Xəzər rayonu Türkan qəsəbəsində yaşayan Ataxan İbrahimovun ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahimovu döyərək xəsarət yetirməsi ilə bağlı iddialara cavab olaraq DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılıb.
Tərəflər polis orqanına dəvət olunaraq izahatları alınıb. Araşdırmalarla görüntülərin 4 ay öncə qeydə alındığı məlum olub. Şəmsəddin İbrahimov izahatında oğlu tərəfindən döyülmədiyini, ərazidə yerləşən istixanada çalışarkən yıxılaraq xəsarət aldığını bildirib.
Araşdırmalar davam etdirilir.
***
Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.
Manset.az bizim.media-ya istinadən xəbər verir ki, qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib.
Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu Rüstəm İbrahimov lentə alıb.
Bizim.Media-nın təqdim etdiyi görüntülərdə Rüstəm İbrahimov qardaşının ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib.
Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınırlar.