Məşhur Britaniya qəzeti Şuşa Bəyannaməsindən YAZDI

20:55 - 18 İyun 2021 - SİYASƏT

Böyük Britaniyanın “The Independent” onlayn qəzeti Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi barədə məqalə yayıb.

Manşet.az xəbər verir ki, “Türkiyə və Azərbaycan liderləri işğaldan azad olunmuş ərazilərdə danışıqlar aparırlar” sərlövhəli məqalədə Türkiyə Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzaladıqları Bəyannamədən bəhs olunur.

Qeyd edilir ki, əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa 1992-ci ildə Ermənistanın nəzarətinə keçsə də, 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Şuşada Rəcəp Tayyip Ərdoğan və Prezident İlham Əliyev arasında aparılan danışıqlar zamanı iki ölkənin təhlükəsizlik də daxil olmaqla, bir neçə sahədə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş Bəyannamə imzalanıb.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Bəyannamənin imzlanmasından sonra səsləndirdiyi fikirlər də yer alıb.

Həmçinin məqalədə Şuşa şəhəri Azərbaycan tərəfindən geri alındıqdan sonra onu ziyarət edən ilk xarici liderin məhz Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan olduğu da vurğulanıb. Qeyd edilib ki, Türkiyə Prezidenti Şuşada bu ölkənin konsulluğunu açılacağı anonsunu edib.

Yazıda ötən ilin sentyabr-noyabr aylarında baş verən müharibə zamanı Azərbaycan Ordusunun qısa müddətdə Ermənistan silahlı qüvvələrini darmadağın etməsindən də danışılır. Bildirilir ki, Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatla müharibəyə son qoyulub və Ermənistan 30 ilə yaxın işğal altında saxladığı əraziləri tərk edib. Üçtərəfli Bəyanat Ermənistanda siyasi böhrana səbəb olub və baş nazir vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri təyin etmək məcburiyyətində qalıb.


Xəbər xətti

25 İyul 2021