Bu gün imtahan var

09:14 - 4 İyun 2023

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

 

DİM-dən Manset.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2667 nəzarətçi–müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi ayrılıb.

İmtahanda 28864 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 26108 nəfər Azərbaycan, 2756 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 18657 nəfəri oğlan, 10207 nəfəri isə qızdır. 25699 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2822 nəfər əvvəlki illərin məzunudur. 33 nəfər ali təhsil müəssisələrinin, 310 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 140 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1962‑ci ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 31 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin