"Zibili zibil qutusuna atmayanları mədəni surətdə utandırsaq..."

13:00 - 7 İyun 2023

Ağac əkinini təbliğ və təşviq edən aksiyalar kimi təmizlik aksiyalarının gündəmə gətirilməsi də ümidvarıq ki, hər kəsin ürəyindən xəbər verir. Çünki cəmiyyəti narahat edən məsələlərdən biri də dəniz sahillərinin, çay hövzələrinin, ümumiyyətlə təbiət ərazilərinin çirkləndirilməsidir. Xüsusilə də istirahət mövsümlərində. 

 

Manset.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, məqsəd vətəndaşları öz atdıqlarını toplamağa sövq etməkdir:

Məqsədimiz, səmimi desək, vətəndaşlarımızı öz atdıqlarını toplamağa sövq etməkdir. Düzdür, ağac əkininin kütləviləşməsinə nail olduğumuz üçün sevinirik, amma təmizlik aksiyalarının kütləviləşməsinə, inanırıq ki, ehtiyac qalmaz.

Hamımız məlumatlıyıq, amma yenə təkrar etmək istəyirəm, bilirsiz təmizlik aksiyaları zamanı çay kənarlarından, dəniz sahilindən, təbiətdən nə qədər tullantı yığılır? Yəni çox utandırıcı mənzərələrdən söhbət gedir, əzizlərim. 
Nə üçün biz ətraf mühitə qarşı bu qədər biganə, qəddar münasibət bəsləyirik? Niyə ayaq basdığımız məkanlara öz evimiz kimi yanaşmırıq? 

Yay gəlir, təbiət turizmi mövsümü başlayır. Ölkəmizə müxtəlif ölkələrdən turistlər gəlir. Utandırıcı mənzərələrlə, ən azından qonaqların  zövqünü korlamamaq üçün diqqətimizi toplayaq, tullantılara nəzarət edək, onları hara gəldi atmayaq. 

İnanın ki, birlik olsaq, tez bir zamanda bir-birimizi bu ziyanlı vərdişdən çəkindirəcəyik. Sadəcə, atdığımız tullantıları toplasaq, yerindəcə bir-birimizi qınaq etsək, zibili zibil qutusuna atmayanları mədəni surətdə utandırsaq, kifayətdir.

Bir də, hər kəs özlüyündə, həm də düşüncə və davranışda olan "zibili hara gəldi atmaq" vərdişlərinin yox edilməsinə çalışsa yəqin ki, təbiət ərazilərimizdə xəyal etdiyimiz ideal təmizliyə çatacağıq. 

Aksiyalara isə davam edirik. Bu şənbə yenə də çay və göl kənarlarında, dəniz sahillərində  xoşagəlməz mənzərə yaradan zibillərin toplanmasına, növbəti təmizlik aksiyasına toplaşırıq. 
Növbəti dəfə təmizləyək,  bir daha hara gəldi tullantı atılmayacağı ümidi ilə...

Birləşək, özümüz-özümüzü bu problemdən qurtaraq. İnanırıq ki, bacaracağıq və gələnilki istirahət mövsümündə belə çağırışlara ehtiyac qalmayacaq!


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin