<

Tacikistan prokurorluğunun nümayəndə heyəti Bakıda - FOTO

19:20 - 30 May 2023

Tacikistan prokurorluğunun nümayəndə heyəti Bakıda - FOTO

2022-ci il dekabrın 15-də Baş prokuror Kamran Əliyev və Tacikistanın Baş prokuroru Yusuf Raxmon arasında imzalanmış “2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı”nın icrası məqsədilə Tacikistan prokurorluğunun nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 30-da Baş prokurorun birinci müavini Elçin Məmmədov nümayəndə heyəti ilə görüşərək bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirməklə, tarixən xalqlarımız arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, ölkə başçılarının siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyini vurğulayıb.

Tacikistan Baş Prokurorluğunun nümayəndə heyətinin rəhbəri Nasimcon Azimov yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində “Korrupsiya yolu ilə əldə edilmiş aktivlərin xaricdən qaytarılmasının aktual məsələləri” mövzusunda seminar keçirilərək hər iki prokurorluğun əməkdaşları təqdimatlarla çıxış ediblər. Seminar zamanı xüsusi müsadirə, korrupsiya ilə mübarizə və qanunvericilik sahələrində Azərbaycan Prokurorluğunun fəaliyyəti barədə geniş məlumat verilərək faydalı təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Tarix və Zəfər muzeyləri ilə tanış olublar. Azərbaycan Prokurorluğunun zəngin tarixi, xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.

Tacikistan nümayəndə heyətinin səfəri davam edir.



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin