Azərbaycançılıq ideyasının təbliği - Hansı işlər görülür?

09:47 - 28 Aprel 2023

Azərbaycançılıq ideyasının təbliği - Hansı işlər görülür?

6.3.9. azərbaycançılıq ideyasının təbliği;

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideoloji bünövrədir. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, həmçinin gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Dövlətin oturuşması, möhkəmlənməsi və dayanıqlı əsaslara söykənərək inkişaf etməsi həmin dövlətin milli ideologiyası əsasında baş verir. Ən əsası isə odur ki, Azərbaycanın milli ideologiyası birləşdirici funksiyanı özündə ehtiva etdiyi üçün, kənar neqativ təsirlərin qarşısını müvəffəqiyyətlə alır.

Məhz buna görə, ideologiya həm də birləşdirici məfhum hesab olunur. İstisnasız demək olar ki, azərbaycançılığın ən mühüm amillərindən biri vətənə, torpağa bağlılıqdır. Azərbaycançılıq deyəndə, onun bir üzündə vətənpərvərlik, milli birlik, digər üzündə isə milli şüur və əqidə bütövlüyü dayanır. Bunlar azərbaycançılığın əsas komponentlərindən sayılır.  Bütün məqamlar nəzərə alınmaqla, azərbaycançılıq müfəssəl şəkildə təbliğ olunmalı, həmçinin, sözügedən ideya müəyyən qədər cilalanmalı və təkmilləşməlidir. Ailədən başlayaraq, təhsilin son pilləsinə qədər ümumi azərbaycançılıq mövqeyi aşılanmalıdır.

Millət vəkili Ramil Həsən Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycançılıq ideyasının möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevlə bağlıdır:

“Cənab Prezident İlham Əliyev özünün də qeyd etdiyi kimi ata vəsiyyətini yerinə yetirərək, torpaqlarımızı erməni işğalından azad etdi. Ulu Öndər Heydər Əliyevin 100 illiyini möhtəşəm qələbə qazanmış ölkənin vətəndaşları kimi qeyd etməkdəyik. Bu baxımdan da Azərbaycançılıq ideyası xarici ölkələrdə təbliğ edilir. Eyni zamanda Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən dövlətimizin xarici siyasətində müvafiq addımlar atılmaqdadır. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla bağlılığının artırılması vacib məsələlərdəndir. Bununla bağlı yay və qış məktəbləri açılıb, müxtəlif layihələr həyata keçirilir. Xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycanın tarixi, mədəniyyəti, dili, adət və ənənələrinin təbliğ olunması ilə bağlı diaspor təşkilatlarımızın aktiv fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsib edir. Eləcə də müvafiq dövlət qurumları bununla bağlı müəyyən işlər görür. Bu baxımdan Azərbaycançılıq ideyasının dünyada təğliği olduqca  vacib məsələdir. Ölkəmizin qazandığı uğurları dünya ictimaiyyətinə təqdim etməyimiz lobbiçilik fəaliyyətinin önəmli aspektlərindəndir”.

Deputat əlavə edib ki, azərbaycançılıq ideyasının təğliği üçün xaricdə yaşayan həmyerlilərimiz türk soylu xalqların nümayəndələri ilə birgə fəaliyyət göstərməlidir:

“Xaricdə yaşayan azərbaycanılıar bizim türk soylu qardaşlarımızla birgə çalışmalıdılar. Bunun zəruri olduğunu Cənab Prezidentimiz də öz çıxışlarında dəfələrlə vurğulayıb. Türk dövlətləri təşkilatının koordinatorluğu ilə  xaricdəki ortaq diaspora qurumlarının fəaliyyətinin aktivləşməsi bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Bilirsiniz  ki,  Qarabağ savaşından öncəki və sonrakı dönəmdə Azərbaycan diaspor təşkilatları birlik nümayiş etdirdilər. Ermənilərin sərt və qəddar mövqe göstərdiklər Los-Ancelesdə və başqa xarici şəhərlərdə azərbaycanlılar birlik göstərdilər. Soydaşlarımız küçələrə çıxaraq Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı aktivlik sərgilədilər. Düşünürəm ki, Azərbaycan diaspor təşkilatları mərkəzləşmə və bir-biri ilə əlaqə baxımından yeni mərhələyə qədəm qoymaqdadır. Diaspor təşkilatlarımızın fəaliyyəti yenilənir və müasir dövrə uyğun fəaliyyət aparılır. Mənim fikrimcə, tarixdən dərs çıxarmalıyıq, keçmişimizi unutmamaq və Azərbaycan həqiqətlərini, ermənilərin vandallıqlarını, qazandığımız uğurları dünyaya çatdırmaq üçün xaricdə təbliğat aparmalıyıq. Həmçinin lobbiçilik fəaliyyətində diaspor təşkilatlarımız türk xalqları ilə birlik nümayiş etdirərək ideyalarımızın təbliğinə böyük tövhə verə bilərlər”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin