“Komandamız göstərdi ki, Belçika ilə başabaş mübarizə apara bilir” - Byazi

20:29 - 9 Sentyabr 2023

“Komandamız göstərdi ki, Belçika ilə başabaş mübarizə apara bilir” - Byazi

“Bizi çox ağır oyun gözləyirdi. 90 dəqiqə ərzində çox yaxşı, ağıllı oyun göstərdik”.

 

 

Manset.az Apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə görüşdən sonra mətbuat konfransında iştirak edib. De Byazi “Dalğa Arena”da 0:1 hesablı məğlubiyyəti dəyərləndirib: “Yaxşı keyfiyyət var idi. Çox şeyi hələ də inkişaf etdirməliyik. Topu qabağa vurmamalıyıq. İlk hissədə olduğu kimi imkanlardan yararlanıb, belə rəqiblərə qol vurmalıyıq. Komanda ümumilikdə yaxşı oynadı. Bundan da çoxuna layiq idi. Sevindirici odur ki, oyundan sonra federasiya prezidenti gəlib uşaqlarla görüşdü. Hamıya öz təşəkkürünü bildirdi, dedi ki, oyundan çox razı qalıb".

- Əvəzetmədən meydana çıxan futbolçular oyunu gücləndirmədi. Siz necə düşünürsüz?
- Meydana daxil olanlar öz işini gördülər. Əvəzedilənlər yorulduqları üçün dəyişdirildi. Yorulmuşdular. İstəyirdik ki, güc qataq. Meydana daxil olanlar da xoşuma gəldi. Belə oyunlarda meydana sonradan daxil olmaq çox çətindir. Əsas odur ki, əvəzetmələrdən sonra komandanın oyununun keyfiyyəti aşağı düşməsin.

- Birinci hissənin sonlarında Rahil Məmmədovun yorulduğu hiss edilirdi. Onu niyə əvəzləmədiz?
- Rahil təcrübəlidir. Bizə hava toplarında belə oyunçu lazım idi. Bu mövsüm klubunda da meydana çıxıb. Ona görə də, təcrübəsi bizim üçün önəmli idi.

- Amin Seydiyev nəyə görə "23lük"dən uzaqlaşdırıldı?
- Seydiyev bizimlədir. Amma bu oyun üçün onu seçməmişdim. Başqa xarakterə malik oyunçular lazımdır. Belçika fiziki güclü komandadır.

- Belçikanın daha 3-4 qol vuracağı gözlənilirdi. Amma qol epizodları bizdə daha çox oldu. Sizə neçə il təcrübə lazımdır ki, millimiz bu günkü qol fürsətlərindən istifadə edə bilsin?
- Sizin yerinizdə olsaydım, belə oyun gördüyüm üçün sevinərdim. Komanda çox yaxşı oynadı. Göstərdik ki, Belçika kimi milli ilə başabaş mübarizə apara bilir. Bizə çox məşq etmək lazımdır. Bu gün meydana 2002-ci il təvəllüdlü oyunçu meydana daxil oldu. Düzgün yoldayıq. Avstriya və İsveçlə görüşlərdə böyük səviyyə fərqi yox idi. Rəqibə hədiyyələr verirsənsə, nəticələr ağır ola bilər. Amma bu təcrübələrdən keçmək lazımdır. Əgər nəyəsə nail olmaq istəyirsənsə. Güclü futbolçuları olan güclü komandalara qarşı oynayırıq.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin