"Vəkil Telmana deyib ki, ağıllı ol, sonra..." - Rövşən Əkbərovun qardaşından AÇIQLAMA

16:31 - 4 Sentyabr 2021

Xəbər verdiyimiz kimi sabiq birlik komandiri, general-leytenant, Milli qəhrəman Rövşən Əkbərovun məhkəməsində onun oğlu Telman Əkbərovun vəkil Elçin Sadıqova hücum etməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan xəbərdə məhkəmə prosesindən sonra Telman Əkbərovun elə məhkəmə binasında vəkilə hücum etdiyi qeyd edilib.

 

Cəmiyyətdə ciddi rezonans doğuran bu xəbərlə bağlı Manset.az Rövşən Əkbərovun həmin məhkəmədə iştirak edən qardaşı Qulam Əkbərovla əlaqə saxlayıb.

 O Manset.az-a açıqlamasında vəkil Elçin Sadıqova hücum olunması xəbərini təkzib edib və vəkilin özünü belə qeyri ciddi xəbərlərlə reklam etdiyini bildirib.

"Məhkəmə salonundan ən son çıxan adam mən olmuşam. Orda əlbəyaxa proses olmayıb. Sadəcə Telman cavan oğlandı, görüb ki, vəkil atasına qarşı qərəzli davranır, qərəzli suallar verir, ona görə məhkəmədən sonra vəkilə yaxınlaşaraq irad bildirib. Yəni söz dialoqu olub. Orda Telman bildirib ki, siz atama qarşı niyə belə davranırsız. Vəkil də Telmana ağıllı ol, deyib, gedib. Məsələnin mahiyəti bundan ibarətdir."

Daha sonra Rövşən Əkbərovun qardaşı Qulam Əkbərov hadisə barədə bunları deyib:

"Təbii ki, Rövşən Əkbərovun məhkəməsi ölkə əhəmiyyətli məsələdir. Bu vəkil də qarşı tərəfin hüquqlarını müdafiə edir və belə səs-küylü məhkəmədə qarşı tərəfin müdafiəsinə yox, daha çox özünün şəxsi maraqlarının yüksəldilməsinə və reytinqinin artırılmasına xidmət edən davranışlar ortaya qoyur. Dünən mən oxudum. Vəkil açıqlama verib, bir az da üstünə qoyub ki, polis bildirib ki, Telman ölkəni tərk edib. Orda bir cümlə də işlədilir. Hücum edib və xəsarət yetirib. Orda xəsarətdən söhbət gedə bilməz. Bu barədə kameralarda görüntülər var. Telman bacısının uşağını Türkiyəyə həkimə aparmaq üçün onlarla birlikdə gedib. Bu səfər də əvvəlcədən planlaşdırılıb ki, məhkəmədən sonra getsinlər. Bu barədə sübutlar da var. Lazım olsa təqdim edəcəyik. Telman bir neçə günə geri qayıdacaq və komandirin məhkəməsində iştirak edəcək. Təbii ki, mən Telmana bu məsələdə haqq qazandırmıram, o vəkilə nəsə söz deməməli idi. Görünən budur ki, adi bir dialoq hansı formada təqdim edilib. Digər tərəfdən o vəkil məhkəməni də ittiham edib ki, guya Rövşən müəllim istənilən vaxt durur, etiraz edir. Belə bir şey ola bilməz. Məhkəmə ciddi yerdir. Komandir də belə bir xüsusiyyətə sahib adam deyil."

Məlumat üçün bildirək ki, Rövşən Əkbərovun qardaşı Qulam Əkbərov da uzun illər hərbi sistemdə fəaliyyət göstərib.

Qeyd edək ki, Rövşən Əkbərovun qardaşı Qulam Əkbərov baş verən bu hadisələr, məhkəmə prosesləri və digər hadisələr barədə Manset.az-a geniş müsahibə verib, yaxın günlərdə həmin müsahibəni də saytımızdan oxuya bilərsiz.

Manşet.az

Əli VƏLİYEV


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin