Hər bir vətəndaş ictimai və dövlət maraqlarının müdafiəsinə çalışmalıdır

11:15 - 14 Aprel 2023

Hər bir vətəndaş ictimai və dövlət maraqlarının müdafiəsinə çalışmalıdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə xidmət olmalıdır. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Ona görə də ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. 

Millət vəkili Cavid Osmanov Manset.az-a açıqlamasında bildirib ki, ictimai və dövlət maraqlarının pozulması hüquqi məsuliyyət yaradır:

“Əslində, ictimai maraq heç də yekcins deyil və cəmiyyətin ayrı-ayrı kəsimlərinin maraq və mənafelərinin məcmusu kimi özünü büruzə verir. Milli və ya dövlət maraqları isə ictimai maraqların fövqündə dayanaraq xalqın fundamental dəyər və məqsədlərini, ölkənin tərəqqisi naminə siyasi, iqtisadi, sosial və sair tələbatları ehtiva edir. İctimai maraqlar dövlətin daxili, milli maraqlar isə  xarici siyasəti ilə bağlıdır. Lakin bu fərqlərə rəğmən ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır. 2004-cü ildə qüvvəyə minən “Milli təhlükəsizlik haqqında” qanunda ölkənin milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsiplərindən biri kimi ictimai və dövlət maraqları arasında tarazlığın saxlanılması göstərilib. Bu isə o deməkdir ki, ictimai və dövlət maraqlarının qorunması qanunvericiliklə tənzimlənir. İstər ictimai, istərsə də dövlət maraqlarına zidd addımların atılması özlüyündə hüquqi məsuliyyət yaradır”.

Deputat qeyd edir ki, bu məsələdə hər kəs, eləcə də media subyektləri diqqətli olmalı, dövlət maraqlarını qorumağı bacarmalıdır:

“Bəzən insanlar, ayrı-ayrı şəxslər fikir azadlığı anlayışını əsas gətirərək müəyyən açıqlamalar verir, fikir bildirirlər. Ancaq unutmaq olmaz ki, ictimai və dövlət maraqları bir şəxsin fikirləri və münasibəti deyil. İctimai maraqlar anlayışının özündə böyük bir toplumdan, cəmiyyətlərdən söhbət gedir. Odur ki, hər kəs bu məsələlərdə çox diqqətli olmalı, şəxsi fikirlərini ictimai və ya dövlət maraqları fonunda qabartmamalıdır.Media və Kütləvi informasiya Vasitələri hər zaman olduğu kimi müasir dövrümüzdə də əsas təbliğat vasitələri olaraq qalmaqdır. Müasir dövrdə xüsusilə Media və Kütləvi informasiya Vasitələri daha böyük miqyasda yayılmaq, həm daxili, həm də xarici auditoriyaya çatmaq imkanları vardır. Dövlət maraqlarının qorunması Media və Kütləvi informasiya Vasitələrinin əsas məqsədi olmalıdır, yəni əsas iş prinsipini təşkil etməlidir. XXI əsr informasiya əsridir, ölkənin haqq işi, milli maraqları, tarixən üzləşdiyi problemlər davamlı olaraq gündəmdə saxlanılmalıdır. Müasir leksionda “informasiya müharibəsi” deyə bir ifadə də var. Odur ki, Media və Kütləvi informasiya Vasitələri bir növ informasiya müharibəsində meydan rolunu oynamalıdırlar”.

İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı Manset.az-a açıqlamasında bildirib ki, dövlət maraqlarının qorunmasında da ictimai təşkilatlar, vətəndaş cəmiyyəti institutları aktiv rol almalıdır:

“Bəzən hansısa ictimai marağın pozulmasına görə, deyək ki, hansısa bir vətəndaşın hüququnun pozulmasına görə, yerlərdə bunu əldə bayaq edərək, dövlətin milli maraqlarını zərbə altına qoyan addımlar müşahidə edirik. Şübhəsiz ki, mən qeyd etdiyim kimi, dövlət ictimai və dövlət maraqlarının qorunmasına diqqətlə yanaşmalı və maraq göstərməli və addımlar atmalıdır. Hansısa bir yerdə vətəndaşın hüquqlarının pozulması və ya digər ictimai maraqların pozulması dövlətin maraqlarını zərbə altında qoymağa əsas verməməlidir. Dövlət maraqlarını əlbətdə dövlətin özünün idarəetmə strukturları əsasən qoruyur. Amma bu prosesdə vətəndaşların, vətəndaş cəmiyyəti institutlarının da rolu çox vacibdir. Yəni dövlət maraqlarının qorunmasını yalnız dövlət strukturlarının üstünə atmaq doğru deyil. Hər bir vətəndaşın və onların birləşdiyi ictimai institutların, təşkilatların da borcu dövlət maraqlarının qorunması işində aktiv iştirak etməkdir. Bu mənada mən hesab edirəm ki, bu iki yanaşma bir-birini tamamlayan yanaşmalardır. Dövlət olmasa, dövlət maraqları qorunmasa, nəticə etibarilə ictimai maraqlar da qoruna bilməz, vətəndaşların hüquqları da qoruna bilməz. Dövlət var olmaldır ki, ictimai maraqlar da qorunsun. Amma əlbətdə dövlət öz fəaliyyətində ictimai maraqların qorunmasına böyük dəstək göstərməlidir. Bu istiqamətdə həm dövlət qurumlarının həm də ictimai təşkilatların üzərinə böyük məsuliyyət düşür. Yenə deyirəm ictimai təşkilatlar lazım gəldikdə ictimai maraqların qorunması üçün dövlət orqanları üzərində, dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirməlidir. Eyni zamanda lazım gəldikdə də dövlətin maraqlarının qorunması, dövlətə yerli və xarici mənbələrdən gələn təzyiqlərin qarşısının alınmasında bir sipər rolunu oynamalıdır. Hesab edirəm ki, Azərbaycanda son illərdə dövlət və ictimai maraqların qorunmasında qarşılıqlı bir vəhdət yaranıb. Bu da şübhəsiz ki, ölkədə aparılan dövlət siyasətinin uğurlu və məntiqi nəticəsidir”.

 

Gülçin Nağıyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin