Bu gün qəbul imtahanları keçiriləcək

10:15 - 20 İyun 2021

Bu gün qəbul imtahanları keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd), inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilir.

DİM-dən Manset.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) 1738 namizədin iştirakı gözlənilir. Onlardan 1457 nəfər Azərbaycan, 281 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 737 nəfəri oğlan, 1001 nəfəri isə qızdır. 13 nəfər xarici ölkə vətəndaşıdır. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid vəzifə qrupları üzrə Bakı şəhərində təşkil olunacaq test imtahanında iştirak etmək üçün BA qrupu üzrə 552, BB qrupu üzrə 1391 olmaqla, ümumilikdə 1943 namizəd qeydiyyatdan keçib.

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında 1272 namizədin (iddiaçı) iştirakı gözlənilir. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İlk 1 saat 30 dəqiqə test tapşırıqlarının cavablandırılmasına, sonrakı 1 saat isə yazılı tapşırığın yerinə yetirilməsinə ( xarici dil üzrə doktoranturaya qəbul imtahanında esse yazılmasına, xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə vizual məlumatın yazılı təsviri üçün) ayrılır.

Yuxarıda qeyd olunan imtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin