<

Qətl törədib evi yandıran şəxsə AĞIR CƏZA

12:08 - 6 İyun 2023

Qətl törədib evi yandıran şəxsə AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Cahangir Ramazanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2 il hissəsini həbsxanada, 17 il hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Ülfət Höccətovun yaşadığı evdə yanmış meyitinin aşkar olunması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə göndəriliblər.

Araşdırma zamanı təxminən 100 kvadratmetr sahəsi olan, 1 mərtəbəli, 4 otaqlı evin yandığı, həyətin darvazasının açıq olduğu aşkar edilib. Həmçinin evin yaxınlığında qan izlərinin aşkar olunması polis əməkdaşlarında hadisənin qəsdən törədildiyinə dair əsaslı şübhələr yaradıb. Ü.Höccətovun yanmış meyitinin müayinəsi zamanı onun sinə və kürək nahiyələrində kəsici-deşici xəsarətlər olması aşkar edildiyindən onun hadisədən əvvəl qətlə yetirildiyi müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini C.Ramazanov saxlanılaraq prokurorluğa təqdim edilib.

İlkin araşdırmalar zamanı onun qətl hadisəsini Ü.Höccətovla şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törətdiyi məlum olub. C.Ramazanov hadisəni əvvəlcədən planlaşdırdığını və qətli törədəndən sonra hadisə yerindən yayınan zaman üst geyimini dəyişdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin