Hava kəskin pisləşir - Bu tarixdən leysan və qar yağacaq
15 Noyabr 2024
20:40 - 16 Sentyabr 2021
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Tatarıstandakı idarəsi ölkədən ixrac olunan 55 min ton məhsulda yoxlamalar aparıb.
Məlumata görə, bunun 37 min tonu dənli-paxlalı bitkilər, yağlı toxumlar və texniki bitkilər, 18 min tonu isə emal olunmuş taxıl məhsulları, kənd təsərrüfatı bitkilərinin toxumları olub. Yoxlanılan məhsullar arasında Azərbaycana ixrac üçün nəzərdə tutulan taxıl məhsulları və yem qarışıqları da var.
Doğrusu, “Rosselxoznadzor”un hansı səbəbdən bu məhsulları yoxladığını bilmirəm. Amma onu deyim ki, Rusiya son zamanlar özünün istehlak gücünü siyasi təzyiq vasitəsinə çevirmişdi. Yadınızdadırsa, ötən il qış aylarında Azərbaycandan idxal etdiyi pomidorların ölkəyə girişinə icazə verməmiş və bu səbəbdən də fermerlərimiz ciddi problem yaşamışdı. Hətta bir çox böyük təsərrüfatlarımız iflas etmiş, iş görə bilməz hala düşmüşdü. Rusiya hökuməti o zaman bu idxal qadağasını pomidorlarda olan hansısa xəstəliklə izah etmişdi. Doğrusu, bu iddiaların nə qədər real fakta əsaslandığını demək bizim üçün çətindir. Fəqət qış mövsümündə pomidorun qiymətinin xeyli bahalı olduğunu və bu sahə ilə uğraşan fermerlərin əsas gəlirini məhz qış mövsümündə qazandığını nəzərə alsaq, Rusiyanın öz daxili təsərrüfatlarını inkişaf etdirmək üçün idxala məhdudiyyət gətirdiyini haradasa anlamaq mümkün idi. Baxmayaraq ki, bəzi müşahidəçilər “Rosselxoznadzor”un bu addımlarında Azərbaycan Ordusunun 44 günlük savaşda qazandığı və rus silahlarının nüfuzuna xələl gətirən uğurunun da önəmli rol oynadığını düşünürlər. Siyasi mülahizələrə çox vaxt ayrımaq istəmədiyimdən bu məsələni politoloqların öhdəsinə buraxıram. Məni maraqlandıran isə Rusiyanın öz ixrac mallarını niyə yoxlamasıdır.
Məsələ burasındadır ki, Rusiya iqtisadiyyatını ayaqda saxlayan əsas sektorlardan biri də elə taxılçılıqdır. Ötən ildən başlayaraq, koronavirus pandemiyasının ağır vəziyyətə saldığı Rusiya iqtisadiyyatı taxıl ixracatından ciddi pullar qazanmış, hətta öz itkilərinin bir qismini bu cür kompensasiya edə bilmişdi. Rəsmi statistikaya görə, hətta 2019-cu ildə belə, şimal qonşumuzun ixrac payında taxılçılıq bir çox sahələri geridə buraxmışdır. Bildiyimiz kimi, Rusiya iqtisadiyyatı əsasən neft-qaz və silah sənayesi üzərində qurulub. 2019-cü ildə Rusiyanın təkcə taxıl ixracından qazandığı xarici valyuta 25.5 milyard dollara yüksəlmişdi. Bu göstərici hətta silah ixracatından qazandığı vəsaitdən belə çox idi.
Belə ki, ötən il də Rusiya taxılçılıq sahəsindən 25.5 milyard dollar xarici valyuta qazanıb. ABŞ Kənd Təsərrüfatı Departamentinin proqnozlarına inansaq, Rusiyada ötən mövsümdə (2021-ci ilin iyulundan 2022-ci ilin iyununa qədər) 72,5 milyon ton buğda yığılacaq və bunun hardasa yarısı ixrac olunacaqdı. Hətta bəzi Rusiyalı mütəxəssislərin proqnozlarında yığım göstəriciləri daha yüksək rəqəmlərlə ifadə edilirdi – 75-75.5 milyon ton. Məntiqlə, istehsalda qeydə alınan bu artım daha çox ixracın həcminə əlavə olunmalı idi. Çünki Rusiyanın istehlak etdiyi məhsulun miqdarı artmır və öz tələbatından artıq qalan buğda və yem məhsulları xaricə satılır. Ölkənin istehlak etdiyi taxılın miqdarı isə ildə hardasa 38 milyon tondur. Deməli, istehsal artımında qeydə alınan artım da daxili yox, xarici bazara yönləndirilməli idi.
Amerika Kənd Təsərrüfatı Departamentinin hesabatına görə, Rusiya son illərdə ixrac potensialından həqiqətən də uğurla faydalana bilir. O, son illərdə dünya taxıl ixracatının 20%-dən çoxunu əlində tutmaqla faktiki ilk sırada yer alır. O, xaricə ildə hardasa 35 milyon taxıl satır. İxracat sıralamasında 2-ci yer tutan ABŞ belə Rusiyadan xeyli geridədir: ABŞ - 24,5 milyon ton, Avstraliya - 24 milyon ton.
Di gəl ki, son zamanlar Rusiyanın ixracı azaltmağa meyl göstərdiyi hiss olunur. Həm də bunu ixracın qarşısını müxtəlif vasitələrlə almaqla həyata keçirir. Üstünlük verdiyi metodlardan biri də ixrac rüsumunu artırmaqdır.
Bildirilir ki, Rusiya gömrükçüləri buğdanın ixrac rüsumunun sentyabrın 15 -dən sentyabrın 21-dək hər ton üçün 46,5 dollardan 52,6 dollara yüksəltməyi düşünürlər. Sentyabrın sonlarında isə bu göstərici hər ton üçün 70 dollara qədər böyüyə bilər. Bu isə istər-istəməz dünya bazarında rus taxılının bahalaşmasına gətirib çıxarır, nəticədə onun rəqabətə dayanıqlığı zəifləyir, ixrac həcmi azalır. Təsadüfi deyil ki, Rusiyanın son aylarda taxıl ixracı 7 ilin ən aşağı səviyyəsinə düşüb. Rəsmi məlumatlar bu ilin 7 ayında sözügedən kiçilmənin ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8% həddində olduğunu göstərir.
Zənnimcə, Rusiyanın taxıl ixracatını qəsdən azaldılmasının bir neçə mümkün səbəbi ola bilər. Əvvəla, bu il Rusiya da quraqlıq mövsümü yaşandı. Tarix boyu qida çatışmazlığı problemi ilə üzləşən ölkənin belə durumlarda özünü qoruma instinkti meydana çıxır və o, qeyri-ixtiyari olaraq stoku artırma siyasətinə gedir. Başqa sözlə, ixracı azaltmanın ilk səbəbi psixoloji amildən qaynaqlana bilər.
İkinci səbəb dünya neft bazarında müəyyən rahatlanmaların baş verməsidir. Hazırda dünya enerji bazarında neftin qiyməti 75 dollara qədər yüksəlib. Bu da Rusiyaya gözlədiyindən daha çox kapital gətirə bilər. Odur ki, Moskvanın buğda ixracını gücləndirməsi üçün də bir səbəbi qalmır.
Sözsüz ki, digər səbəbləri də sadalaya bilərik. Fəqət taxıl məhsullarının yoxlanılmasının rəsmi səbəbi açıqlanmayanadək bizim irəli sürdüyümüz bütün fikirlər təsdiqlənməmiş mülahizələr olaraq qalacaq. Odur ki, fikrimizi çox uzatmadan yekun qənaətimi bildirmək istərdim: səbəb nə olursa olsun, Rusiyanın qida məhsullarının ixracında və idxalında gah qiymətlərlə oynaması, gah da müxtəlif bəhanələrlə ticari əlaqələri tamamən kəsməsi onun etibarsız tərəfdaş olduğuna dəlalət edir. Qida məhsulları strateji mallar kateqoriyasına girdiyindən Azərbaycan özünü bu cür risklərə atmamalı, xüsusilə taxıl idxalında alternativ mənbələr tapmalıdır.
Qeyd edək ki, Azərbaycanın illik taxıl istehlakı 3 milyon tondan çoxdur. Hər il bu tələbatın yarısından çoxu idxal olunur. Ötən il idxalın 99%-dən çoxu Rusiyanın payına düşmüşdü. 2021-ci ilin yanvar ayından bəri isə buğdanın dünya bazar qiymətləri 240 dollardan 286 dollaradək artıb. Bu ayın ilk günlərindən Rusiya buğda tariflərini artıraraq hər tona 300 dollardan artıq qiymət qoyub. Üstəlik, gömrük rüsumlarını da artırır. Dolayısıyla biz demək olar ki, dünyanın ən bahalı buğdasını alırıq. Rusiya bu qiymət artımları nəticəsində ən böyük tədarükçülərini itirir. Artıq Misir Rusiyadan yox, Ukraynadan buğda almağa qərar verib. Rəsmi məlumatlara inansaq, son tenderdə Misirin dövlət şirkəti GASC buğda ehtiyacının 240 min tonunu Ukraynadan, yalnız 60 min tonunu isə Rusiyadan alıb. Səbəb sözsüz ki, Ukraynanın eyni keyfiyyətdə buğdanı daha ucuz qiymətə satmasıdır.
Azərbaycan da buğda idxalında Ukrayna ilə əlaqələrini genişləndirməlidir. Bu, ən strateji qida məhsulunda tədarük zəncirini mümkün olduğu qədər şaxələndirməyə də xidmət etmiş olar.
Mürvət Həsənli,
İş adamı
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin