Cəmil Babayevin taleyi necə olacaq?

20:13 - 10 Sentyabr 2021

Cəmil Babayevin taleyi necə olacaq?

Xəbər verdiyimiz kimi, avqustun 25-də Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar tərəfindən saxlanılmışdı. Sentyabrın 7-də isə hərbçimiz Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi prosesində Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə Azərbaycana qaytarılıb. 

Ermənistan tərəfinin məlumatında qeyd edilirdi ki, hərbçimiz Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açmışdılar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Hazırda isə ictimaiyyət arasında müzakirə edilən məsələ Cəmil Babayevin gələcək taleyinin necə olacağı ilə bağlıdır.  Hələ ki rəsmi qurumlar tərəfindən bu barədə məlumat verilməyib. 

Manşet.az xəbər verir ki, hərbçi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı “Qafqazinfo” ya bildirib ki, Cəmil Babayevin problemi ona həm Qarabağdakı separatçı rejim tərəfindən bir neçə maddə ilə cinayət işinin açılması, həm də Azərbaycan tərəfinin də ona cinayət işi açması ilə bağlıdır:

"Onun Ermənistanda və Azərbaycanda da tutulmaq təhlükəsi var idi. İndi Cəmil Babayev ölkəmizə qaytarılıb. O, hazırda xüsusi xidmət orqanları tərəfindən filtirasiyadan keçirilir, sorğu-sual edilir. Ölkəmizə qarşi fəaliyyətlər üçün ona hansısa bir təzyiqin olunub-olunmaması aydınlaşdırılacaq. Bu proses bir ay da çəkə bilər. Əgər belə bir fakt aşkarlanmazsa, bundan sonra prokurorluq ona qarşı açılmış cinayət işini davam etdirəcək.

Bu cinayət işinin gedişatında artıq Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti birgə rəsmi açıqlama verə bilər. Təcrübədə adətən bizim rəsmi qurumlar tərəfindən hərbi məsələlərlə bağlı çox da informasiya verilmir. Ona görə də gözləməkdən başqa çarəmiz qalmır. 

Bütün hallarda Cəmil Babayevi istər Ermənistanda, istərsə də burada yaxşı heç nə gözləmirdi. Müdafiə Nazirliyinin verdiyi məlumata istinad etsək, fərarilik etmiş şəxs tutulmalıdır.  Rüstəm Muradovla birgə yayımlanan şəkildə bir anormallıq hiss olunurdu,  amma bu anormallıq ermənilər tərəfindən ona edilən təzyiqlə bağlı da ola bilər.

Nazirlik bildirir ki, əsgər  psixiatriya bölməsindən qaçıb. Ancaq mən Gəncə hospitalına zəng vururam, bildirirlər ki, bizdə psixiatriya şöbəsi yox, nevrologiya bölməsi var. Əgər əsgər psixiatriya şöbəsindən qaçırsa, niyə o əsgər formasında olub? Bu məsələdə bir sıra suallar olsa da, ancaq hələ ki bir cavab yoxdur".


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin