Paşinyana hamilik edənlər Qarabağa OD SALMAQ İSTƏYİR - Ermənistanın sancıları artır

09:08 - 31 Mart 2023

Paşinyana hamilik edənlər Qarabağa OD SALMAQ İSTƏYİR - Ermənistanın sancıları artır

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi (Bu, İcmanın BMT sənədi kimi yayılan ikinci sənədidir) yayıb. Konsepsiya indi Ermənistan ərazisində qovulan azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqəətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edir. 

 

Sənədin BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma yurd-yuvalarına qayıtmaq yolunda böyük uğurdur. Tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökümətinin Qərbi Azərbaycan mövzusunu təhrif etmək mövzusunu daha da azaltmaqla yanaşı, bu ölkəni birbaşa icma ilə danışıqlara çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir. 

Hə, o sonrakı mövzu ki, Ermənistan bu məsələdə də destruktiv mövqe nümayiş etdirib, 30 illik işğal dönəmində olduğu kimi BMT-nin 4 məlum Qətnaməsinə rəğmən beynəlxalq hüququn norma və prinsiplərinə, tələblərinə əməl etmədiyi kimi, bu sənədi də görməzdən, eşitməzdən gələcək. 30 illik cəzasızlıq sindromunun Ermənistan üçün hansı ağır nəticlərlə yekunlaşdığını da 44 günlük müharibə sonrası gördük. İndiki məqamda Azərbaycan üçün nüfuzlu və ən ali beynəlxalq qrumlardan birində Azərbaycanın leyhinə belə bir ikinci sənədin qəbul edilməsi daha vacib idi. 

Ermənistanın yenidən manipulyasiyalarla üzərinə qoyulan haqlı öhdəliyi icra etməyəcəyi təqdirdə rəsmi Bakının hansı qərarlar qəbul etmək imkanları olduğu artıq nəyinki Ermənistana, eləcə də dünya ictimaiyyətinə, Ermənistan havadarlarına çox yaxşı məlumdur. İkinci Qarabağ müharibəəsi zamanı Azərbaycan Ermənistanın icra etmədiyi sözügedən Qətnamələrini məhz 30 ildən sonra öğz ordusunun gücü hesabına yerinə yetirdi. Hər halda artıq belə bir təcrübə sahibi olduğumuz üçün Bakı İrəvanı sülhəməcburetmə üsullarını indi daha yaxşı bilir. Lakin təəssüf ki, biz bu gün İrəvandan beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanla sülh yolunda təqdirəlayiq addım atacağı ilə bağlı ümidlərin üstündən hər ötən gün daha böyük xətt çəkildiyinə şahid oluruq. 

Hazırda İrəvan kənar müdaxilələrin də təsir və təkidi ilə Azərbaycanla sülhdən yayınma addımları atmaqdan çəkinmir, danışıqlar prosesini bloklamaq üçün əlindən gələni edir. Yenə şirin vədlərə uyan Nikol Paşinyan hakimiyyəti anlamır ki, bu cür sabotajlarla sabah Ermənistanın Azərbaycanla yenidən təkbətək qalmaq zərurəti böyüyür. Elə anlamadığı üçün də Ermənistanın baş naziri növbəti dəfə sərsəm bəyanatları ilə diqqət mərkəzinə düşüb. 

Paşinyan bu dəfə “Demokratiya Sammiti”ndə çıxış edərkən Ermənistanın ərazi bütövlüyü ilə bağlı bir sıra bəyanatlar verib və Azərbaycanın ərazi bütövlüyünə növbəti periodda da hörmətsizlik nümayiş etdirib.

Ermənistan lideri “Demokratik ölkələr soyqırımların və vəhşiliklərin qarşısını almaq üçün çox şey etməlidir – məsələn, Dağlıq Qarabağda ermənilərin başına gələnlər” fikirləri ilə özünü demokratik adlandıran dövlətləri Azərbaycanın üstünə qaldırmaqla, Bakıya qarşı beynəlxalq təzyiqləri artırmaq və sülh danışıqları istiqamətində Bakının müəyyən müddəlarının sülh mətnindən çıxrılmasına nail olmağa çalışır. Nikol Paşinyanın Şərqi Zəngəzuru yenidən "Dağlıq Qarabağ" kimi qeyd etməsi isə Ermənistanın keçmiş ritorikasına döndüyünü, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, suverenliyimizə, ərazi bütövlüyümüzə təhdid olduqlarını ortaya qoydu.
 
Çıxışında “Ölkəmizdə demokratik təsisatların güclənməsi ilə paralel olaraq, 2022-ci ilin sentyabrında biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə qarşı təcavüzlə üzləşmək məcburiyyətində qaldıq və bu, suveren ərazilərimizin bir hissəsinin Azərbaycan tərəfindən işğalına səbəb oldu”, - deyən Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırmaq, prosesləri təhrif etməklə məşğul oldu. Çünki Ermənistan baş naziri guya "Azərbaycanın işğal etdiyi" kimi təqdim etdiyi ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası aparılmadan həmin yerlərin kimə məxsus olduğu ilə bağlı bu çıxışı cəfəngiyatdan başqa bir şey deyil. 
 
"Ermənistan Azərbaycanla sülh prosesinə sadiq qalır" deyən erməni lider özü də ya nə danışdığının fərqində deyil, ya da həmin konfransda iştirak edən dövlətləri ələ salmaqla məşğul oldu. Çünki beynəxlalq hüquqla Azərbaycan ərazisi kimi dünyanın da yaxşı tanıdığı Qarabağa elə sözügedən konfrans zamanı iddia ilə çıxış edən Nikol Paşinyan məgər rəsmi Bakının İrəvana təqdim etdiyi 5 maddəlik sülh paketinin bəndləri ilə tanış deyil. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu elə 44 günlük Vətən müharibəsindən sonrakı çıxışlarının birində etiraf edən Nikol Paşinyanın bu gün çıxıb yenidən o yerlərə ərazi iddiası ilə çıxış etməsisülh danışıqlarına heç cürə öz müsbət töhvəsini verə bilməz. Bunu Nikol Paşinyan da, onu təlimatlandıranlar da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Bakıdan bu cür sərsəm bəyanatlara münasibət necə olacaq. 

Paşinyanın ardınca Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması Ermənistanın və havadarlarının bölgədə yeni planlarının nədən ibarət olduğunu anlamaq adına Azərbaycan üçün olduqca önəmli bir detaldır. O bildirib ki, bölgədə yeni eskalasiya təhlükəsi var və bunun üçün regiona beynəlxalq faktaraşdırıcı missiyanın gəlməsi vacibdir.

Bəli, Ermənistanın qarnının ağrısı, daha doğrusu sancılarının son günlər bir xeyli artması deyəsən artıq bütün təfsilatı ilə ortadadır. Buradan bir daha son həftələr Azərbaycanla sərhəddə və Qarabağda Ordumuzun bölmələrinə qarşı silahlı insidentlərin hansı səbəblə törədildiyi aydın olur. Ermənistan tərəfi bilərəkdən eskalasiya riskini artırmağa çalışır ki, beynəlxalq mərkəzlərdə, təşkilatlarda və dünya ictimaiyyətində "Azərbaycan növbəti hücum etmək üçün bəhanə axtarışındadır" fikrini formalaşdırıb, ard-arda baş verən insidentlərlə bu fikirləri daha da gücləndirib, həm Azərbaycanla sərhədə daha geniş heyyətdən ibarət missiya yollamalarına nail olsun, eyni zamanda Ermənistan sərhədlərinin mühafizəsi adı altında missiya üzvlərinin silahla tam təchiz olunmasına zəmin hazırlasınlar, həm də bu cür dezinformasiya siyasətini davam etdirməklə Bakıya qarşı beynəlxalq təzyiqlərin artmasına fürsət yaratsınlar. 

Atabəy Türkel


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin