Bir neçə gün əvvəl Qudyalçay üzərində sel sularının uçurduğu köpünün yerində yenisi inşa edilir.
Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Qeyd edilib ki, hadisə baş verəndən sonra əraziyə Agentliyin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb:
“Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.
Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub.
Vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada yolunun salınması istiqamətində də işlər aparılır. Gün ərzində bu işlərin yekunlaşması və piyada yolunun istifadəyə verilməsi nəzərdə tutulub.
Sürücülər isə müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb”.