İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
23 Noyabr 2024
12:31 - 8 Sentyabr 2023
Azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyinin uğurlu təməlidir. Xalqımızın milli-mənəvi dəyərlərini qorunub-saxlanmasında, dövlət və vətəndaş birliyinin, həmçinin, gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında azərbaycançılıq ideologiyası mühüm rol oynayır. İndiyədək azərbaycançılıq ideologiyasının təbliğ olunmasında dövlət və millət olaraq mühüm addımlar atılıb.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında deputat Emin Hacıyev bildirib ki, milli ideologiyamız olan azərbaycançılıq Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-siyasi və psixoloji xüsusiyyətlərini və xalqımızın demokratik dövlət uğrunda mübarizəsini özündə cəmləşdirən bir ideologiyadır. Bu ideologiyanın əsasında ölkəmizdə yaşayan bütün etnik qrupların və xalqların ümumdövlət mənafelər və dəyərlər əsasında birləşmək ideyası dayanır.
Emin Hacıyev qeyd edib ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümumilli Lider Heydər Əliyevin tarixi xidmətidir:
“Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıtdıqdan sonra dövlətin müstəqilliyi və gələcək inkişafını təmin etmək məqsədilə Azərbaycan cəmiyyətinin möhkəmlənməsinin ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Ümummilli Liderin 5 iyul 2002-ci il tarixli sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması ölkəmizin xarici siyasətinin keyfiyyətcə yeni və uğurlu mərhələsi oldu. Bu eyni zamanda çox geniş və strateji mərhələ idi. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan Ulu Öndərin fərmanıyla yaranan bu qurum Vətəndən uzaqda yaşayan yüz minlərlə həmyerlimizin birləşməsinə və həmrəyliyinə rəvac verdi. Azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident cənab İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur. Ötən illər ərzində bu ideologiyanın dünya azərbaycanlıları arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb. Dövlətimiz tərəfindən bu sahədə çoxlu maarifləndirici tədbirlər- uşaq, yeniyetmə və gənclər arasında hər il təşkil olunan bilik müsabiqələri, Azərbaycanın bölgələrini, mədəniyyətini, tarixini tanıdan layihələr həyata keçirilir”.
Deputatın sözlərinə görə hal-hazırda ölkəmizdə mövcud olan milli birlik mühitinin formalaşması azərbaycançılıq ideyasının təbliği və tətbiqi sayəsində mümkün olub:
“Vətəndaş kimi hər birimiz öz tariximizi, adət-ənənələrimizi və bu ideologiyanı dərindən öyrənməli, ölkəmiz haqda həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirak etməliyik. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməlidir. Xüsusilə xaricdə yaşayan soydaşlarımız öz övladlarına doğma dilimizi mütləq öyrətməli və ölkəmizin tarixi barədə onları məlumatlandırmalıdırlar. Xarici ölkələrdə böyüyən gənclərimizin milli ruhda yetişdirilməsi önəmlidir. Bu sahədə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən uğurlu layihələr həyata keçirilir. Soydaşlarımızın sıx məskunlaşdığı ölkələrdə diaspor təşkilatlarının nəzdində “Bazar günü” məktəblərinin fəaliyyəti genişlənməli və bu ölkələrdə böyüyən gənc nəslə Azərbaycan dilini, tariximizi, mədəniyyətimizi və s. öyrənmək üçün əlverişli şərait yaradılmalıdır. İşin daha da keyfiyyətli təşkili üçün diaspor təşkilatları səfirliklərimizlə sıx əməkdaşlıq etməlidir. Xarici ölkələrdə yaşayan iş adamlarımızın diaspor təşkilatlarının fəaliyyətinə dəstək üçün bu təşkilatlara mütəmadi iaənələri çox vacibdir. Torpaqlarımızı işğaldan azad etdikdən sonra Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa daha böyük ehtiyac yaranıb. Bildiyimiz kimi Ermənistan qərəzli və yalan təbliğatlar aparmağa davam edir. Belə olan bir halda hər birimiz daha fəal olmalı, müasir dövrün yeniliklərindən istifadə edərək ideologiyanın təbliğinə öz töhfəmizi verməliyik. Eyni zamanda tariximiz, mədəniyyətimiz və dilimizin təbliği üçün müxtəlif dillərdə materiallar hazırlanmalıdır. Azərbaycan haqqında həqiqətlərin xaricdə daha dərindən və geniş auditoriyaya çatdırılması istiqamətində görülən işlərə vətəndaş olaraq dəstəyimizi əsirgəməməliyik”.
Emin Hacıyev qeyd edib ki, lobbiçilik fəaliyyətinin inkişafında savadlı və milli ruhda böyüyən gənclərimizə böyük ehtiyac var:
Heydər Əliyev Fondu tərəfindən Azərbaycanı dünyada tanıtmaq və mədəni, tarixi, elmi, incəsənət, musiqi, idman, və s. sahələrdə əldə etdiyimiz nailiyyətlərin dünyaya çatdırılması istiqamətində bir çox layihələr həyata keçirilir. Xüsusilə də Azərbaycan dilinin və mədəniyyətinin təbliği üçün Fond tərəfindən dünyanın bir çox ölkələrində sərgilər, mədəniyyət günləri və festivallar təşkil olunur. Fondun Prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə artıq dünyanın bir sıra universitetlərində Azərbaycan dili tədris olunur. Mehriban xanımın xarici ölkələrə səfərləri və burada onun təşəbbüsü ilə həyata keçirilən layihələrin nəticəsində diaspor nümayəndələrimizə yerli hökümətlər tərəfindən daha müsbət münasibət formalaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) öz fəaliyyəti ilə gənclər hərəkatına və diaspor fəaliyyətinə böyük təkan vermişdir. Bu təşkilat Azərbaycan həqiqətlərini Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi yer tutur. Leyla xanımın sədrliyi ilə qısa zamanda birlik tərəfindən gənclərimizin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində mühüm addımlar atılmışdır. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəxri sədri Leyla xanım Əliyevanın lobbiçilik və diaspor fəaliyyətinin inkişafında xidmətləri misilsizdir”.
Diasporla İş üzrə DK-nın şöbə müdiri Vəsilə Vahidqızının sözlərinə görə azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən ən böyük dəyərdir. Bu dəyərin xaricdə yaşayan soydaşlarımız və Azərbaycana dost münasibəti bəsləyən diasporların arasında necə təbliğ olunmasını bir neçə mühüm amilə diqqət çəkməklə cavablandırmaq olar:
“Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə son 5 ildə müxtəlif ölkələrdə Azərbaycan evləri açılıb. Həmin evlərdə həftəsonu məktəbləri və çeşidli ölkələrdə Azərbaycan günlərini təşkil olunur. Hazırda dünyadakı Azərbaycan evlərinin sayı 20-dir. Kanada, Türkiyə, Ukrayna, Almaniya, İspaniya, Macarıstan, Gürcüstan, Polşa, Yunanıstan, Avstriya, Misir, Finlandiya, Estoniya, Belçika və bəzi başqa ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir. Müxtəlif ölkələrdəki Azərbaycan evləri hər şeydən əvvəl xaricdə azərbaycançılığı, milli-mənəvi dəyərləri, ana dilini təbliğ edən sosial-mədəni məkandır və soydaşlarımızın sözdə deyil, reallıqda birlik anlayışını, təşkilatlanmasını gücləndirmək funksiyasına malikdir. Diasporla İş üzrə DK bütün Azərbaycan evlərini lazımı vəsaitlərlə, kitablar, videomateriallar, milli atributlarla və s. ilə tam təmin edir və onların müxtəlif xarakterli tədbirlərinin təşkilinə yaxından kömək göstərir. Həmin evlərdə milli bayramlarımız, hüzn günləri qeyd olunur, müxtəlif toplantılar, yerli sakinlərlə görüşlər keçirilir, filmlərimiz nümayiş olunur, sərgilər təşkil edilir. Bir sözlə Azərbaycan evləri ölkəmizin dünyada tanıdılmasında əvəzsiz rol oynayır. Həftəsonu məktəbləri xaricdəki icmalarımızın Azərbaycanla bağlılıqlarına, soydaşlarımız arasında azərbaycançılıq ideyasının təbliğinə, onların təşkilatlanmasına, birləşməsinə təsir edən, yeni nəsil diasporu formalaşdıran ən mühüm faktorlardan biridir”.
Vəsilə Vahidqızı bildirib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilən möhtəşəm V Qurultayındakı tarixi çıxışında xaricdəki yeni nəsil soydaşlarımıza yönəlik vacib tövsiyyələr vardı:
“Cənab prezident açılış nitqində ikinci, üçüncü nəsil azərbaycanlıların öz mədəniyyətinə bağlılığı məsələsinə toxunub. Prezident bunun üçün ilk növbədə, Azərbaycan dilini bilməyin vacibliyni vurğulayıb. Xarici təhlilçilərə görə “ana dili” ifadəsindəki ana sözü hamımızın eyni “can”dan olduğumuzu xatırlatmaqdan daha böyük anlam daşıyır. Ona görə ki, ana sözü həm də “təməl”, “eyni”, “əsas” kimi məna çalarlarının cəmidir. Bu baxımdan haqqında danışdığımız həftəsonu məktəbləri və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə açılan “Qarabağ” məktəbləri müxtəlif ölkələrdə doğulan azərbaycanlı uşaqların gələcəyi üçün, azərbaycanlı olduqlarını unutmamaları və azərbaycançılıq ideyalarına daim sadiq qalmaları üçün əvəzsiz addımdır. Həmin məktəblər həm soydaşlarımıza hansı dərin bağlarla bir-birlərinə bağlı olduqlarını “xatırladır”, onları birləşdirir, həm yaşadıqları cəmiyyətlərə uğurlu inteqrasiya olunan azərbaycanlı uşaqları “yadlaşmaqdan” xilas edir. Həmin məktəblərin bir çoxuna Azərbaycan dövləti dəstək göstərir, bəziləri isə həmin ölkələrdəki soydaşlarımızın vəsaiti hesabına fəaliyyət göstərir. Nümunə üçün deyə bilərik ki, Londondakı onlayn “Qarabağ” məktəbinə İngiltərənin müxtəlif şəhərlərindən, eyni zamanda
İsveçrə, Almaniya və bəzi Afrika ölkələrindən 60-dan çox şagird cəlb olunub. Məktəbin xidmətlərindən təkcə azərbaycanlılar deyil, həm də xaricilər uğurla istifadə edir. Diasporla İş üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə birlikdə məxsusi olaraq həmin məktəblər üçün dərslik – “Azərbaycan dili” dərsliyi hazırlayıb və həmin məktəblərə ixtisaslı müəllimlər cəlb edilib. Beləliklə, Azərbaycan evləri və həftəsonu məktəbləri xaricdə yaşayan azərbaycanlıların həyatında məhz azərbaycançılığın qorunması və dünyada təbliği baxımından yeni və mühüm bir mərhələ, eyni zamanda sözün əsl mənasında milli bir platformadır”.
Diasporla İş üzrə DK-nın şöbə müdiri qeyd edib ki, Azərbaycan diasporunun, diaspor təşkilatlarının səyləri nəticəsində dünyanın ən iri dövlətlərində Azərbaycan günlərinin qeyd olunması da azərbaycançılıq ideyasının təbliğinin tərkib hissəsidir:
“Hər il ABŞ-ın müxtəlif ştatlarında 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib və şəhər merləri bununla bağlı bəyannamə imzalayırlar. Bəyannamələrdə bildirilir ki, Azərbaycan əsilli amerikalılar 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümünü qeyd edirlər. Merlər yerli ictimaiyyəti bu bayrama qoşulmağa və Azərbaycan icmasının sevincinə şərik olmağa çağırırlar. Azərbaycan günlərinə təkcə soydaşlarımız deyil, yerli sakinlər də qoşulur və ölkəmizlə bağlı müfəssəl məlumat əldə edirlər. Artıq bu ənənənin dünyanın çeşidli yerlərinə yayılması müşahidə olunur”.
6.3.9. azərbaycançılıq ideyasının təbliği;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin