Şəhidin xatirəsinə inşa edilmiş bulaq-abidənin açılışı olub

19:19 - 8 İyul 2023

Şəhidin xatirəsinə inşa edilmiş bulaq-abidənin açılışı olub

Şərurun Yengicə kəndində Vətən müharibəsinin qəhrəman şəhidi çavuş Ruzi İbrahimovun xatirəsinə inşa edilmiş bulaq-abidə açılıb.

Manset.az  "Report" un yerli bürosuna istinadla bildirir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, qazilər, şəhid ailələri üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, şəhidlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı gənc nəsl üçün həmişə örnək olmalıdır. Bu istiqamətdə təbliğat işləri aparılmalıdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov torpaqlarımızın azad olunmasında öz canını qurban vermiş şəhidləmizin xatirəsinin əbədiləşdirilməsinin böyük bir ictimai prosesə çevrildiyini bildirib. Qeyd edib ki, bu cür abidələrin istifadəyə verilməsi qəhrəman oğullarımızın xatirələrinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımdır.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov deyib ki, I və II Qarabağ müharibələrində şərurlular da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. I Qarabağ müharibəsində 72, II Qarabağ müharibəsində isə 30 olmaqla, ümumilikdə, 102 rayon sakini müqəddəs şəhidlik zirvəsinə ucalıb. Belə cəsur döyüşçülərimizdən 9-u Yengicə kəndinin qəhrəman övladlarıdır.

Tədbirdə digər çıxış edənlər şəhid Ruzi İbrahimovun döyüş yoluna nəzər salıblar. Bildirilib ki, Qəhrəmanlığı dillərdə dastan olan Vətən müharibəsi şəhidimiz “Günnüt əməlliyatı”nın iştirakçısı olmuş Ruzi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak edib. Şuşaya qədər ən çətin əməliyyatlarda iştirak edib, 27 nəfərlik qrupla 130-dan çox ermənini məhv edib. 7 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad olunması zamanı şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin yoldaşı Aygül İbrahimova abidənin inşasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sonra bulaq-abidənin açılışı olub.

Tədbirdə məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, Ruzi İbrahimov döyüşlərdə göstərdiyi şücaətə görə, "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad edilməsinə görə" və "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif olunub.

 



Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin