ən çox əziyyət çəkən tərəf uşaqlar olur. Çünki əksəriyyət boşanmalar zamanı hətta məhkəmə qaydasında ayrıldıqdan sonra da tərəflər bir-birinə qarşı aqressivliklərini davam etdirirlər. Məsələn, ana çalışır ki, uşaqları ataya göstərməsin, ata da qarşılığında alimenti ödəməkdən yayınmağa çalışır. Nəticədə uşaqlar həm valideynlə görüşmək hüququndan, həm də normal maddi vəziyyətdə yaşamaqdan məhrum olurlar. Bu da tərəflər arasında əlavə məhkəmə çəkişmələri ilə nəticələnir. Ona görə də, mediasiyada tərəflər arasında nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilməsə, mediator nikahın pozulmasından sonra yarana biləcək mübahisələri uşaqların mənafeyi nəzərə alınmaqla həll etməyə çalışır. Bu zaman tərəflər mediasiyada uşaqların digər valideynlə ünsiyyət hüququ, aylıq alimentin məbləği və ödənilmə qaydası, uşaqların zəruri hallarda digər valideynin razılığı olmadan ölkədən çıxarılması, həmçinin yaranması ehtimal edilən digər mübahisələrlə bağlı saziş imzalaya bilərlər. Belə saziş təqdim edildikdə məhkəmə yalnız nikahın pozulması ilə bağlı iddiaya baxır. Digər məsələlərlə bağlı isə tərəflər sazişin şərtlərini könüllü icra edirlər. Əgər tərəflərdən hər hansı biri sazişin şərtlərini yerinə yetirməkdən imtina edərsə, o halda digər tərəf sazişin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə xüsusi icraat qaydasında iddia ilə məhkəməyə müraciət edə bilər",- deyə vəkil qeyd edib.

"Xasiyyətimiz uyğun gəlmir" iddiası nikahın pozulması üçün əsas qəbul edilir

Vəkil Azərbaycan qanunvericiliyinə görə, nikahın pozulması üçün hər hansı ciddi səbəbin olmasının zəruri olmadığını və tərəflərin birinin sadəcə "xasiyyətimiz uyğun gəlmir" iddiası ilə digər tərəflə nikahda qalmaq istəməməsinin nikahın pozulması üçün əsas qəbul edildiyini deyib: "Bu halda müraciət edən tərəfin, yaxud digər tərəfin haqlı olub-olmadığı əhəmiyyət kəsb etmir.

Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Məcəllənin 19.2-ci maddəsinə əsasən isə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və digər) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Həmin məcəllənin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda isə nikah məhkəmə qaydasında pozulur. Bu zaman tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən isə məhkəmədə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Beləliklə, ən xırda səbəbdən yaranan konfliktin dərinləşməsinə görə məhkəmədə qaldırılan nikahın pozulması iddiası zamanı tərəflərin ən azı birinin boşanma ilə bağlı təkid etməsi mütləq qaydada nikahın pozulması ilə nəticələnir. Hesab edirəm ki, nikahın pozulması statistikasındakı artımın bir səbəbi də bununla bağlıdır".

Sağlam ailə uşaqlarda sağlam mənəvi əxlaqı formalaşdıran ən vacib amildir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri üzrə şöbə müdiri Gülnarə Məmmədova öncədən düzgün seçilməyən münasibətlərin təməlinin gələcəkdə daha tez sarsıldığını deyib: "Münasibətlərin qurulması ilə bağlı gənclərlə tez-tez müəyyən tövsiyələr verilir. Komitə olaraq onlarla görüşlər keçirdirik və evliliklər zamanı ortaya çıxan problemlərin həlli yolları, sağlam münasibətin qurulması üçün lazım olan davranış metodları haqqında məlumatlandırırıq. Hər iki tərəf evlənmədən öncə qarşı tərəfi mütləq tanımalıdır. Sadəcə, qısa bir tanışlıq əsasında qurulan ailələrdə boşanma halları daha çox baş verir. Bir-birlərinin sadəcə xarici görkəmini bəyənməklə evlilik bir müddət sonra adiləşir. Onların xarakterləri, dünyaya baxış tərzləri uyğun olmur. Hər iki tərəf dünyaya öz pəncərələrindən baxır. Əlbəttə, ölkəmizdə boşanmaların əksəriyyətində kənar qüvvələrin təsiri böyükdür. Valideynlər, qohumlar bəzən ər-arvaddan daha çox ailəyə müdaxilə edirlər. Bu səbəbdən düşünürəm ki, boşanmaq ərəfəsində olan ailələrin valideynlər ilə də maarifləndirici görüşlərin keçirilməsi daha yaxşı olardı. Bəzən valideynlər övladlarının 24-25 yaşında evlənməsini istəyirlər. Onları evliliyə zorakı olmasa da, psixoloji olaraq tələsdirirlər. Bu isə, əsasən, qızların daha tez evlənməsinin başlıca səbəbidir. Evlilik faktı reallaşmadan öncə hər iki tərəfin təhsilli və öz ayaqları üzərində durması vacibdir. Təhsil gənclərin dünyaya baxış tərzini, empatiya qabiliyyətini inkişaf etdirir".

G.Məmmədova boşanmaq istəyən cütlüklərə nikahın pozulmasının yaradacağı fəsadlar barədə geniş məlumat verməyi məsləhət görüb: "Bəzən hər iki tərəfin valideynləri kiçik bir konfliktə övladlarına boşanmağı məsləhət görür. Bu düzgün addım deyil. Xüsusilə, uşaqları olan ailələrin dağılması daha böyük fəlakətlərlə nəticələnir. Çünki bu zaman konflikt sadəcə nikahın pozulması ilə bitmir. Uşaqların hansı valideyn ilə qalması, aliment məsələləri, yarana biləcək digər problemlər uşaqların psixologiyasına düzgün təsir etmir. Sivil boşanmalar zamanı tərəflərin bir-birlərinə qarşı nifrət bəsləməyi düzgün deyil. Evlənmək istəyən hər kəs ata-ana olmağın olduqca çətin proses olduğunu bilməlidir. Valideynin məsuliyyəti sevgidən, mərhəmətdən ibarət deyil. Nikah pozulan zaman ana çox zaman övladlarına bu məsələdə atanı günahlandırır. Atalar isə aliment məsuliyyətindən qaçırlar. Sağlam ailə uşaqlarda sağlam mənəvi əxlaqı formalaşdıran ilkin və ən vacib amildir. Ailə dəyərlərində nümunəvi uzunömürlü ailələr təbliğ edilməlidir".

Xüsusilə, uşaqları olan ailələr boşanma qərar verməzdən öncə psixoloji yardım almalıdır

Psixoloq Xalidə Qasımova boşanmaq istəyən və istəməyən tərəflərin hər ikisi üçün münasibətə son qoymağın travmatik və xaotik olduğunu deyib: "Boşanma prosesində hər iki tərəfin sahib olacağı xüsusi emosiyalar, münasibət və dinamikalar var. Məsələn, boşanmaq istəyən adamda qorxu, rahatlıq, yadlaşma, səbirsizlik, kin, şübhə, günah kimi hisslər yaşaması normaldır. Eyni şəkildə boşanmaq istəməyən həyat yoldaşı da şok, xəyanət, nəzarəti itirmə, özünü qurban kimi görmək, özünə inamını itirmək, güvənsizlik və qəzəb kimi bir çox duyğuları eyni anda yaşayır.

İnsanlar çox zaman tək bir hadisə səbəbindən boşanmaq qərarı vermirlər. Hər münasibətdə boşanmaq səbəbləri fərqli olsa da, əslində bunun zamanla üst-üstə gələn proseslər bilməcəsi olduğu görülür. Boşanma qərarı verməyə sövq edən bütün psixoloji və emosional mərhələlərə toxunmaq istərdim. İlkin mərhələ "faktları görmək" adlanır və bəzən boşanma qərarından 1-2 il əvvəl baş verir. İnsanda məyusluq, kin, inamsızlıq kimi hallar yaranmağa başlayır. İkinci mərhələ "narazılığın ifadəsi" adlanır. Adətən, boşanma üçün ərizə verməkdən 8-12 ay əvvəl baş verir. İnsan qarşı tərəfə öz narazılığını və emosional çaşqınlığını bildirir. Bu dövrdə evlilik terapiyası alınması məsləhət görülür. Xüsusilə, uşaqları olan ailələrin boşanmaq üçün qərar verməzdən öncə psixoloji yardım alması vacibdir. Münasibətləri yaxşılaşdırmaq üçün tətilə çıxmaq da olar. Daha sonra "boşanmaya qərar vermək" mərhələsi gəlir və bu zaman tərəflər bir-biri arasında emosional məsafə yaradır. Boşanmaq istəməyən insan ilk mərhələdə inkar, depressiya, rəddedilmə, özünə inamını itirmə, qəzəb kimi duyğular yaşamağa başlayır. Hər iki tərəf qarşı tərəfin qurbanı olduğunu düşünür. "Boşanma iddiasının verilməsi" isə sonuncu mərhələdir. Həyat yoldaşları həm fiziki, həm də emosional olaraq ayrılırlar. Tərəflər münasibətdən kənar xarakterlərini yenidən formalaşdırmağa və özünü yenidən təyin etməyə çalışır. Hər iki şəxs böyük psixoloji travma alır və qorxu, günah, utanc kimi duyğular yaşayırlar".

Psixoloq boşanmaların müxtəlif səbəblərdən baş verdiyini qeyd edib: "Həyat yoldaşlarının evlilikdə bir-birlərinin istəklərini qarşılamaqdan imtina etməsi, ahəngdar şəkildə həyata keçirilə bilməyən münasibətlər, sevgi və hörmətin azalması, mədəni fərqlər, fərdlərin maddi problemləri, sosial şəbəkə istifadəsi əsas səbəblər sayılır. Son dövrlər bütün dünyada olduğu kimi, Azərbaycanda da boşanmaların sayı sürətlə artır. İnsan münasibətlərindən başlayaraq modernləşmə, urbanizasiya və sənayeləşmə proseslərinin gətirdiyi dəyişikliklər, evlilik və ailə anlayışından tutmuş bütün cəmiyyətə əhəmiyyətli dərəcədə təsir edib. Səbəblər geniş şəkildə analiz edilməli, müxtəlif tədqiqatlar aparılmalıdır".

Qeyd edək ki, bu ilin ilk altı ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 29 min 191 nikaha daxilolma və 12 min 610 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1-dən 4,9-a enib, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin