<

Yavaşın sözləri qalmaqal yaratdı - Kılıçdaroğlu hərəkətə keçdi

13:21 - 20 Mart 2023

Yavaşın sözləri qalmaqal yaratdı - Kılıçdaroğlu hərəkətə keçdi

Türkiyədə əsas müxalifət partiyalarının birləşdiyi “Millət ittifaqı”nda (Altılı masa) yeni qalmaqal yaranıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş televiziya proqramlarının birində müxalifətin namizədi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun prezident seçilməsi təqdirdə yalnız özünün və İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun prezident köməkçisi təyin edilməsini təklif edib, bununla da vəziyyət yenidən gərginləşib.

“Prezident köməkçiləri olaraq mənimlə Əkrəm bəyi elan edin. Cənab sədrlər millət vəkili olsunlar və partiyalarına başçılıq etsinlər. Öz partiyalarına rəhbərlik etməklərini məntiqli hesab edirəm. Mən hələ də bu düşüncədəyəm”, - M. Yavaş bildirib.

Yavaşın bu təklifi məhz Akşenerin təsiri ilə etdiyi iddia olunur. Belə ki, Akşener müxalifət seçkilərdə qalib gəlmədiyi halda Türkiyə Böyük Millət Məclisində öz qrupuna rəhbərlik etmək istəyir.

Digər partiyaların bu ideyaya qarşı çıxmasından və ittifaqdaxili gərginliyin artmasından narahat olan “Altılı masa”nın prezidentliyə namizədi K.Kılıçdaroğlu bələdiyyə sədrləri ilə görüşüb. Ötən gün keçirilən görüş yerli vaxtla 00:00-dək davam edib. Görüşdə Kılıçdaroğlunun bələdiyyə rəhbərləri ilə seçkiyə hazırlıq prosesi və vəzifə bölgüsü barədə fikir mübadiləsi apardığı bildirilib. Həmçinin qeyd olunub ki, Kılıçdaroğlu Yavaşın açıqlamasına sərt reaksiya göstərərək onun təklifini rədd edib: “Bu, mənim seçkilərdə qalib gələ bilməyəcəyimə eyham vuran ritorikadır. Seçicilərdə də ümidsizlik, güvənsizlik yaradır”.

Xatırladaq ki, müxalifətin vahid namizədinin CHP lideri olması açıqlandığı gün “Altılı masa”nın üzvü olan digər 5 partiyanın rəhbərinin qələbə qazanılması təqdirdə prezident köməkçisi olacağı bildirilmişdi. Meral Akşener isə CHP-dən bələdiyyə başqanı olan M.Yavaş və Ə.İmamoğlunun adlarının prezident köməkçisi qismində hallandırılmasını təklif etmişdi.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin